Elm qlobal mahiyyət, alim milli məsuliyyətdir

2 Mart, 2026 - 11:34
Elm qlobal mahiyyət, alim milli məsuliyyətdir

Yaşadığı dövrün nəhəng riyaziyyatçısı, astronomu, fiziki olaraq elmin metodlarını sistemləşdirən, heliosentrik nəzəriyyəni müdafiə etdiyi üçün dini və siyasi təzyiqlərə qarşı mübarizə aparmış görkəmli alim Qalileo Qaliley deyirdi: “Nadanlar elmi alqışlamaz, onu çirklətməyə çalışarlar. Çünki insanlar həqiqəti sevmək əvəzinə, onu qorxudan qoruyurlar”.

Qalileyin bu sözlərinin üzərindən təxminən 400 il keçsə də, elmə qarşı qıcıq və basqı göstərənlər hələ də mövcuddur. Bu tip insanlar tez-tez eyni sualları verirlər: Ölkədə bu qədər alim var, nə işlə məşğuldurlar? Bizə bir neçə azərbaycanlı alim göstərin ki, onların elmi-tədqiqat işlərindən büdcəyə milyonlarla vəsait daxil olur. Ümumiyyətlə, bizdə elm varmı?, - deyən insanlara cavab verirəm: Var, bəli, var!

Əvvəla, səsləndirilən bu tipli yanaşmalar elmi fəaliyyətin mahiyyətini dar iqtisadi meyarlara endirən baxışdır və metodoloji baxımdan düzgün deyil.

Əksinə, elə sahələr var ki, onların tədqiqi üçün milyonlarla vəsaitin ayrılması zəruridir və bu, birbaşa maliyyə gəliri ilə ölçülmür. Dilçilik, ədəbiyyatşünaslıq, tarix və mədəniyyət sahələrində aparılan araşdırmalar milli kimliyin, tarixi yaddaşın və mədəni təhlükəsizliyin qorunmasına xidmət edir. Bu istiqamətlər üzrə tədqiqatlar iqtisadi gəlir gətirməkdən çox, dövlətçilik ideologiyasının, milli özünüdərkin və humanitar təhlükəsizliyin əsasını təşkil edir. Onların nəticəsi pul ekvivalenti ilə deyil, milli davamlılıq və mənəvi kapital ilə ölçülür.

Azərbaycanın görkəmli dilçi alimləri - Əbdüləzəl Dəmirçizadə, Tofiq Hacıyev, Həsən Mirzəyev, Mövsün Nağısoylu, Nizami Cəfərov, Nadir Məmmədli və onlar kimi digər tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərini maddi gəlir meyarı ilə qiymətləndirmək doğru olmaz. Onların fəaliyyətinin mənəvi və intellektual dəyəri milyardlarla ölçülə bilər, çünki onlar Azərbaycan dilinin və milli mədəniyyətin keşikçiləri olublar. Ömürlərini bu yolda şam kimi yandıraraq, gələcək nəsillər üçün dilimizin, ədəbiyyatımızın və mədəni irsimizin qorunub inkişaf etdirilməsi üçün misilsiz xidmət göstəriblər.

Bu gün də çoxsaylı dilçi alimlər, ədəbiyyatşünaslar və mədəniyyət sahəsinin tədqiqatçıları eyni yolda fədakarlıqla çalışır, elmin və mədəniyyətin inkişafına külüng vurmaq, gələcək nəsillərə zəngin milli irs çatdırmaq üçün səylərini davam etdirirlər.

Humanitar elm sahəsi ilə məşğul olan alimlərimizin fəaliyyəti bilik və mədəniyyətin inkişafına xidmət edir, cəmiyyətin intellektual səviyyəsini yüksəldir və gələcək nəsillərin milli irsimizə bağlılığını möhkəmləndirir. Beləliklə, humanitar sahədə fəaliyyət göstərən alimlərimizdən gözlənilən “dəyər” təkcə maddi ölçülərlə deyil, həm də ictimai rəğbət və nüfuzla ölçülməlidir.

İndi isə fundamental və texnika elmləri sahəsində gözlənilən yeniliklərə və kəşflərə nəzər salaq. Lakin unutmamalıyıq ki, bu sahədə aparılan tədqiqat işlərindən də birbaşa milyonlarla gəlir gözləmək fundamental elm və texniki tədqiqatların mahiyyətinə uyğun deyil. Bu işlərin əsas məqsədi bilik əldə etmək, elmi prinsipləri anlamaq və yeni texnologiyaların əsasını yaratmaqdır, birbaşa kommersiya gəliri deyil.

Hətta dünya təcrübəsi göstərir ki, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan məşhur alimlərin heç də hər birinin işi birbaşa və dərhal kommersiya gəliri gətirməmişdir. Məsələn, Albert Eynşteynin nisbilik nəzəriyyəsi yazıldığı dövrdə iqtisadi gəlir məqsədi daşımırdı, lakin bu gün GPS sistemlərindən tutmuş kosmik texnologiyalara qədər bir çox sahənin nəzəri əsasını təşkil edir. Eyni şəkildə Nils Bor və ya Paul Dirak kimi alimlərin fundamental tədqiqatları ilkin mərhələdə kommersiya məqsədli deyildi, lakin sonradan qlobal sənaye və texnologiya inkişafına milyardlarla dəyər qazandırdı.

Bəli, fundamental və texnika elmləri üzrə tədqiqatlar dünya miqyasında milyonlar, hətta milyardlarla iqtisadi dəyər formalaşdırıb. Lakin burada da mühüm məqam ondan ibarətdir ki, elmi nəticə bir ölkənin sərhədi ilə məhdudlaşmır. Əgər alimin yazdığı məqalə məxfi qriflə qadağan olunmayıbsa, onun elmi nəticələrindən bütün dünya sənayesi, texnologiyası və innovasiya sektoru faydalanır. Çünki elm universaldı -  onun məhsulu qlobal dövriyyəyə daxil olur.

Bu səbəbdən elmi-tədqiqat işini yalnız “neçə milyon qazandırdı?” sualı ilə qiymətləndirmək həm elmi metodologiyaya, həm də beynəlxalq elmi praktika prinsiplərinə uyğun deyil. 

Hər kəs bilməlidir ki, elm uzunmüddətli strateji sərmayədir. Dövlət milyonlarla vəsait xərcləyir ki, gələcək nəsillər üçün bilik bazası formalaşsın, bir fundamental nəzəriyyə isə onilliklər sonra qlobal iqtisadi inqilaba çevrilir. 

Məqsədim bu fikirlərlə Azərbaycan elmində bəzi elm sahələrinin zəif, bir qədər də hədəfsiz inkişafına haqq qazandırmaq deyil. 
Əsla! 

Amma deyə biləcəyim bir şey var ki, mən 2002-ci ildən etibarən birbaşa elmi-tədqiqat işlərinin içərisində olmuşam. Müəllimlərimdən bərk cisimlər fizikasının, kristalloqrafiya və kristallar fizikasının sirlərini öyrənmişəm. Kristal və amorf strukturlu materiallarda elektron, fonon və maqnit xassələrin tədqiqi üzrə fundamental işlər aparmışam. Enerji zonaları, keçiricilik mexanizmləri və maqnit faza keçidləri sahəsində nəzəri modellər hazırlayaraq bərk cisimlər fizikası sahəsində elmi bazanı gücləndirmişəm. Bu işlər həm fundamental, həm də tətbiqi istiqamətdə müasir texnologiyaların inkişafına zəmin yaratmışdır. Eyni zamanda, mənim elmi-tədqiqat işlərim bu sahədə fəaliyyət göstərən digər alimlər üçün model kimi istifadə edilmiş və onların əldə etdiyi uğurların bir qismi istehsalata tətbiq olunaraq əhəmiyyətli iqtisadi səmərəyə çevrilmişdir.

Yəni kimsə deyirsə ki, alman, ingilis, fransız və ya amerikalı alim filan şeyi ixtira edib, müəyyən kəşflər nəticəsində iqtisadiyyata milyardlarla gəlir gətirib, onda bilin ki, həmin uğurda Azərbaycan alimlərinin və digər ölkələrin elm adamlarının da əməyi vardır. Elm milli sərhədlərlə məhdudlaşmır, o, ümumbəşəridir. Buna görə də, yeri gəldi-gəlmədi, alimlərimizin ünvanına tənqid və ya təhqir yönəltmək doğru deyil.

Bu gün Azərbaycan elmində fundamental tədqiqatlar aparılır və həyata keçirilən islahatlar elmin hədəf və istiqamətini daha məqsədyönlü və düzgün şəkildə formalaşdırmağa xidmət edir.

Nəticə olaraq, elmin dəyəri yalnız birbaşa maliyyə gəliri ilə deyil, yaratdığı bilik, texnologiya, milli təhlükəsizlik, mədəni irs və insan kapitalı ilə ölçülməlidir. 

İndi isə gəlin, tanıdığım və işlədiyim dörd azərbaycanlı alimin elmi-tədqiqat işləri və dünya elminə verdiyi töhfələr barədə qısaca məlumat verim. Elmi rəhbərim professor Yusif Əsədov əxlaqından tutmuş elmi fəaliyyəti ilə təpədən-dırnağa elm adamı idi. O, SSRİ Elmlər Akademiyasının Üzvi Element Birləşmələri İnstitutunun Struktur Analizi Laboratoriyasının müdiri professor Aleksandr Kitayqorodskinin yanında yetişmişdir. Yusif müəllim kristalloqrafiya və bərk cisimlər fizikasında apardığı elmi araşdırmalarla dünyaşöhrətli alim kimi tanınırdı.

O, kristal struktur çevrilmələri, bərk cisimlərdə faza keçidləri və faza dəyişiklikləri kimi struktur fizikasının fundamental problemlərinə dair tədqiqatlar aparmışdır. Xüsusilə 128 kristal üzərində apardığı təfsilatı tədqiqatlar Amerika Kristalloqrafiya Cəmiyyəti tərəfindən qiymətləndirilmiş və Yusif Əsədov bu quruma ilk azərbaycanlı üzv olaraq qəbul edilmişdir.

Professor Aleksandr Kitayqorodski 1965-ci idə yazdığı “Fizika mənim peşəmdir” kitabında Yusif Əsədovun polimorf keçidlər sahəsindəki elmi kəşfini belə qeyd edir: “Məlum oldu ki, kristal əvvəlcə molekulyar proseslərə uyğunlaşır və yalnız bundan sonra pozulmağa başlayır. Beləliklə Yusif yeni bir fenomen kəşf etdi və onun işinin dəyəri ölçüyəgəlməz dərəcədə artdı. Təbii ki, tədqiqat planında əhəmiyyətli dəyişikliklər baş verdi”. Bu da “Azərbaycanlı alimlərin kəşfi varmı” sualına cavab.

İndi isə Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasında mühüm və müstəsna rolu olan nəzəri fizika və bərk cisimlər fizikası sahəsinin görkəmli nümayəndəsi, akademik Firudin Həşimzadəni təqdim edək.

Akademik Həşimzadənin əsas elmi töhfələri bərk cisimlərin elektron nəzəriyyəsi, maqnit və optik xassələrin kvant izahı, aşağıölçülü sistemlər və kvant effektləri sahələrini əhatə edir. O, kristal quruluşlu maddələrdə elektronların energetik spektrlərinin, enerji zonalarının və keçiricilik mexanizmlərinin nəzəri əsaslarını işləyən nadir alimlərdən biri olmuşdur. Xüsusilə yarımkeçiricilər və mürəkkəb kristallarda enerji zonalarının formalaşma mexanizmlərini riyazi modellərlə əsaslandırması dünya elmi məktəbində yenilik kimi qəbul edilmişdir.

Firudin Həşimzadə bərk cisimlərin maqnit və optik xassələrini kvant mexanikası baxımından izah etmiş və maddənin mikrostruktur xüsusiyyətləri ilə makroskopik fiziki parametrlər arasındakı əlaqəni göstərmişdir. Bu yenilik dünya elminə mühüm töhfə vermiş və kvant mexanikasına əsaslanan topoloji izolyatorlar, maqnit yarımkeçiricilər və nano-materillər kimi yeni materialların kəşfində əsaslı rol oynamışdır.

Əgər akademik Həşimzadənin bu kəşfi olmasaydı, müasir spintronika texnologiyası indiki səviyyəyə ən azı 5–10 il gecikmiş olardı. Əgər topoloji izolyatorlardan danışdımsa, bərk cisimlər fizikası və materialşünaslıq sahəsində apardığı fundamental və tətbiqi tədqiqatlarla Azərbaycan elminin beynəlxalq elmi məkanla inteqrasiyasında mühüm rol oynamış, dünyanın ən çox istinad olunan alimlərindən biri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının elmi işləri haqqında kiçik məlumat verim. Onun elmi töhfələrinin əsas istiqamətləri yeni funksional materialların tədqiqi, fiziki xassələrin kvant-mexaniki izahı, yüksək temperatur və ekstremal şərait tədqiqatlarında mərkəzləşmişdir. Professor Babanlının araşdırmaları intermetallik birləşmələrin, yarımkeçirici və maqnit materialların kristal quruluşu ilə onların fiziki xassələri arasındakı qarşılıqlı əlaqənin öyrənilməsinə həsr olunmuşdur. O, maddənin struktur xüsusiyyətlərinin elektrik, maqnit və istilik parametrlərinə təsirini eksperimental və nəzəri üsullarla əsaslandırmışdır.

Məhəmməd Babanlı bərk cisimlərdə elektron quruluşunun və enerji spektrlərinin formalaşmasını kvant mexanikası çərçivəsində təhlil etmiş, xüsusilə faza keçidləri və maqnit nizamlanması proseslərinin mexanizmlərinə dair mühüm nəticələr əldə etmişdir.
Məhəmməd Babanlının topoloji izolyatorlar sahəsindəki elmi fəaliyyəti nəticəsində bir çox nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələri dərc olunub. Alimin digər azərbaycanlı həmkarları ilə birlikdə 2019-cu ildə “Cite Score” göstəricisi 75 (!) olan “Nature” jurnalında “Prediction and observation of an antiferromagnetic topological insulator” məqaləsi dünya elmində yeni model yaratdı. Həmin “Nature” jurnalında çap olunmuş məqalə topoloji izolyatorlar sahəsində fundamental elmi nəticələrin açıq nümayişidir və bu sahənin beynəlxalq tanınmasına mühüm töhfə verir. Nəticədə isə materialşünaslıq, fizika və kimya elm sahələrində birgə tədqiqatların sürətlənməsi baş verdi. 

O, Azərbaycan alimidir və elmi-tədqiqat işini Azərbaycan şəraitində qurub və dünyanın ən aparıcı elmi mərkəzləri ilə əlaqələr sayəsində genişləndirib. Onun elmə verdiyi töhfələr nəinki milyonlar, hətta milyardlarla gəlir gətirən işlərdir.

İndi isə Azərbaycan fizika məktəbinin tanınmış nümayəndələrindən biri, bərk cisimlər fizikası, yarımkeçiricilər fizikası və funksional materialların tədqiqi sahəsində dünya elminə əhəmiyyətli töhfələr vermiş alim, fizika elmləri doktoru Sakin Cabarovun elmi fəaliyyətinə kiçik bir ekskurs edək.

Sakin Cabarovun elmi fəaliyyəti maddənin struktur–xassə əlaqələrinin sistemli öyrənilməsinə və kvant mexanikasının metodlarının real materiallara tətbiqinə əsaslanır. O, xüsusilə yüksək təzyiqlər fizikası istiqamətində apardığı tədqiqatlarla fizikanın bu gün ən aktual sahələrindən birinə nəzəri baza yaratmışdır. Bu tədqiqatlar yarımkeçirici texnologiyalarının, maqnit materialların və funksional ərintilərin inkişafına mühüm töhfə vermiş, Azərbaycan elminin dünya elmi ictimaiyyətində tanınmasına xidmət etmişdir.
Alim Azərbaycan Fizika məktəbində yetişdikdən sonra Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Almaniyanın Bayroyt Universitetində çalışmış, fəaliyyəti ərzində müxtəlif tədqiqat qruplarının tərkibində önəmli elmi layihələrə və tədqiqat işlərinə imza atmışdır.

Beləliklə, həm humanitar, həm də fundamental elm sahələrində Azərbaycan alimləri elmin inkişafına, milli mədəniyyətimizin qorunmasına və gələcək nəsillərin intellektual səviyyəsinin yüksəlməsinə misilsiz töhfələr verirlər. Yaradılan bilik, formalaşdırılan intellektual və mənəvi kapital, texnologiyaların təməli və milli davamlılıq elmin real dəyərini müəyyən edir.

Azərbaycan alimləri – Yusif Əsədov, Firudin Həşimzadə, Məhəmməd Babanlı, Sakin Cabarov və başqaları – fundamental və tətbiqi sahələrdə apardıqları tədqiqatlarla ölkəmizin elmi nüfuzunu artırmış, milli və qlobal səviyyədə bilik və texnologiyaların inkişafına töhfə vermişlər. Onların elmi işləri yalnız ölkəmizə deyil, dünyaya açıq elmi bilik formalaşdırır və gələcək nəsillərə yol göstərir.

Beləliklə, elmə verdiyimiz dəyər onun dərhal gətirdiyi maddi gəlirlə ölçülməməli, əksinə, onun uzunmüddətli təsiri, insan kapitalının artımı, milli və qlobal bilik fonduna qatdığı töhfə və cəmiyyətin intellektual inkişafına xidmət etməsi kimi qiymətləndirilməlidir. Elm, istər humanitar, istər fundamental sahədə, qorunduqca və inkişaf etdirildikcə, həm ölkəmizin, həm də bəşəriyyətin rifahına xidmət etməyə davam edəcəkdir.

Odur ki, ömrünü elmə, tədqiqata həsr etmiş alimlərə qarşı fikir söyləmək, onları yersiz formada ittiham etmək cəmiyyətin ən sərt şəkildə qınağına tuş gəlməlidir. Elmə hörmət göstərmək, hər birimizin intellektual və mədəni məsuliyyətidir.

Professor Yusif Alıyev