“Ən böyük gücümüz xalqımızın bizə verdiyi mənəvi dəstək idi” – Müharibə iştirakçısı müəllimlər
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın yaddaşına qızıl hərflərlə yazılan, tariximizin ən şanlı səhifələrindən biridir. Bu Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın birliyinin, iradəsinin, milli ruhunun və qəhrəmanlığının təntənəsidir. Həmin tarixi qələbəni bizə yaşadan, Vətən uğrunda canından keçməyə hazır olan igid oğullarımız bu gün də öz əməlləri ilə cəmiyyətə, xüsusilə gənc nəslə örnəkdirlər.
Həmsöhbətlərimiz Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Tacəddin Həsənzadə, İlkin Şərifzadə və Ülvi Cavadzadə məhz bu missiyanı daşıyan qəhrəmanlarımızdandırlar. Onlar həm döyüş meydanında göstərdikləri igidliklə, həm də bu gün təhsil sahəsindəki fəaliyyətləri ilə gənclərə əsl vətənpərvərlik nümunəsi göstərirlər.
“3 gün davam edən gərgin anlar bizim qalibiyyətimizlə yekunlaşdı”
Təhsilini müharibədən sonra Bərdə Dövlət Peşə Təhsil Mərkəzində alan və sonra müəllim kimi çalışan Tacəddin Həsənzadə ilə söhbət edirik.
Tacəddin müəllim 1992-ci ildə Xocavənd rayonunun Qaladərəsi kəndində anadan olub. Orta təhsilini həmin kənddəki məktəbdə alıb. 2020-ci ildə minlərlə igidimiz kimi o da könüllü olaraq müharibəyə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra qürur və sevinclə evlərinə geri döndüyünü deyən müsahibim şəhid olan döyüş yoldaşlarının hər zaman qəlblərində yaşayacağını bildirir. Xatirələrindən, döyüşlərdə bir-birlərinə necə dəstək olmalarından danışır: "Döyüşlərin birində pusquya düşdük. Komandirmiz bizə dedi: Əgər biz burda geri çəkilsək, bizdən sonra övladlarımız bunu davam etdirəcək. Savaşımızı bitirək. Övladlarımıza təhlükəsiz gələcək yaradaq. Bu sözlərdən bir ayrı güc aldıq. 3 gün davam edən gərgin anlar bizim qalibiyyətimizlə yekunlaşdı".
Müharibədən sonra təhsil almağı hədəfləyən Tacəddin Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə sənədlərini təqdim edir. Burada plastik ustası peşəsinə yiyələnir. Məzun olduqdan sonra elə təhsil aldığı Mərkəzdə müəllim kimi fəaliyyətə başlayır. Gənclərin vətənpərvərlik ruhunda yetişməsi, həm də savadlı kadr olması üçün çalışır.
“Biz gənc əsgərlər qürur və qələbə əzmi ilə yalnız irəliyə doğru hərəkət edirdik”
Mərkəzdə fəaliyyət göstərən növbəti müsahibim Vətən müharibəsi iştirakçısı İlkin Şərifzadədir. 1998-ci ildə Bərdə şəhərində doğulan İlkin orta təhsilini Bərdə şəhər Akademik Zərifə Əliyeva adına liseydə alıb. Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasını bitirib. Hazırda Mərkəzdə gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi fəaliyyət göstərir.
Döyüş yoluna nəzər saldığımız İlkin müəllim döyüşə Murovdağ yüksəkliyi, Kəlbəcər istiqamətindən başlayıb: “27 sentyabr səhər saatlarında döyüş əməliyyatlarının gərgin anları yaşanırdı. Həmin vaxt biz gənc əsgərlər böyük qürur, inam və qələbə əzmi ilə yalnız irəliyə doğru hərəkət edirdik. Qarşımızda duran əsas məqsəd torpaqlarımızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək idi”.
Döyüş yoldaşları ilə bağlı xatirələrindən danışarkən ürəyində dərin iz buraxan üç şəhid silahdaşının adını xüsusi qeyd etmək istədiyini bildirir: Aqil Mirzəliyev, Ruslan Əsədov və Kənan Şahbazov .
İlkin müəllim söyləyir ki, döyüş meydanında bir saniyənin, hətta bir qurtum suyun belə nə qədər böyük dəyəri olduğunu insan yalnız həmin anlarda dərindən anlayır. Qarşıya qoyulan hər bir tapşırığın vaxtında, dəqiq və nizamnamənin tələblərinə uyğun yerinə yetirilməsi ən mühüm məsələlərdən biri idi.
Müsahibimin sözlərinə görə döyüş şəraitində intizam, məsuliyyət, birlik və qarşılıqlı etimad hər bir əsgərin həyatında həlledici rol oynayır: “Bu gün isə bir müəllim kimi qazandığım hərbi təcrübəni gənc nəslə çatdırmağı, onlarda Vətənə məhəbbət, dövlətə sədaqət, hərbi intizam və vətəndaşlıq məsuliyyəti hisslərini formalaşdırmağı özümə mənəvi borc hesab edirəm.
Vətən sevgisi sadəcə sözlə ifadə edilən hiss deyil…
Vətənə olan sevgisi, işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq üçün Ülvi Cavadzadə də könüllü olaraq müharibəyə yollanır. O, 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbdə alıb.
Ailəsində Birinci Qarabağ müharibəsinin silinməz izləri var. Belə ki, Ülvinin dayısı 1994-cü il yanvarın 25-dən 26-na keçən gecə Xocavənd rayonunun Kropatkino kəndi ətrafında gedən ağır döyüşlər zamanı itkin düşüb.
Ülvi 2010-cu ildə sənədlərini Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə təqdim edir və “Hərbi həkim” ixtisası üzrə təhsil almağa başlayır. Lakin müəyyən səbəblərdən təhsilini yarımçıq qoyur və həqiqi hərbi xidmətə yollanır.
Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək qərarına gəlir. Bu dəfə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinə qəbul olur. “Baytar həkim” ixtisası üzrə ali təhsilini başa vurduqdan sonra ölkəmizin müxtəlif özəl təsərrüfatlarında baş həkim vəzifəsində çalışır.
Lakin illər keçsə də, doğma torpaqlarımızın işğalı və dayısının itkin düşməsi ilə bağlı ailəsinin yaşadığı ağrı onun yaddaşından silinmir. II Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanır: “Ömrümün 28-ci ilinə qədəm qoyduğum həmin gün xalqımızın taleyində yeni bir tarixi mərhələ başladı. Uzun illər gözlədiyimiz torpaqlarımızın azadlığı uğrunda mübarizə artıq başlamışdı.
Döyüşlərə qatılmaq üçün bir neçə dəfə hərbi komissarlığa müraciət etdim. Təkidli müraciətlərimdən sonra nəhayət, sentyabrın 30-da hərbi xidmətə çağırıldım. Bu, mənim üçün sadəcə hərbi xidmətə getmək deyildi. Bu, uşaqlıqdan qəlbimdə daşıdığım Vətən borcunu yerinə yetirmək imkanı idi. Oktyabrın 5-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak etdik.
Mən bölməmizdə sanitar-atıcı vəzifəsində xidmət edirdim. Bu vəzifə mənim üçün ikiqat məsuliyyət demək idi. Bir tərəfdən əlimdə silah Vətən torpağının müdafiəsində dayanmalı, digər tərəfdən isə ehtiyac yarandıqda döyüş yoldaşlarıma ilkin tibbi yardım göstərməli idim.
Füzuli istiqamətində düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam qurğularının, müdafiə xətlərinin və möhkəmləndirilmiş mövqelərinin şahidi olduq. Düşmənin böyük ümid bəslədiyi, uzun illər ərzində möhkəmləndirdiyi həmin müdafiə sədləri onların işğalı davam etdirmək niyyətinin göstəricisi idi".
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən qızğın döyüşlərdə iştirak edən Ülvi bir tərəfdə uzun illərin torpaq həsrəti, digər tərəfdə döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıq və qələbəyə olan inamının onlara əlavə güc verdiyini deyir. Müharibənin sonuna qədər bölmələrimizlə birlikdə sərhəd istiqamətində xidmətini davam etdirir: "II Qarabağ müharibəsində mən bir daha əmin oldum ki, Vətən sevgisi sadəcə sözlə ifadə edilən hiss deyil. Vətən sevgisi lazım gəldikdə şəxsi rahatlığından, ailəndən, işindən, hətta həyatından keçməyə hazır olmaqdır.
Onu da xüsusi qeyd edim ki, bizim üçün ən böyük mənəvi dayaq isə arxamızda dayanan Azərbaycan xalqı idi".




