Elm və Təhsil Nazirliyində yanğın təhlükəsizliyi üzrə təlim keçiriləcək

19 Dekabr, 2025 - 09:56
Elm və Təhsil Nazirliyində yanğın təhlükəsizliyi üzrə təlim keçiriləcək

Dekabrın 19-da Elm və Təhsil Nazirliyində yanğın təhlükəsizliyi üzrə təlim keçiriləcək. 

"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı əməkdaşların təhlükəsiz şəkildə təxliyəsi, nazirlikdə yaradılmış mülki müdafiə qüvvələri və könüllü yanğın dəstəsi tərəfindən ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməklə şərti yanğının genişlənməsinin qarşısının alınması, xəsarət alanların xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, həmçinin yanğınsöndürmə xidmətinin çağırılması üzrə praktiki məşğələlər nəzərdə tutulur.

Təlimin əsas məqsədi əməkdaşların yanğın təhlükəsizliyi üzrə bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması, eləcə də yanğınsöndürmə xidməti ilə qarşılıqlı əlaqə və əməkdaşlıq təcrübəsinin gücləndirilməsidir.

Qeyd edək ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin iştirakı da nəzərdə tutulur.