"Deyirdilər ki, 64 yaşın var, niyə özünü həyəcanlandırırsan..." - Yaşlı müəllimlər sertifikasiyadan danışırlar

8 May, 2026 - 13:09
"Deyirdilər ki, 64 yaşın var, niyə özünü həyəcanlandırırsan..."

Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanlarında 60 yaşdan yuxarı bir qrup müəllimin könüllü şəkildə iştirak edərək yüksək nəticələr göstərməsi xüsusi maraq doğurub. Bu təhsilverənlər uzunillik təcrübələrini müasir qiymətləndirmə mühitində də uğurla nümayiş etdirərək bir daha sübut ediblər ki, müəllimlik peşəsi daim öyrənməyi, yenilənməyi və öz üzərində çalışmağı tələb edir.

Onların bu addımı yalnız fərdi uğur deyil, həm də ümumi təhsil mühiti üçün motivasiyaedici nümunədir.

 "Azərbaycan müəllimi" bu nümunəvi müəllimlərin bəziləri ilə həmsöhbət olub.

Şahbuz rayon Daylaqlı kənd orta məktəbinin ingilis dili müəllimi Kifayət Behbudova sertifikasiyada könüllü iştirak etdiyini və bu qərarı özünə inamla verdiyini bildirir. 64 yaşlı müəllim 55 bal toplayıb. Deyir ki, illərlə topladığı təcrübə və davamlı hazırlıq bu nəticəyə zəmin yaradıb: “Düzü, bəzən deyirdilər ki, artıq 64 yaşın var, niyə özünü həyəcanlandırırsan. Amma bu qərarı özüm verdim. Mən 42 ildir müəllim işləyirəm və özümə inanırdım. Əmin idim ki, yaxşı nəticə göstərə bilərəm. Əvvəlki sertifikasiyada da 55 bal toplamışdım və bu, mənə əlavə arxayınlıq verirdi".

O, müəllimin daim öz üzərində işləməsinin vacibliyini xüsusi vurğulayır: "Mən hər il dərslikləri yenidən alıram, yay tətilində oturub bütün mövzuları, tapşırıqları əvvəldən işləyirəm. Çünki müəllim özü mövzunu tam aydın bilməlidir ki, şagirdə də aydın izah edə bilsin. Bu, həm məsuliyyət, həm də peşəyə hörmətdir".

Kifayət müəllim imtahanın məzmununu da müsbət qiymətləndirərək qeyd edir ki, suallar proqram çərçivəsində idi və xüsusilə praktik bacarıqlara üstünlük verilməsi müasir dövrün tələblərinə uyğundur.

58 bal toplayan Şərur rayon Gümüşlü kənd orta məktəbinin ingilis dili müəllimi İsrafil Babayev uzun illər pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətlə də məşğul olub, kitab və məqalələrin müəllifidir. 64 yaşlı müəllim sertifikasiyada iştirakını həm şəxsi məsuliyyət, həm də peşəyə bağlılıq kimi qiymətləndirir: "Daim bu sahədə çalışan bir müəllimin belə bir prosesdən kənarda qalması mənə doğru gəlmədi. Özüm könüllü şəkildə iştirak etmək istədim. Həm də istədim göstərim ki, yaşlı müəllimlər də bu imtahanda uğur qazana bilərlər".

Onun fikrincə, müəllim daim yenilikləri izləməli və öz üzərində işləməlidir: "Bu peşə elədir ki, yenilikləri öyrənməsən, geri qalacaqsan. Mən həmişə dəyişən dərslikləri əvvəlcə özüm dərindən öyrənmişəm, sonra şagirdlərə öyrətmişəm. Əgər bunu etməsəydim, bu gün bu nəticəni əldə edə bilməzdim. Uğurun əsas açarı zəhmətdir".

İsrafil müəllim imtahanın təşkilini də yüksək qiymətləndirərək onun şəffaf və qaydalara uyğun keçirildiyini qeyd edir.

63 yaşlı Şərur rayon Axaməd kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Aşurova 44 illik müəllimlik təcrübəsinə malikdir. Sertifikasiyada 57 bal toplayan müəllim iştirakını şəxsi inkişaf və peşəsinə bağlılıq kimi dəyərləndirir: "Mən bu prosesi sadəcə bal toplamaq üçün deyil, müəllim ömrümün bir mərhələsi kimi gördüm. Uzun illər bu peşədə çalışmışam və əməyim dəfələrlə qiymətləndirilib. Ona görə də bu prosesdə iştirak etməyi özümə borc bildim".

Onun sözlərinə görə, imtahan sualları müəllim üçün əlçatan idi: "Fənnini bilən müəllim üçün suallar çətin deyil. Bəzən kiməsə çətin görünə bilər, amma bu, bilik səviyyəsindən asılıdır. Mən şəxsən heç bir çətinlik görmədim və imtahanın şəffaf keçirildiyini düşünürəm".

Məlahət Tağıyevanın da 63 yaşı var. Babək rayon Şıxmahmud kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi sertifikasiyada könüllü iştirak edərək 58 balla yüksək nəticə göstərib. O, bu qərarı özünü sınamaq və biliklərini yoxlamaq istəyi ilə izah edir: "Mən özümə güvəndiyim üçün iştirak etdim. Bu, həm də özümü sınamaq üçün bir fürsət idi. Fənnini bilən müəllim üçün bu imtahan çətin deyil".

Gənc müəllimlərə isə belə tövsiyə edir: "Qorxmaq lazım deyil. Özlərinə güvənsinlər və daim oxusunlar. Həyatın özü də bir imtahandır. Əsas olan savadlı olmaq və öz üzərində işləməkdir".

Bu müəllimlərin timsalında bir daha aydın olur ki, təhsildə inkişafın yaşı yoxdur. Onların könüllü şəkildə imtahanda iştirak etməsi və yüksək nəticə göstərməsi həmkarları üçün güclü motivasiya mənbəyidir. Bu cür nümunələr təhsil sistemində keyfiyyətin yüksəldilməsinə, müəllim nüfuzunun möhkəmlənməsinə və gənc nəsildə peşəyə daha məsuliyyətli yanaşmanın formalaşmasına mühüm töhfə verir.