“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində MAA-da görüş keçirilib
Yanvarın 16-da Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Milli Aviasiya Akademiyasında (MAA) növbəti işçi görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Milli Aviasiya Akademiyasının inzibati heyəti iştirak edib.
Görüş zamanı Milli Aviasiya Akademiyasında laboratoriyalarda həyata keçirilən elmi-tədqiqat fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, tədrisin təşkili, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ali təhsil pilləsi ilə yanaşı Milli Kvalifikasiya çərçivəsinin digər səviyyələrində də kadr hazırlığının mümkünlüyü, habelə bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr edilib.
Görüş çərçivəsində elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, institusional inkişaf məsələləri və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.



