Dzirav döyüşü həqiqətən olubmu? – Tarixçilərin rəyləri 

5 Noyabr, 2025 - 16:35
Dzirav döyüşü həqiqətən olubmu?

“371-ci ildə olan Dzirav döyüşü bizim tariximizdə əsas düyün nöqtələrindən biridir. İlk olaraq qeyd edim ki, ermənilər uzun müddət saxta “dənizdən-dənizə Ermənistan” ideyasını çox vaxt bu hadisə ilə əsaslandırırdılar. Təəssüf ki, sovet dövründən qalma dərsliklərimizdə də bu yanaşma mövcud idi. Dərsliyi yazarkən tədqiqatçı kimi yenidən araşdırdım. Məsələ ondadır ki, mənbə kimi Musa Kalankatlının əsərinə baxdıqda Dzirav döyüşü adlı bir məfhum yoxdur, sadəcə 371-ci ildə Urnayrın döyüşdə yaralanması qeyd olunur”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri tarix dərsliklərinin müəlliflərindən olan Hafiz Cabbarov Təhsil TV-də yayımlanan “Xüsusi buraxılış”da deyib. 

O bildirib ki, Dzirav döyüşü adının özü belə mübahisəlidir: “Lakin dövrün digər mənbələrinə müraciət edəndə görürük ki, Roma tarixçisi və həmin döyüşlərin iştirakçısı olan, Amid döyüşündə bilavasitə iştirak etmiş şəxs – hansı ki, Amid qalasının (indiki Diyarbəkir qalası) müdafiəçisi olub - Romanın hərbçisi kimi çıxış edərək bu hadisələrdən bəhs edir. Biz də dərslikdə həmin mənbəyə istinad etmişik. Mənim üçün sevindirici haldır ki, Azərbaycan məktəbliləri artıq bunun heç bir halda erməni sahəsi olmadığını bilirlər. 

Görkəmli albanşünas Fəridə Məmmədova “Albaniyanın siyasi tarixi və coğrafiyası” əsərində qeyd edir ki, 1980-ci illərin birinci yarısında Moskvada Albaniya tarixi ilə bağlı konfrans keçirilib və burada erməni tarixçiləri etiraf ediblər ki, 387-ci il müqaviləsi adlı bir sənəd yoxdur. Bu, erməni tarixşünaslığının uydurmasıdır. Mən bunu da araşdırdım və doğrudan da erməni tarixşünaslığından başqa heç bir mənbədə belə bir məsələ yoxdur. Orada “Erməni çarlığı” deyilən anlayış da mövcud deyil. Sadəcə Sasanilər və Roma arasında ərazilərin bölüşdürülməsi qeyd olunur”.
 
Tarix dərsliklərinin digər müəlliflərindən olan Ramil Tanrıverdi əlavə olaraq qeyd edib ki, yeni dərslikdə bu məsələyə düzgün yanaşılıb: “Əvvəlki dərsliklərdə isə bu hadisə həqarət doğuracaq formatda təqdim olunurdu. Belə ki, əvvəlki mətnlərdə göstərilirdi ki, 371-ci ildə Albaniyanın 4 vilayəti Roma tərəfindən tutuldu, ardınca isə sülh müqaviləsinin adı çəkilmədən qeyd olunurdu ki, 387-ci ildə Sasanilər və Roma arasında müqavilə bağlandı, “Ermənistan çarlığı” parçalandı və həmin torpaqlar geri qaytarıldı”.