Dərsdinləmədə ən çox hansı səhvlər müşahidə olunur? 

29 Sentyabr, 2026 - 12:48
Dərsdinləmədə ən çox hansı səhvlər müşahidə olunur? 

Dərsin keyfiyyətinin qiymətləndirilməsi və müəllimin tədris fəaliyyətinin təkmilləşdirilməsi baxımından dərsdinləmələr mühüm vasitələrdən biridir.

Bəs dərsdinləmə zamanı müəllimin fəaliyyətində nələrə xüsusi diqqət yetirilir və müşahidələr müəllimlərin daha çox hansı məqamlarda çətinlik çəkdiyini göstərir? Effektiv dərsi hansı göstəricilər müəyyən edir?

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, dərsdinləmə zamanı əsas diqqət müəllimin yalnız fəaliyyətinə deyil, müəllim–şagird qarşılıqlı əlaqəsinə və təlim nəticəsinin əldə olunmasına yönəldilməlidir: “Müşahidəçi dərsin məqsədinin aydınlığı, təlim fəaliyyətlərinin həmin məqsədə uyğunluğu, şagirdlərin dərsə cəlb olunması, sual-cavab və müzakirələrin təşkili, diferensial yanaşma, qiymətləndirmə və müəllimin verdiyi rəyləri nəzərə almalıdır.

Effektiv dərsin əsas göstəricilərindən biri şagirdlərin prosesdə aktiv iştirakı və öyrənməyə məsuliyyət daşımasıdır. Eyni zamanda dərsin məqsədi ilə fəaliyyətlər və qiymətləndirmə arasında uyğunluğun olması, vaxtın səmərəli idarə edilməsi, təhlükəsiz və əməkdaşlığa əsaslanan sinif mühitinin yaradılması da mühüm göstəricilərdir.

Bu baxımdan dərsdinləmənin məqsədi müəllimin fəaliyyətini “yaxşı” və ya “pis” kimi qiymətləndirməkdən daha çox, tədris prosesinin güclü tərəflərini və inkişaf etdirilməsi mümkün məqamlarını müəyyənləşdirmək olmalıdır”.

ARTİ dərsdinləmə zamanı müəllim üçün əsas müsbət və mənfi hesab olunan tərəflərin nələr olduğuna da aydınlıq gətirib: “Müsbət məqamlar sırasında dərsin məqsədinin şagirdlər üçün aydın olması, müəllimin şagirdlərin səviyyə və ehtiyaclarını nəzərə alması, müxtəlif təlim strategiyalarından məqsədyönlü istifadə etməsi, şagirdləri sual verməyə, fikir bildirməyə və müzakirəyə cəlb etməsi qeyd edilə bilər. Həmçinin formativ qiymətləndirmənin dərsin gedişində tətbiqi, şagirdə konkret və inkişafyönümlü rəylərin verilməsi, vaxtın düzgün idarə olunması və müsbət emosional mühitin yaradılması effektiv müəllim fəaliyyətinin göstəriciləridir.
İnkişaf etdirilməli məqamlara isə dərsin, əsasən, müəllim izahına əsaslanması, şagirdlərin passiv qalması, bütün şagirdlərə eyni yanaşmanın tətbiqi, sualların daha çox yaddaşa əsaslanan xarakter daşıması, qiymətləndirmənin təlim məqsədi ilə əlaqələndirilməməsi və rəyin ümumi xarakter daşıması aid edilə bilər.

Burada “mənfi” ifadəsindən ehtiyatla istifadə etmək məqsədəuyğundur. Çünki dərsdinləmənin əsas məqsədi çatışmazlıq axtarmaq deyil, müəllimin peşəkar inkişafına istiqamət verməkdir. Buna görə də müşahidə nəticələrinin “güclü tərəflər” və “inkişaf üçün imkanlar” formasında təqdim edilməsi daha konstruktiv yanaşmadır”.

ARTİ son illərdə aparılan dərsdinləmələr zamanı daha çox hansı çatışmazlıqların müşahidə olunduğuna da açıqlayaraq bildirib ki, dərsin məqsədi ilə fəaliyyətlər arasında tam uyğunluğun qurulmaması, şagirdlərin fəaliyyətinin deyil, daha çox müəllim fəaliyyətinin üstünlük təşkil etməsi kimi hallar müşahidə olunur: “Son illərdə aparılan dərsdinləmələrdə müəllimlərin dərsin planlaşdırılması, müxtəlif təlim üsullarından istifadə, şagirdlərlə ünsiyyət və təlim mühitinin yaradılması istiqamətində müsbət təcrübələrinin olduğu müşahidə olunur. Xüsusilə şagirdlərin dərs prosesinə cəlb edilməsi, qrup və cütlərlə işin təşkili, rəqəmsal resurslardan istifadə və formativ qiymətləndirmə elementlərinin tətbiqi daha çox diqqət çəkən müsbət məqamlardandır.

Bununla yanaşı, təkrarlanan inkişaf ehtiyacları da müşahidə olunur. Bunlara dərsin məqsədi ilə fəaliyyətlər arasında tam uyğunluğun qurulmaması, şagirdlərin fəaliyyətinin deyil, daha çox müəllim fəaliyyətinin üstünlük təşkil etməsi, diferensial yanaşmanın məhdud tətbiqi, yüksək səviyyəli düşünmə tələb edən sualların azlığı və formativ qiymətləndirmənin sistemli şəkildə tətbiq edilməməsi aid edilə bilər.

Digər mühüm məqam isə dərsdən sonra verilən rəylərlə bağlıdır. Bəzən rəy konkret müşahidə və sübutlardan daha çox ümumi ifadələr üzərində qurulur. Halbuki effektiv metodik dəstək zamanı müəllimə “nə baş verdi?”, “bunun şagirdin öyrənməsinə təsiri nə oldu?” və “növbəti dərsdə bunu necə təkmilləşdirmək olar?” sualları üzərindən düşünmək imkanı yaratmaq daha faydalıdır.
 
Bu baxımdan dərsdinləməni yalnız nəzarət və qiymətləndirmə vasitəsi deyil, müəllimin refleksiyasını, həmkarlararası öyrənməni və davamlı peşəkar inkişafı dəstəkləyən metodik mexanizm kimi nəzərdən keçirmək daha məqsədəuyğundur”, – deyə açıqlamada qeyd olunub.