Deputat: Təbiəti qorumaq və ekoloji mədəniyyətin formalaşması üçün təhsil əsas amillərdən biridir

2 Noyabr, 2025 - 16:13
Deputat: Təbiəti qorumaq və ekoloji mədəniyyətin formalaşması üçün təhsil əsas amillərdən biridir

““Yaşıl enerji”, “yaşıl ekologiya” və “yaşıl iqtisadiyyat” məsələləri, yaşıl zonaların formalaşdırılması istiqamətində atılan addımlar hər birimizi təmiz ətraf mühit və sağlam təbiət uğrunda düşünməyə və fəaliyyət göstərməyə sövq edir. Bu istiqamətdə hər şey məktəbdən başlayır. Təbii ki, təbiəti qorumaq və ekoloji mədəniyyətin formalaşması üçün təhsil əsas aparıcı amillərdən biridir. Əgər biz düşünməyə başlayırıqsa, deməli, bu istiqamətdə daha geniş imkanlar da açılacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva EcoMind 2025: Təhsil və Ətraf Mühitin Birgə Yenidən Düşünülməsi konfransında söyləyib.

O bildirib ki, konfrans nəticəsində ekoloji düşüncənin normallaşması üçün yaxşı bir mühit yaranıb: “Bu konfrans yalnız təhsil və ekoloji düşüncənin formalaşması üçün platforma olmayacaq. Həm də yeni ideyaların, yeni transformasiya düşüncələrinin yaranması üçün mühüm bir platforma olacaq.

Mən bunu da qeyd etmək istəyirəm ki, Azərbaycanın təhlükəsizliyi və davamlı inkişaf siyasətində ekoloji siyasət ən mühüm məsələlərdən biridir. Biz bilirik ki, Azərbaycan 2024-cü ildə COP29 tədbirinə ev sahibliyi edib və bu, təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün ekoloji istiqamətdə yeni və tarixi nailiyyətlərə imza atmaq demək idi. Əminik ki, gənclər də bu istiqamətdə dayanmadan irəliləyəcəklər. 

Biz bu istiqamətdə sizinlə birlikdə addımlamağa hər zaman hazırıq və düşünürük ki, birlikdə əziz Azərbaycan təbiətini qorumalıyıq ki, təbiət də bizi qorusun”, – deyə millət vəkili bildirib.