E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib
“Pedaqoji Universitet məzunların məşğulluq göstəricilərinə görə ölkədə dördüncü yerdə qərarlaşıb. Bu bizim üçün həm stimuldur, həm də tətbiq etdiyimiz mexanizmlərin səmərəsini göstərir”.
Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib.
O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin hesabatına əsasən, ali məktəblərin dövlət qulluğuna qəbul imtahanlarındakı nəticələrinə görə, ADPU yenə də ali təhsil müəssisələri arasında 4 və 5-ci yerləri bölüşür: “Bu göstərici onu deməyə əsas verir ki, Pedaqoji Universitet yalnız məktəblər üçün müəllim hazırlayan ali məktəb deyil, məzunlarımız dövlət qulluğuna da maraq göstərir və bu sahədə də uğurlar əldə edirlər. Ötən il universitetimizin məzunlarının, magistratura təhsilinə qəbul olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, məşğulluq səviyyəsi 73% təşkil edib. Bu, qənaətbəxş nəticədir, lakin hesab edirik ki, göstəricini yüksəltmək üçün gələcəkdə daha səylə çalışmalıyıq”, – deyə o bildirib.


