Ekoloji problemlərin həlli istiqamətində elmi-tədqiqatlar aparılıb

15 Oktyabr, 2024 - 15:50

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq “Ekoloji problemlərin həlli istiqamətində aparılan elmi-tədqiqat işləri” mövzusunda növbəti seminar keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə institutdan məlumat verilib. Bildirilib ki, seminarın gündəliyi haqqında məlumat verən institutun elmi katibi dosent Mehparə Səfərova ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük verildiyini, bununla əlaqədar ayrı-ayrı laboratoriyalarda müxtəlif istiqamətlərdə tədqiqatlar aparıldığını və mühüm fundamental və tətbiqi nəticələr əldə edildiyini söyləyib. Onun sözlərinə görə, ekoloji maarifləndirmə seminarları bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransına verilən töhfədir.

Müxtəlif funksiyalı polimer birləşmələr laboratoriyasının aparıcı elmi işçisi dosent Elnarə Həsənova mövzu üzrə geniş məruzə ilə çıxış edib.

O, institut alimlərinin ölkəmizin ekoloji təhlükəsizliyinə böyük töhfə verdiyi elmi layihələrdən olan ilk tüstü əleyhinə aşqar yaradılmasından, işlənmiş motor yağlarının regenerasiya texnologiyasının yaradılması və regenerasiya məhsulu əsasında müxtəlif təyinatlı sürtkü kompozisiyalarının yaradılmasından, neftlə çirklənmiş torpaqların bərpa və münbitləşdirilməsi üçün Azərbaycanın ekoloji-iqlim şəraitini nəzərə alan, bitkilər və destruktor mikroorqanizmlərin birgə təsirini təmin edən rasional fitoremediasiya texnologiyasının hazırlanmasından bəhs edib.

E.Həsənova qeyd edib ki, institut alimlərinin ekoloji problemlərin həllinə yönələn ən son uğurlu tətbiqyönlü elmi işlərindən biri də Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem yaradan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifadəsi ilə əlaqəlidir.