Elektron təhsil sənədlərinin həqiqiliyi necə yoxlanılacaq?
“Bildiyiniz kimi, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiq edib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq: “Təhsil sənədləri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq. Sənədlərdəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim oluna və əldə edilə biləcək”.
Vüsal Xanlarov elavə edib ki, təhsil sənədlərinə ştrix-kod əlavə olunmaqla onların həqiqiliyinin onlayn yoxlanılması mümkün olacaq.



