Elm təhsildən ayrı mövcud ola bilməz – Fariz İsmayılzadə 

7 Yanvar, 2026 - 13:50
Elm təhsildən ayrı mövcud ola bilməz – Fariz İsmayılzadə 

“Biz elə bir dövrdə yaşayırıq ki, texnologiyalar, yeniliklər və innovasiyalar son dərəcə sürətlə inkişaf edir. Bu sürətli dəyişikliklər fonunda cəmiyyət olaraq biz də yeni çağırışlara uyğunlaşmalı, elm və təhsil sahəsində çevik və məqsədyönlü addımlar atmalıyıq”.

Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə ölkədə aparılan elmi islahatlarla bağlı “Azərbaycan müəllimi”nə verdiyi açıqlamada səsləndirib.

Deputat bildirib ki, beynəlxalq təcrübəyə görə, müasir dövrdə elm təhsildən ayrı mövcud ola bilməz və bu iki sahə bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərməlidir:

“Artıq elm təhsildən ayrı düşə bilməz. Ona görə də çalışmalıyıq ki, universitetlərimizin elmi potensialı güclənsin, yeni tədqiqat qrantları və layihələri genişləndirilsin. Burada məsələ təkcə fundamental akademik araşdırmalarla məhdudlaşmır. Əsas məqsədlərdən biri də elmi nəticələrin bazar məhsuluna çevrilməsi, yəni kommersiyalaşdırılmasıdır”.

Fariz İsmayılzadə vurğulayıb ki, elmi məhsullar ölkənin iqtisadi inkişafına real töhfə verməli, startap və innovasiya ekosistemi gücləndirilməlidir:

“Elmin tətbiqi, bazar iqtisadiyyatına yönəlmiş olması vacibdir. Eyni zamanda, alimlərimizin beynəlxalq layihələrdə iştirakı genişlənməli, xarici universitetlər və tədqiqat mərkəzləri ilə birgə elmi araşdırmaların sayı artırılmalıdır. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik. Universitetlər elmi araşdırmaların və innovasiyaların əsas mərkəzinə çevrilməlidir”.