Fariz İsmayılzadə: Ali məktəblərə daha çox muxtariyyət verilməlidir

22 Yanvar, 2026 - 09:46
Fariz İsmayılzadə: Ali məktəblərə daha çox muxtariyyət verilməlidir

“Universitetlərdə ixtisaslar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə deyib.

Komitə sədrinin müavini əlavə edib ki, bazar sürətlə dəyişir, texnologiyalar, qlobal trendlər yenilənir, buna görə də universitetlərin bu dəyişikliklərə çevik reaksiya verməsi vacibdir.

Deputat hesab edir ki, ali məktəblərə daha çox muxtariyyət verilməli, onların yeni ixtisasları daha rahat və çevik şəkildə açmasına şərait yaradılmalıdır. Bu məsələnin təhsil və elm mütəxəssisləri ilə birlikdə müzakirə olunması zəruridir.

Fariz İsmayılzadə çıxışında universitet məzunlarının işlə təmin olunması məsələsinə də toxunub. O qeyd edib ki, Dövlət Məşğulluq Agentliyinin açıqladığı rəqəmlər bəzən cəmiyyətdə düzgün başa düşülmür və bu da ali məktəblərin əsassız tənqidinə səbəb olur.

Onun sözlərinə görə, statistik göstəricilərə baxarkən xaricdə olan, hərbi xidmətdə olan, qısamüddətli müqavilələrlə çalışan məzunlar da nəzərə alınmalı və məsələ daha obyektiv yanaşma ilə qiymətləndirilməlidir.