Emin Əmrullayev: Məktəb təhsilinə qoyulan investisiya ən səmərəli sərmayədir
“Məktəb təhsilinə qoyulan investisiya uzunmüddətli perspektivdə istər iqtisadiyyata, istərsə də insan kapitalının inkişafına yönəlmiş ən səmərəli və faydalı sərmayə hesab olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artması çox sevindirici haldır. Sadəcə, məktəbəqədər müəssisələrə gedən uşaqların nailiyyətlərini təxminən 11–12 ildən sonra, yəni həmin uşaqlar buraxılış imtahanlarına gələndə müqayisə etmək mümkün olacaq, amma ilkin təhlillər hələlik aparıla bilməz.
Nazir əlavə edib ki, bu il PİSA qiymətləndirilməsində 2016-cı ildən etibarən məktəbəqədər hazırlıq qruplarına cəlb olunmuş uşaqlar artıq 15 yaşına çatır, yəni həmin uşaqların nəticələrini növbəti PİSA qiymətləndirilməsində görmək mümkün olacaq. Onun sözlərinə görə, bu mərhələdə kəmiyyət dəyişiklikləri ilə yanaşı, keyfiyyət dəyişikliklərinin də müşahidə olunması vacibdir. Çünki təhsilin əsas məqsədi keyfiyyət göstəricilərinin yüksəldilməsidir.
Nazir ümumtəhsil sahəsindəki vəziyyətə də toxunaraq bildirib ki, 2025–2026-cı tədris ilində ölkənin ümumtəhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagird təhsil alır. Onların 117 min nəfəri 9-cu, 10 minlərlə şagird isə 11-ci sinifdə isə təhsilini davam etdirir.



