İmtahan zallarındakı qayda pozuntuları xüsusi proqramla araşdırılır
“İmtahanlardan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi proqram təminatı vasitəsilə imtahan zallarında baş verən köçürmə halları araşdırılır və qiymətləndirilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib.
O bildirib ki, qiymətləndirmə zamanı bir abituriyentin konkret fənn üzrə digər abituriyentdən köçürmə faizi, köçürülən fənlərin zal üzrə ümumi fənlərin sayına nisbəti, köçürən abituriyentlərin zal üzrə ümumi abituriyentlərin sayına nisbəti, həmçinin abituriyentlərin yaş qrupları nəzərə alınır.
Adıgözəl Həbibov vurğulayıb ki, köçürmə halları aşkar edildikdə onlar müxtəlif kateqoriyalar üzrə qiymətləndirilir. Belə ki, davamlı şəkildə zəif köçürmə halı qeydə alındıqda zal nəzarətçisi bazadan kənarlaşdırılır. İki və daha çox köçürmə halı müəyyən olunduqda bu, orta səviyyə kimi qiymətləndirilir və həmin halda da zal nəzarətçisi bazadan çıxarılır. İmtahan zalında ağır köçürmə halı aşkar edildikdə isə nəzarətçi birbaşa bazadan kənarlaşdırılır.
Şöbə müdiri əlavə edib ki, imtahan zamanı mobil telefondan istifadə olunması, sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, etik davranış qaydalarının pozulması kimi digər ciddi təlimat pozuntuları da sistemə daxil edilərək kodlaşdırılır və ayrıca qiymətləndirilir. Bu tədbirlər imtahanların şəffaf və obyektiv keçirilməsinin təmin olunmasına xidmət edir.



