Döyüş bölgəsində yaranan müəllimlik arzusu
Bəzən insanın həyatında elə anlar, elə hadisələr olur ki, onların təsiri illər keçsə də unudulmur. Həmin anlarda yaşanan duyğular, yaranan düşüncələr və verilən qərarlar insanın gələcək həyat yolunu dəyişir, ona yeni istiqamət verir. Kimisi uşaqlıqdan müəllim olmağı arzulayır, kimisi isə həyatın müxtəlif sınaqlarından keçdikdən, zəngin təcrübə qazandıqdan sonra özünü pedaqoji fəaliyyətə həsr etmək qərarına gəlir. Vətən müharibəsi iştirakçısı Faiq Zeynalovun müəllimliyə gedən yolu da məhz belə qeyri-adi və düşündürücü bir həyat hekayəsidir.
Onun müəllim olmaq arzusu məktəb illərində, uşaqlıq xəyallarının içində deyil, 44 günlük Vətən müharibəsinin ağır və məsuliyyətli günlərində, döyüş bölgəsində gecələdiyi bir sinif otağında yaranıb. Silahdaşları ilə birlikdə Vətənin müdafiəsi uğrunda mübarizə aparan, torpaqlarımızın azadlığı naminə çətin sınaqlardan keçən Faiq Zeynalov həmin sinif otağında, bəlkə də, həyatının ən mühüm qərarlarından birini verib. Müharibənin yaratdığı ağrı-acı, Vətən sevgisinin insana aşıladığı məsuliyyət və gələcək nəslin necə yetişməli olduğu barədə düşüncələr onun həyatında yeni bir səhifənin başlanğıcına çevrilib. O an, anlamağa başlayıb ki, Vətənə xidmət yalnız səngərdə, silahla deyil, həm də yetişən nəslin düzgün formalaşmasına töhfə verməklə mümkündür.
Ömrünün 27 ilini hərbi xidmətə həsr edən Faiq Zeynalov, bu gün Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi fəaliyyət göstərir. Onun Vətənə xidmət yolu uzun illərin zəhməti, məsuliyyəti, intizamı və peşəkar təcrübəsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində iştirak etməsi isə bu yolun ən yaddaqalan və taleyüklü mərhələlərindən biridir. İndi o, hərbi xidmət illərində qazandığı bilik və təcrübəni, döyüş bölgəsində şahidi olduğu hadisələri, Vətən sevgisini və dövlətə bağlılıq duyğusunu şagirdləri ilə bölüşür.
27 illik hərb yolu və 44 günlük Vətən müharibəsi
1977-ci ildə Neftçala rayonunda anadan olan Faiq Zeynalovun hərbçi olmaq arzusu onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib. 1999-cu ildə təhsilini başa vuraraq leytenant hərbi rütbəsi alıb və Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb.
Uzun illər ölkənin müxtəlif bölgələrində xidmət edən Faiq Zeynalov hərbi fəaliyyətinin mühüm mərhələsini 2020-ci ildə 44 günlük Vətən müharibəsində yaşayıb. Müharibə başlayanda Daşkəsən rayonunda xidmət edən zabit Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlara qoşulub, daha sonra Xocavənd rayonuna ezam olunaraq döyüş yolunu davam etdirib.
44 günlük Vətən müharibəsinin hər günü onun yaddaşında fərqli iz buraxıb. Xüsusilə, Şuşakənd istiqamətində baş verən hadisələrdən birini bu gün də unutmur: “Noyabrın 6-sı idi. Dağlıq və meşəlik ərazidən "KamAz" markalı hərbi avtomobillə hərəkət edərkən bizi aparan sürücü yolun təhlükəli olduğunu bildirdi. Bir neçə dəqiqə sonra avtomobilin yaxınlığına minaatan mərmisi düşdü və maşın mən əyləşdiyim tərəfə aşdı. Möcüzə nəticəsində ikimiz də sağ qaldıq. Bu hadisə yaddaşımdan heç vaxt silinmir. Müharibədə hər an gözlənilməz təhlükə ilə qarşılaşa bilərdin. Ən böyük təsəllimiz o idi ki, bütün çətinliklərə baxmayaraq, Vətənimizin azadlığı uğrunda mübarizə aparırdıq".
Bir sinif otağında verilən qərar
Faiq Zeynalovun həyat hekayəsini fərqləndirən ən maraqlı məqamlardan biri onun müəllimlik fəaliyyətinə yönəlməsinin məhz müharibə günlərinə təsadüf etməsidir.
Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsində yerləşən məktəblərdən birində gecələməli olan zabit səhər oyandıqda qaldığı sinfin hərbi hazırlıq kabineti olduğunu görüb. Sinif otağındakı tədris mühiti ona illərlə topladığı hərbi bilik və təcrübəni gələcək nəsillərlə bölüşmək istəyini formalaşdırıb. Həmin gün verilən bir qərar zaman keçdikcə onun həyat yolunu müəyyənləşdirən peşə seçiminə çevrilir. O anları xatırlayan hərbçi deyir: “Məktəbdə gecələdiyimiz günün səhəri otağa diqqətlə nəzər salanda gördüm ki, bura hərbi hazırlıq kabinetidir. Elə həmin an düşündüm ki, illər ərzində hərbi xidmətdə qazandığımız bilik və təcrübəni şagirdlərlə bölüşmək, onların hərbi hazırlığının artırılmasına və vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək lazımdır. Hərbi rəhbər olmaq istəyim də məhz o gün yarandı”.
Beləliklə, döyüş bölgəsində yerləşən bir məktəbin hərbi hazırlıq kabineti hərbçinin həyatında yeni bir yolun başlanğıcına çevrilir. Müharibənin ağır sınaqlarından keçən, həmin günlərin çətinliklərini yaşayan zabit illər sonra qəlbində yaranan bu arzunu gerçəkləşdirir və pedaqoji fəaliyyətə başlayaraq hərbi bilik və təcrübəsini gənc nəslə ötürməyi özünə yeni bir missiya seçir.
2024-cü ildə təhsil sahəsində fəaliyyətə başlayan Faiq Zeynalov ilk olaraq Kürdəmir rayonu Söyüdlər kənd tam orta ümumtəhsil məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi fəaliyyət göstərib. 2025-ci ilin sentyabrından isə fəaliyyətini Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirir.
Müəllimlik yalnız müəyyən bir yaşda seçilən peşə deyil…
Bu gün onun qarşısında əsgərlər deyil, məktəb partaları arxasında əyləşən şagirdlər dayanır. Hərbi rəhbər hesab edir ki, şagirdlərə vətənpərvərlik hissini aşılamaq yalnız hərbi biliklərin öyrədilməsi ilə məhdudlaşmamalıdır. Gənclər Vətənin tarixini bilməli, müstəqilliyin dəyərini anlamalı, dövlətə və cəmiyyətə qarşı məsuliyyətlərini dərk etməlidirlər: "Şagirdlərimizin Vətənə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsini istəyirəm. Hərbi xidmət illərində öyrəndiklərimi onlarla bölüşmək mənim üçün həm mənəvi borc, həm də böyük məsuliyyətdir. Əsas məqsədim gənclərin hərbi biliklərini artırmaq və onlarda Vətən sevgisini gücləndirməkdir", – deyə o vurğulayır.
Faiq Zeynalov kimi müəllimlərin həyat təcrübəsi gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Çünki Zəfər tarixini yalnız dərsliklərdən deyil, bu tarixin yazılmasında iştirak edən qəhrəmanlarımızın dilindən dinləmək şagirdlərdə hadisələrə daha düzgün münasibət formalaşdırır.
Həmsöhbətimizin fəaliyyəti şagirdlərin fiziki və mənəvi hazırlığının gücləndirilməsi, onlarda kollektivçilik, qarşılıqlı yardım, intizam və liderlik bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, tarixi yaddaşın qorunmasına da xidmət edir. Xüsusilə, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması məktəbdə aparılan maarifləndirmə işinin mühüm istiqamətlərindəndir.
Faiq müəllimin həyat yolu həm də onu göstərir ki, müəllimlik yalnız müəyyən bir yaşda və ya təhsil mərhələsində seçilən peşə deyil. Bəzən insan illərlə qazandığı bilik və həyat təcrübəsini başqaları ilə bölüşmək ehtiyacını duyduqda bu peşəyə gəlir.




