Elmlə məşğul olan insanların real nəticələri olmalıdır – Şəhriyar Muxtarov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə elm və təhsil sahəsində aparılan islahatların mahiyyəti baxımından mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı mövcud vəziyyəti təhlil edərək elm və təhsilin vəhdəti, struktur və kadr islahatları, optimallaşdırma və mütəxəssis hazırlığı kimi prioritet məsələlərə toxundu.
“Azərbaycan müəllimi”nə açıqlamasında Polşanın Vistula Universitetinin və Koreya Respublikasının Koreya Universitetinin professoru Şəhriyar Muxtarov Prezidentin səsləndirdiyi fikirləri şərh edərək bildirib ki, ölkədə elm sahəsində əsas problemlərdən biri idarəetmə ilə bağlıdır. Onun fikrincə, elm və təhsil uzun illər bir-birindən ayrı idarə olunub və bu da arzuolunan nəticələrin əldə edilməsinə mane olub. Halbuki müasir yanaşma bu iki sahənin vahid idarəetmə məntiqi əsasında birləşdirilməsini tələb edir.
Professor qeyd edir ki, mövcud nəticələr olsa da, bunlar yetərli deyil. Elmi institutların optimallaşdırılması, idarəetmədə sistemli yanaşmanın tətbiqi və performansa əsaslanan kadr siyasəti bu baxımdan vacibdir. Xüsusilə xaricdə təhsil alıb ölkəyə qayıdan gənclərin irəli çəkilməsi və onların potensialından səmərəli istifadə edilməsi müsbət nəticələr verə bilər.
Şəhriyar Muxtarov vurğulayır ki, resurs əsaslı iqtisadi artım dayanıqlı deyil. Uzunmüddətli inkişaf üçün insan kapitalına, bilik və innovasiyaya əsaslanan modelə keçid zəruridir. Bu isə birbaşa olaraq elmin keyfiyyəti və onun iqtisadiyyatla əlaqəsi ilə bağlıdır.
İslahatlar ölçülə bilən və sistemli olmalıdır
Prezidentin çıxışında struktur islahatları və optimallaşdırma xüsusi yer tutur. Professorun fikrincə, bu proseslər formal deyil, ölçülə bilən və nəticəyönümlü siyasət çərçivəsində aparılmalıdır. İnstitutlaşma düzgün dizayn edilməli, maliyyə mexanizmləri, kadr siyasəti və elmi nəticələrin iqtisadi təsir mexanizmləri paralel şəkildə qurulmalıdır.
Əsas problemlərdən biri elmi nəticələrin qərarvermə prosesindən kənarda qalmasıdır. Elmi araşdırmaların nəticələri çox vaxt siyasi, iqtisadi və ya strateji qərarlara inteqrasiya olunmur. Bu isə elmin real təsir gücünü zəiflədir.
Elm iş yeri deyil, nəticə məkanıdır
Dövlət başçısının qeyd etdiyi kimi, elmə sadəcə iş yeri kimi yanaşmaq yanlışdır. Şəhriyar Muxtarov hesab edir ki, bu yanaşma performans motivasiyasını zəiflədir və elmi inkişafı ləngidir. Digər ciddi problem universitetlərlə tədqiqat institutlarının bir-birindən ayrı fəaliyyət göstərməsidir. Dünya təcrübəsi göstərir ki, universitetlərin əsas funksiyalarından biri də tədqiqatdır və bu funksiya gücləndirilmədən elmi nəticələrin iqtisadi dəyər yaratması mümkün deyil.
Bu baxımdan tədqiqat universiteti ekosisteminin qurulması, tədqiqat qruplarının yaradılması, magistratura və xüsusilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsi vacibdir. Doğru qurulmuş doktorantura sistemi olmadan elmdə davamlı inkişaf mümkün deyil.
Ləyaqətə əsaslanan kadr siyasəti
Universitetlərdə tədris, tədqiqat və innovasiyanın eyni məkanda cəmlənməsi sinerji yaradır və gənc kadrların üzə çıxmasına şərait yaradır. Bununla yanaşı, bəzi elmi institutların fəaliyyətinin bir-birini təkrarlaması optimallaşdırma ehtiyacını aktuallaşdırır. Bu addım resurslardan daha səmərəli istifadə etməyə imkan verər.
Kadr siyasəti isə mütləq ləyaqət prinsipinə əsaslanmalıdır. Qohumbazlıq və itaətə deyil, meritokratiyaya söykənən, müasir tədqiqat tələblərinə cavab verən kadrlar önə çəkilməlidir.
Elmin idarə olunması və maliyyələşmə
Professorun fikrincə, tədqiqat universitetləri şəbəkəsinin qurulması əsas prioritetlərdən biridir. Universitetlərdə sağlam tədqiqat mühiti yaradılmalı, doktorantura təhsili yenidən strukturlaşdırılmalıdır. Tədqiqatlar fundamental və tətbiqi istiqamətlər üzrə ayrılmalı, tətbiqi tədqiqatlar sənaye ilə birbaşa əlaqələndirilməlidir.
Bu məqsədlə universitet–sənaye–tədqiqat üçbucağını birləşdirən işlək platformalar və koordinasiya mexanizmləri qurulmalıdır. Maliyyələşmə isə sabit deyil, rəqabət və performansa əsaslanan qrant mexanizmləri üzərindən həyata keçirilməlidir.
Keyfiyyətli elmi nəticələr əsas meyardır
Prezidentin vurğuladığı kimi, elm adamlarının fəaliyyəti yalnız məqalə sayına görə deyil, keyfiyyətə görə qiymətləndirilməlidir. Elmi nəticələr həm bibliometrik və elmmetrik göstəricilər, həm də məzmun ekspertizası əsasında dəyərləndirilməlidir. Elmlə məşğul olan insanların real, ölçülə bilən və cəmiyyət üçün faydalı nəticələri olmalıdır.
Bu kontekstdə doktorantura təhsili yenidən qurulmalı, xaricdə çalışan azərbaycanlı alimlərin və beynəlxalq professorların bu prosesə cəlb edilməsi təşviq olunmalıdır. Gənc tədqiqatçı və doktorant ekosistemi formalaşmadan elmdə keyfiyyət sıçrayışı mümkün deyil.
Elmin iqtisadiyyata inteqrasiyası əsas hədəfdir
Elmi tədqiqatların kommersiyalaşması üçün uyğun maliyyə və institusional mexanizmlər yaradılmalıdır. Əks halda innovasiya və texnologiya transferi mümkün olmayacaq. Mövcud problemlərin başlıcası elmin iqtisadi qərarvermədə rolunun zəif olmasıdır. Universitetlərlə tədqiqat institutlarının ayrı qalması bu problemi daha da dərinləşdirir.
Prezidentin çıxışından aydın olur ki, əsas hədəf təhsil, elm və innovasiyanı iqtisadi inkişafın mərkəzinə çevirməkdir. Bu isə elmi institutların və universitetlərin yenidən strukturlaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və elmi nəticələrin real dəyərə çevrilməsi ilə mümkündür.
Sistemli yanaşma olmadan nəticə mümkün deyil
Nəticə etibarilə, Prezidentin qarşıya qoyduğu hədəflərə çatmaq üçün elm sahəsinə sistemli yanaşma zəruridir. Qərarlar məlumat və analizə əsaslanmalı, islahatlar formal deyil, mahiyyətcə real olmalıdır. Eyni zamanda, elm və təhsil sahəsində yetişən kadrların çalışacağı, öz potensialını reallaşdıracağı institutlar da paralel şəkildə inkişaf etdirilməlidir. Əks halda beyin axınının qarşısını almaq mümkün olmayacaq.
Məqsəd elmi potensialın ölkənin iqtisadi və sosial inkişafına xidmət etməsidir. Bunun üçün həm elm, həm təhsil, həm də sənaye vahid və əlaqəli şəkildə inkişaf etdirilməlidir.


