DİM-dən ixtisas seçimi ilə bağlı vacib açıqlama
Bu il 150 balla qəbul aparılan ixtisasların sayının artacağı gözlənilir.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
DİM-in aparat rəhbəri bildirib ki, keçid balları nisbətən aşağı olan bəzi ixtisaslar gələcək əmək bazarının tələbləri baxımından daha perspektivli hesab oluna bilər.
“Misal olaraq kənd təsərrüfatı istiqaməti üzrə ixtisasları göstərmək olar. Bu sahələrdə qəbul balları indiyədək nisbətən aşağı olub. Lakin müasir dövrdə peşəkar aqronomlara, eləcə də güclü texniki mütəxəssislərə ciddi ehtiyac var. Hazırda həmin istiqamətlər üzrə mütəxəssis çatışmazlığı müşahidə olunur. Buna görə də hesab edirəm ki, keçid balları aşağı olsa da, gələcəkdə bu ixtisaslar daha perspektivli olacaq”, – deyə V.Misirov vurğulayıb.
DİM rəsmisi əlavə edib ki, bu il 150 balla qəbul aparılan ixtisasların sayının artması mümkündür.




