DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

4 Sentyabr, 2026 - 11:36
DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

"Dövlət İmtahan Mərkəzinin imtahanlarında da PISA tipli tapşırıqlar tətbiq edilə bilər".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirməsi ilə bağlı məlumatlandırma görüşündə media nümayəndələrinin sualını cavablayarkən Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev qeyd edib.

Onun sözlərinə görə, qiymətləndirmə sistemi təhsil prosesinin istiqamətinə birbaşa təsir edir:

"Belə qəbul olunmuş yanaşma var ki, nəyi ölçürsənsə, sistem də ona yönəlir. Universitetlərə qəbul və buraxılış imtahanları nəyə fokuslanırsa, məktəblərin müəllimləri və şagirdləri də istər-istəməz diqqətlərini həmin istiqamətə artırmağa məcbur olurlar".

E.Əliyev vurğulayıb ki, bu, dünyanın müxtəlif ölkələrində də müşahidə olunur:

"Azərbaycanda artıq bir neçə ildir ki, bacarıq əsaslı qiymətləndirmələr həyata keçirilir. Elm və Təhsil Nazirliyinin tapşırığı ilə IV siniflərdə şagirdlərin oxu və riyazi bacarıqları üzrə monitorinqlər keçirilir".

Nazir müşaviri qeyd edib ki, həmin şagirdlərin bir hissəsi 2029-cu ildə 15 yaşa çatacaq və onların PISA nəticələrini əvvəlki illərdəki 15 yaşlı şagirdlərin nəticələri ilə müqayisə etmək mümkün olacaq.

Müşavir  Dövlət İmtahan Mərkəzinin də son dövrlərdə PISA tipli, bacarıq əsaslı tapşırıqlar istiqamətində fəaliyyətlərə başladığını vurğulayıb:

"Gələcəkdə bu yanaşmanın DİM imtahanlarında da əksini tapması gözlənilir".