Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib
Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.



