Direktor seçimində müsahibə mərhələsi daha ciddi rol oynamalıdır - Nazir
“Biz pedaqogikada qorxu deyil, hörmət anlayışını əsas götürməliyik. Yəni sual belə qoyulmamalıdır ki, uşaq müəllimdən qorxmalıdır, yoxsa müəllim uşaqdan. Əslində, heç kim heç kimdən qorxmamalıdır. Tədris prosesi qorxu üzərində qurulduqda uzunmüddətli və arzuolunan nəticələr vermir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində müzakirə zamanı səsləndirib.
Nazir bildirib ki, əsas problem pedaqoji bacarıqlarla bağlıdır: “Bu, uzun müddətdir ki, təhsil sistemimizin də üzləşdiyi əsas məsələlərdən biridir. Çünki biz illər boyu daha çox formal yanaşmalarla məşğul olmuşuq. Məsələn, müəllimlərin işə qəbulu prosesində uzun müddət əsas diqqət bəzi formal meyarlara yönəlib. Cəmiyyətdə də bəzən belə bir inam formalaşıb ki, bu adam yaxşı savadlıdırsa, müəllim ola bilər. Halbuki bu, ədalətli yanaşma deyil.
Ədalətli sistem ondan ibarətdir ki, müəllim seçimi daha çox peşəkar və praktik bacarıqlara əsaslansın”.
Emin Əmrullayevin fikrinə görə, direktor seçimi prosesində müsahibə mərhələsi daha ciddi rol oynamalıdır: “Bu cür mexanizmlər gücləndirildikdən sonra biz artıq daha yuxarı səviyyəli problemləri müzakirə edə bilərik.
Hazırda isə bir çox sahələrdə, o cümlədən vəkillik və digər peşələrdə əsasən mərkəzləşmiş test imtahan sistemi mövcuddur. Yəni bir dəfə imtahan verilir və nəticəyə əsasən peşəyə giriş müəyyən edilir.
Mənim fikrimcə, bu yanaşma ideal deyil. İnsanların yalnız vahid imtahanla peşəyə seçilməsi hər zaman ədalətli nəticə vermir. İnsanlar fərqlidir və fərqli bacarıqlara malikdirlər”.
Nazir vurğulayıb ki, praktikada bir şəxs testdən yüksək nəticə göstərir, amma praktik bacarıq baxımından uyğun olmur. Əksinə, bəzən test nəticəsi yüksək olmayan, amma real bacarığı güclü olan insanlar da olur: “Məncə, daha doğru yanaşma çoxmərhələli qiymətləndirmə sistemidir. Məsələn, bir namizədlə bir neçə mütəxəssis söhbət aparmalı və onun real bacarıqları qiymətləndirilməlidir. Əgər bu qiymətləndirmənin nəticəsi müsbətdirsə, həmin şəxs peşəyə qəbul oluna bilər.
Əks halda, yalnız test balına əsaslanmaq düzgün deyil”, - deyə nazir bildirib.


