“Ən gözəl çıxış ürəklə ediləndir” – MRİO-nun gimnastika üzrə ilk çempionları
Xəbər verildiyi kimi, Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO) çərçivəsində gimnastika yarışlarına start verilib. Artıq yarışların ilk gününün ilk qalibləri – 2014 və 2015-ci il təvəllüdlü gimnastlar müəyyənləşib.
2014-cü il təvəllüdlü gimnastlar top ilə proqramda:
1-ci yer Ayan Əliyeva (BGM);
2-ci yer Banu Axundova (RKİM);
3-cü yer Nərmin Babayeva (BGM).
2015-ci il təvəllüdlü gimnastlar top ilə proqramda:
1-ci yer Həcər Həbibbəyli (RKİM);
2-ci yer Zümrüd Məmmədova (BGM);
3-cü yer Xanım Rizalı (BGM).
Yeniyetmə çempionlar qazandıqları uğurun sevincini və yarış təəssüratlarını"Azərbaycan müəllimi" ilə bölüşüblər.
Respublika Kompleks İdman Məktəbinin yetirməsi olan Həcər Həbibbəyli gimnastika ilə peşəkar şəkildə məşğul olur. O, orta təhsilini "LANDAU School"da alır. Həcər bu yarışa çox ciddi hazırlaşdığını deyir:
“Bu gün fəxri kürsünün ən yüksək pilləsində dayanmaq mənim üçün böyük xoşbəxtlikdir. Təbii ki, uğura gedən yol asan olmur. Uzun məşqlər, yorğunluq, həyəcan və məsuliyyət hissi bu qələbənin görünməyən tərəfləridir. Yarış zamanı hər hərəkəti ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım. Nəticədə əziyyətimin bəhrəsini görmək mənə böyük sevinc yaşatdı.
Bu uğura görə ilk növbədə məşqçim Rəhimə xanıma minnətdaram. O, hər zaman mənə inanıb, çətin məqamlarda motivasiya verib və daha yaxşı nəticələr əldə etməyim üçün dəstəyini əsirgəməyib. Bu qələbədə onun zəhməti və əməyi xüsusi yer tutur".
2014-cü il təvəllüdlü gimnastlar arasında I yerin qalibi olan Ayan Əliyeva isə artıq 5 ildir Bakı Gimnastika Məktəbində gimnastika ilə çəşğul olur. O, 164 nömrəli tam orta məktəbin VII sinif şagirdidir.
Ayan belə mötəbər bir olimpiadada iştirakından məmnunluğunu ifadə edib:
“Məktəblilərin Respublika İdman Olimpiadasının yüksək səviyyədə təşkili bizə özümüzü böyük bir idman bayramının iştirakçısı kimi hiss etdirdi. Mən həm ölkəmizdə, həm də xarici ölkələrdə keçirilən bir çox yarışlarda iştirak etmiş və müxtəlif medallara layiq görülmüşəm. Hər yarış mənim üçün xüsusi və yaddaqalan olub.
Bu olimpiadada qazandığım uğur gələcək yarışlar üçün mənə daha böyük motivasiya və məsuliyyət verir. İnanıram ki, qarşıda məni yeni nailiyyətlər gözləyir.
Mən də qazandığım uğuruma görə məşqçim Səbinə Qaratovaya minnətdaram. Onun mənim üzərimdə böyük əməyi var".
Bəli,söhbətləşdiyimiz gənc gimnastların uğur hekayələri göstərir ki, qələbənin sirri yalnız məşqlərdə deyil, həm də öz işinə sevgi ilə yanaşmaqda,yarış meydanına ürəklə çıxmaqdadır. Elə buna görə də deyirlər: “Ən gözəl çıxış ürəklə ediləndir".
Onların fikirlərindən bir daha aydın olur ki, idmanda ən gözəl çıxış təkcə texniki ustalıqla deyil, həm də ürəklə, əzmlə və inamla ediləndir.




