Dərsliklərdə tarixi hadisələrin sadə dildə yazılmasını istərdim - Tarix müəllimi

26 Yanvar, 2026 - 15:24
Dərsliklərdə tarixi hadisələrin sadə dildə yazılmasını istərdim

Vaxtaşırı ucqar bölgələrdə çalışan müəllimlərimizi oxucularla tanış edirik. Azərbaycanın ən uzaq rayon və kəndlərində peşə vəzifələrini yerinə yetirən müəllimlər çətin şəraitə baxmadan bu işi layiqincə görməyə çalışırlar.

“Azərbaycan müəllimi” tariximizi gənc nəslə sevdirməyi qarşısına məqsəd qoyan qusarlı müəllim İradə Ağammədova ilə müsahibəni təqdim edir. Tarixi yalnız hadisələrin ardıcıllığı kimi deyil, insan talelərinin, mədəniyyətlərin və ideyaların aynası kimi təqdim etməyə çalışan müəllim şagirdlərinin sevgisini qazanmağı və onları həyata hazırlamağı qarşısında hədəf qoyub.

– Neçə ildir pedaqoq kimi fəaliyyət göstərirsiniz?

– Mən Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta və Qusar rayon Urva kənd tam orta məktəblərində həm Azərbaycan, həm rus bölmələrində tarix fənnini tədris edirəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix müəllimliyi” ixtisasını bitirdiyim 2006-cı ildən bəri artıq 20 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm.

– Bu illər ərzində hansı uğurlara nail olmusunuz?

– Ən əsas uğurum şagirdlərimin hörmətini, sevgisini qazanmağımdır. Bu mənim üçün ən böyük nailiyyətdir. Müxtəlif zamanlarda hazırladığım şagirdlər həm rayonumuzda, həm region üzrə keçirilən intellektual yarışlarda dəfələrlə birinci, ikinci, üçüncü yerlərə layiq görülüblər. Çalışdığım şagirdlərdən ibarət komanda ilə müxtəlif bilik yarışlarında iştirak edirik, dəfələrlə uğurlu yerlər tutmuşuq. Keçən il şagirdim Nuray Rəhimova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika turunda iştirak edərək 3-cü yerə layiq görülüb. Bu mənim üçün qürurverici hissdir. 

Eyni zamanda 2025-ci ildə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmana layiq görülmüşəm, Quba-Xaçmaz Regional Təhsil İdarəsində keçirilən müxtəlif müsabiqələrin münsiflər heyətinin üzvüyəm. Bunların arasında “Ən yaxşı təqdimat”, “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatı” adlı bədii qiraət müsabiqələri var. 

2025-ci il oktyabrın 20-də Ümumdünya Statistika Günü ilə bağlı respublikada keçirilən statistik olimpiadada hazırladığım şagird final mərhələsinə qədər yüksələrək təltif edilib. Fəaliyyətim ərzində diaqnostik qiymətləndirmədə iştirak etmişəm və 49 bal toplamışam. Bu il isə sertifikasiya imtahanında iştirak edəcəyəm və ümid edirəm ki, uğurlu nəticə göstərəcəyəm. Hədəfim yüksək bal toplamaqdır. 

– Nədən məhz tarix müəllimi oldunuz? Sizi bu fənnə bağlayan səbəb nədir?

– Uşaqlıqdan oxuduğum hər bir hadisə məndə hər zaman suallar yaradırdı ki, niyə belə olur. Hadisələr insanların taleyini necə dəyişir? Məhz bu suallar və maraq zamanla tarix fənninə sevgiyə çevrildi. İşlədikcə isə anladım ki, tarix müəllimi olmaq yalnız dərs demək deyil, şagirdlərə düşünməyi, nəticə çıxarmağı, keçmişdən ibrət götürməyi öyrətməkdir. Tarix dərslərində şagirdlərimə faktları əzbərləmək yox, hadisələri anlamağı və dəyərləndirməyi əsas məqsəd kimi seçirəm. Bu peşəni seçməyimin əsas səbəbi gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq, onların vətənpərvər, məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verməkdir. Mən inanıram ki, tarixini bilən xalq gələcəyini daha düzgün qurar. 

– Şagirdlərin tarix fənninə marağı, bu fənni qavraması necədir? Fənninizi onlara necə sevdirirsiniz?

– Tarix fənni düzgün metodlarla tədris edildikdə şagirdlər üçün düşündürücü, maraqlı və sevilən fənnə çevrilir. Çalışıram hər zaman hadisələri müasir dövrlə müqayisə edim. Belə daha yaxşı yadda qalır. Müəllimin yanaşması şagirdin tarixə münasibətində həlledici rol oynayır. Tarixi sevdirən ən əsas amil müəllimin tədris etdiyi fənnə sevgisi və yanaşmasıdır. Məqsədim şagirdlərə tariximizi sadə, maraqlı və düşündürücü şəkildə çatdırmaq, keçmişi düzgün anlamağı öyrətməkdir. Həmçinin şagirdlərimə dəyər verdiyimi hiss etdirmək mənim üçün çox önəmlidir. 

– Rayon, kənd məktəblərində tədrisin səviyyəsi necədir? Müəllimlər özlərini necə inkişaf etdirirlər?

– Çalışdığım hər iki məktəbdə tədrisin səviyyəsini qənaətbəxş hesab edirəm. Hər iki məktəbdə təcrübəli, fədakar müəllimlər çalışır. Ən əsası, dövlətimizin məktəblərə göstərdiyi qayğı və dəstək təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Burada işləyən müəllimlər özlərini müxtəlif metodlarla inkişaf etdirirlər. Məsələn, rəqəmsal resurslardan yararlanaraq, fənn üzrə yenilikləri və dəyişiklikləri izləyərək, metodbirləşmələrdə fəal iştirak edərək. Yeri gəlmişkən, hər iki məktəbdə mən tarix metodbirləşmə rəhbəriyəm. Mütəmadi olaraq təlimlərə, kurslara qatılıram. Çünki bu təlimlər mənə fənnim üzrə yenilikləri izləməyə, müasir tədris metodlarını öyrənib dərslərdə tətbiq etməyə, peşəkar bacarıqlarımı davamlı inkişaf etdirməyə imkan yaradır. Hesab edirəm ki, müəllim daim öyrənməli və öz üzərində işləməlidir. 

– İşlədiyiniz məktəblərin şəraiti, maddi-texniki bazası necədir?

– İşlədiyim məktəblərdə şərait və avadanlıq, istilik sistemi ümumilikdə qənaətbəxşdir. Sinif otaqları tədris üçün uyğun vəziyyətdədir. Məktəblər əsas tədris ləvazimatları, zəruri avadanlıqlarla təmin olunub. Son illər dövlətin təhsilə göstərdiyi qayğı nəticəsində maddi-texniki baza tədricən gücləndirilir. 

– Qış aylarında dərsə gedərkən ekstremal vəziyyətlə üzləşirsiniz?

– Urva kənd tam orta məktəbinə gedəndə yol problemi ilə üzləşirəm. Güclü qar yağanda kənd məktəbinin yolu buz bağlayır. Nəqliyyatın hərəkətində çətinliklər yaradır. Buna baxmayaraq, məsuliyyətimi dərk edirəm və dərslərə vaxtında çatıram. Həmin məktəb mənim üçün çox doğmadır, çünki orada məktəb kollektivi arasında çox isti münasibət, hörmət var. Dağlıq kənddə yerləşməsinə baxmayaraq, Urva kənd tam orta məktəbində işləmək mənim üçün çox xoşdur. 

– Bir müəllim olaraq sizi özünüzdən çıxaran hallarla üzləşmisiniz?

–Mən şagirdlərin diqqətsizliyi, nizam-intizam pozuntuları, şagird sıxlığı səbəbindən yaranan gərginlik, eləcə də texniki və təşkilati çətinliklərlə üzləşmişəm. Bunu normal hesab edirəm. Belə anlarda əsas məqsədim problemi emosiyalarla deyil, pedaqoji yanaşma və dialoq yolu ilə həll etmək, həm şagirdlərin, həm tədris prosesinin zərər görməsinə imkan verməmək olub.

– Valideynlərlə əməkdaşlığınız nə yerdədir? Valideyn müdaxiləsi ilə üzləşirsiniz? Belə situasiyaları necə aradan qaldırırsınız?

– Valideynlərlə əməkdaşlıq məktəbdə əsas prioritetlərdən biridir. Çünki uşağın təhsilində uğur məktəb-şagird-valideyn üçbucağına bağlıdır. Düşünürəm, valideynlərlə əməkdaşlıq qarşılıqlı hörmət və aydın ünsiyyət üzərində qurulmalıdır. Müdaxilə baş verirsə, səbəbi anlamaq və həll yollarını təklif etmək ən yaxşı üsuldur.

– Dərsliklərlə bağlı hansı təklifləriniz var?

– İstərdim ki, dərsliklərdə tarixi hadisələr sadə və aydın dildə təqdim olunsun. Uzun və qarışıq cümlələr olmasın. Şagirdləri narahat edən məsələ budur. Bir də istərdim ki, dərslikdə suallar, testlər, tapşırıqlar, müzakirə mövzuları bölmələri olsun və şagirdlər burada aktiv iştirak etsinlər. Ən önəmlisi, bununla mövzunu yaxşı yadda saxlasınlar. 

– Pedaqoji sahədə hansı arzularınızı gerçəkləşdirmək niyyətindəsiniz?

– Ən başlıca arzum özümü peşəkar müəllim kimi inkişaf etdirmək, şagirdlərin tarix dərslərinə marağını artırmaq, tarixi şüur, vətənpərvərlik hissi yaratmaq və uğurlu bir müəllim olaraq hər zaman şagirdlərin hörmətini və sevgisini qazanmaqdır.