Ən çox təhsil tələbə krediti rəsmiləşdirilən ali məktəblərin adları AÇIQLANDI

25 Dekabr, 2025 - 11:16
Ən çox təhsil tələbə krediti rəsmiləşdirilən ali məktəblərin adları

Statistikaya görə ən çox təhsil tələbə krediti rəsmiləşdirilən ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət İqtisad Universiteti birinci pillədə yer alır. Burada ümumilikdə 4365 tələbə təhsil kreditindən (TTK) faydalanıb. Onların 48 faizi qadın, 52 faizi kişidir. Rəsmiləşdirilən kreditlərin 22 faizi sosial, 78 faizi isə standart kateqoriyaya aiddir.

“Azərbaycan müəllimi”  xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, ikinci pillədə yer alan Gəncə Dövlət Universitetində 4 056 tələbə TTK alıb: “Onların 71 faizi qadın, 29 faizi faizi isə kişidir. Sosial TTK-ların payı 38 faiz, standart TTK-lar isə 62 faiz olub.

Üçüncü yerdə qərarlaşan Azərbaycan Texniki Universiteti üzrə 3441 TTK rəsmiləşdirilib. Həmin tələbələrin 40 faizi qadın, 60 faizi kişidir”.

Bəhruz Əzimov qeyd edib ki, siyahıda həmçinin Bakı Dövlət Universiteti (3223 nəfər), Azərbaycan Kooperasiya Universiteti (3169 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (2711 nəfər), Mingəçevir Dövlət Universiteti (2491 nəfər), Lənkəran Dövlət Universiteti (2488 nəfər), Bakı Biznes Universiteti (2457 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (2184 nəfər) yer alıb.