Dövlət sifarişi ilə oxuyan bütün tələbələrin təhsil xərcləri maliyyələşdirilib – Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi Qərbi Kasp Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq nazirlikdən 2025-ci il üzrə dövlət büdcəsindən universitet üçün ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən 3 milyon 596,6 min manat təhsil xərcləri, 1 milyon 480,0 min manat isə təqaüd xərcləri ayrıldığı bildirilib:
"Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.
Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 faiz artımla nəzərdə tutulmuşdur. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi nəzərdə tutulub".
Qeyd edək ki, Qərbi Kaspi Universitetində Dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunur. Qərbi Kaspi Universiteti isə 2025-ci ilin sonu ilə bağlı ayrılmış vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması ilə belə bir problem ortaya çıxdığını bildirir.



