Xüsusi məktəblərin peşə təhsili alan məzunlarına sertifikat da veriləcək – Vəfa Yaqublu
“Peşə təmayüllü siniflərin əhatə dairəsi genişlənir. 2025/2026-cı tədris ilindən 1 xüsusi təhsil müəssisəsində bir peşə təmayül sinfi fəaliyyətə başlayıb. Növbəti tədris ilindən digər xüsusi təhsil müəssisələrində də peşə təmayüllü siniflərin yaradılması məsələsi müzakirə edilir”.
Bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu deyib.
O bildrib ki, peşə təmayüllü siniflər X-XI siniflərdə açılır. Təhsil İnstitutu həm peşə kurikulumunun hazırlanmasında, həm müəllim-ustaların təlimatlandırılmasında, həm də prosesin monitorinqində iştirak edir: “Tipik məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərdə şagirdlər 2 ildə 2 peşənin əsaslarını öyrənirlər. Əmək bazarında kifayət qədər aktual olan peşələr tədris edilir. Yeri gəlmişkən, futurologiya ilə məşğul olan sosioloqların tədqiqatları göstərir ki, yaxın gələcəkdə əmək bazarında daha çox xidmət sahələrində çalışanlara ehtiyac olacaq. Peşə təmayüllü siniflərin təşkili bu tələbatı ödəmək üçün bir vasitədir. “Aşpaz köməkçisi”, “Dərzi köməkçisi”, “Məişət avadanlıqlarının təmiri ustasının köməkçisi”, “Foto-video operator” kimi peşələr bu qəbildəndir”.
Bəs xüsusi məktəblərdə peşə ixtisasları müəyyənləşdirilərkən də əmək bazarının tələbləri nəzərə alınacaq?
“11 nömrəli xüsusi təhsil məktəbində şagirdlərə onların xüsusiyyətlərindən irəli gələrək yalnız bir peşə - dərzilik öyrədilir: “Xüsusi təhsil müəssisələrində təhsil 9 illikdir. X sinifdə onlara peşə təhsili də verilir. Tipik müəssisələrdən fərqli olaraq xüsusi müəssisələrdə yalnız bir peşə öyrənirlər”.
Vəfa Yaqublu əlavə edib ki, xüsusi siniflərdə təşkil edilən qruplar daha az şagirddən təşkil edilir: “Ümumi təhsil müəssisələrində peşə təmayüllü sinif 15-20 şagirddən təşkil edilir. Xüsusi təhsil sinfində maksimum 10 şagird ola bilər”.
İndiyədək aparılan müzakirələrdə atipik şagirdlər hansı peşələri öyrətmək daha təhlükəsiz və faydalı olar. Qərar ““Dərzi köməkçisi və tikiş avadanlıqları operatoru” peşəsi ilə bağlı olub: “Mütəxəssislərlə müzakirədən çıxan qənaət belədir ki, xüsusi məktəblərdə də peşə təmayüllü siniflərin sayını artıraq. İlkin olaraq 8 məktəbi “Peşə təmayüllü siniflər” layihəsinə qoşmaq istyirik. Onların hər birinə uyğun peşə seçimi müzakirə edəcəyik. Hansı məktəbdə hansı peşə ixtisasının faydalı olacağına mmüzakirələrdən sonra qərar verəcəyik”.
Vəfa Yaqublu bildirib ki, xüsusi məktəblər peşə təmayüllü sinfin məzunlarına ilk peşə ixtisası aldıqlarına dair sertifikat da təqdim ediləcək. Xüsusi təhsil müəssisələrində peşə təmayüllü siniflərin məzunlarına hansı növ təhsil sənədi veriləcəyi hüquqi müstəvidə müzakirə olunacaq: “Peşə Təhsili üzrə Dövlət Agentliyi 20 müəssisədə ilk peşə təhsili üzrə sənəd verir. Biz 2 məsələyə baxmalıyıq. Bir tərəfdən peşə təhsili münasibətləridirsə, digər tərəfdən xüsusi təhsil münasibətləridir. İki müxtəlif qanunvericilik sənədinin tələbləri uyğunlaşdırılıb müvafiq qərar qəbul edilməlidir. Bunu hüquqşünaslar müzakirə edib müvafiq qərar verməlidirlər”.



