DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA
Bu il qəbul imtahanlarında yüksək nəticə göstərən bir necə abituriyent ali məktəbə qəbul ola bilməyib. Belə ki, IV qrup üzrə imtahan verən 9 nəfər, III qrup üzrə imtahan verən isə 1 nəfər 600-dən yuxarı bal toplasa da, tələbə adını qazana bilməyib.
“Azərbaycan müəllimi”nin məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin “Xəbərimiz var” verilişində açıqlama verib.
Onun sözlərinə görə, bu abituriyentlərin hamısı yalnız konkret bir ixtisası seçiblər:
“Misal üçün, “Tibb” ixtisası istəyən şəxs ərizəsində yalnız həmin ixtisası qeyd edib, digər ixtisasları isə yazmayıb. Halbuki DİM ixtisas seçimindən əvvəl müsabiqə vəziyyətini təhlil edib açıqlamışdı. Abituriyentlər də rəqib sayına və plan yerlərinə baxaraq seçim etməli idilər”.
X.Xanlarzadə əlavə edib ki, bu hallarda heç bir güzəşt nəzərdə tutulmur:
“Onlar ya qalan boş plan yerlərində müsabiqədə iştirak edə bilərlər, ya da növbəti il yenidən imtahana girə bilərlər”.



