Dilbər İskəndərova: “Qayıdış hüququ sülhün şərtidir, nəticəsi deyil”

18 Aprel, 2026 - 15:38
Dilbər İskəndərova: “Qayıdış hüququ sülhün şərtidir, nəticəsi deyil”

“Qayıdış hüququ yalnız hüquqi bir kateqoriya deyil. O, milyonlarla insanın həyat hüququdur, ailə bütövlüyüdür, torpaqla bağlılıqdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri İstanbul Universitetinin hüquq elmləri üzrə fəlsəfə doktoru Dilbər İskəndərova Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu” çərçivəsində təşkil olunan “Qayıdış hüququ və beynəlxalq hüquq: normativ və tətbiqi yanaşmalar” mövzusunda panel sessiyada çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, qayıdış hüququ müasir beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və əsrlər boyu formalaşmış normativ bazanın mərkəzində dayanır. Çıxışçı diqqətə çatdırıb ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2024-cü il məlumatlarına görə, dünyada 100 milyondan çox insan zorla köçürülmüş vəziyyətdədir və bu göstərici İkinci Dünya Müharibəsindən bəri ən yüksək rəqəmdir.

Onun sözlərinə görə, orta hesabla hər bir məcburi köçkün 26 il doğma yurdundan uzaqda yaşayır ki, bu da problemin artıq fərdi deyil, nəsilləri əhatə edən struktur xarakter daşıdığını göstərir.

Dilbər İskəndərova vurğulayıb ki, qayıdış hüququnun normativ əsasları 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları Ümumi Bəyannaməsindən başlayır. O bildirib ki, sənədin 13-cü maddəsi qayıdışı sadəcə imkan kimi deyil, fundamental hüquq kimi tanıyır. Daha sonra 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bu hüququ daha da möhkəmləndirdiyini qeyd edib.
O əlavə edib ki, 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiya və 1967-ci il Protokolu məcburi köçkünlərin hüquqlarını beynəlxalq səviyyədə qoruyan əsas sənədlərdir. Çıxışında həmçinin 1949-cu il Cenevrə Konvensiyalarının zorla köçürməni qadağan edən müddəalarına da toxunub.

Azərbaycan-Ermənistan münaqişəsi kontekstində məsələyə toxunan D.İskəndərova bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr işğal faktını təsdiqləyir, qoşunların geri çəkilməsini və məcburi köçkünlərin qayıdışını tələb edir.

O qeyd edib ki, bir milyondan çox azərbaycanlı məcburi köçkün beynəlxalq hüququn bütün müvafiq mexanizmləri ilə qorunur və onların qayıdış hüquqları pozulmazdır, siyasi razılaşmaların predmeti ola bilməz.

Çıxışçı həmçinin BMT-nin 2005-ci ildə qəbul etdiyi Pinheiro Prinsiplərinə diqqət çəkərək bildirib ki, qayıdış prosesi restitusiya, kompensasiya və yenidənqurma mərhələlərini əhatə edir və bu, dövlətlərin birbaşa öhdəliyidir.

Sonda o vurğulayıb ki, qayıdış hüququ artıq beynəlxalq adət hüququ normasına çevrilib və bəzi yanaşmalara görə, məcburi hüquq norması statusuna yaxınlaşır.

“Nəhayət, bir cümlə ilə ifadə etsəm: qayıdış hüququ sülhün şərtidir, nəticəsi deyil. Sülhə nail olmaq üçün bu hüquq tanınmalı və təmin edilməlidir”, – deyə o fikrini yekunlaşdırıb.