Eksternat imtahanları bu qaydada keçiriləcək – YENİLİK

23 Yanvar, 2026 - 13:33
Eksternat imtahanları bu qaydada keçiriləcək

Eksternlər üçün aralıq imtahanları ilk dəfə olaraq elektron qaydada təşkil olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, rəqəmsal formatda keçiriləcək imtahanlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.

İmtahanın vaxtı və məkan haqqında məlumat namizədin qeydiyyatdan keçdiyi mobil telefona SMS vasitəsilə göndəriləcək. İmtahana gələcək eksternlərin şəxsiyyət vəsiqəsini özləri ilə gətirməsi mütləqdir.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.