“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri - "Özünüzə inanın"

12 Fevral, 2026 - 10:43
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri

Keçən il keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi bir çox şagird üçün xüsusi bir həyəcanla yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan müsabiqənin qalibləri arasında naxçıvanlı məktəblilər də olub.

"Azərbaycan müəllimi" əzmin və inamın nəticəsi olan müsabiqənin iştirakçıları ilə həmsöhbət olub. 

Xatırladaq ki, müsabiqədə Şərur rayon Cəlilkənd tam orta məktəbinin IX sinif şagirdi Əsmər Rüstəmova I, Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Raziyə Rəhimova II, Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Səma İsmayılova isə III yerlərə layiq görülüblər. 

“Heydər Əliyevə olan sevgim və inamım mənə uğur qazandırdı”

Müsabiqədə I yerə layiq görülən Əsmər Rüstəmova:

“Ən böyük arzularımdan biri bu müsabiqədə iştirak etmək idi. Əsas məqsədim Ümummilli Lider Heydər Əliyevin həyatını və xalqımız üçün gördüyü işləri daha dərindən öyrənmək idi. Digər səbəb isə müsabiqənin mənim təhsilimdə oynayacağı roldur”.

Təqdimatını hazırlayarkən müxtəlif mənbələrdən istifadə edib: “Heydər Əliyev. Müstəqillik yollarında" adlı kitab mənə çox kömək edib. Ulu Öndərin fəaliyyəti, xüsusilə xalqımızın ən çətin zamanında yanımızda olması məni ən çox təsirləndirib”.  

Təqdimat zamanı həyəcan hiss edib: “Özümə dedim: İstəsən hər şeyin öhdəsindən gələ bilərsən, bacararsan. Və elə bununla bütün həyəcanım aradan qalxdı. 1-ci yerə layiq görülmək mənim üçün fəxr idi. Təqdimatımı fərqləndirən əsas cəhət Heydər Əliyevə olan sevgi və qürurla danışmağım oldu”.

Müəllim və valideyn dəstəyi ona böyük motivasiya verib: “Onlar daim mənə inanırdılar, uğura nail olacağıma əmin idilər. Əks halda bəlkə də bu nailiyyət mümkün olmazdı”.

Yaşıdlarına tövsiyə edir: “İlk öncə özünüzə inanın. Məqsədiniz uğrunda çalışın, əzmlə mübarizə aparın və neqativ fikirlərə fikir verməyin. Bu yolda yalnız özünüzə fokuslanın, nəticə qaçılmazdır”. 

 Əsmər gələcəkdə hüquqşünas olmağı arzulayır: “Öz hüquqları uğrunda mübarizə apara bilməyən insanlara dəstək olmaq, onlara arxa çıxmaq istəyirəm. Bu müsabiqə mənə göstərdi ki, çalışanda və mübarizə aparanda hər şeyin öhdəsindən gəlmək mümkündür”.

"Dayanmaq sözünü lüğətimizdən silməliyik"

II yerin qalibi Raziyə Rəhimova üçün isə bu müsabiqə sadəcə yarış deyil, həm də özünü sınamaq imkanı olub. O, təqdimat üçün “Heydər Əliyevin gənclər siyasəti” mövzusunu seçib. “Məktəb rəhbərliyi müsabiqə haqqında məlumat verəndə mövzu diqqətimi dərhal çəkdi. Heydər Əliyevin gənclərə verdiyi dəyəri araşdırmaq bir gənc kimi mənim üçün qürurverici idi”, – deyir. 

Hazırlıq prosesi isə məsuliyyətli və həyəcanlı keçib. Raziyə Ulu Öndərin kəlamlarından, müxtəlif məqalələrdən və internet resurslarından istifadə edib. Nəticələr açıqlanarkən keçirdiyi həyəcan sevincə çevrilib: “İlk üçlükdə ola biləcəyimi düşünürdüm. II yeri qazandığımı öyrənəndə həqiqətən çox xoşbəxt oldum”.  

Qeyd edir ki, təqdimatını fərqləndirən əsas məqam nitqi, həvəsi və mövzuya hakim olmağa çalışması olub. Müəllim və valideyn dəstəyi isə onun uğurunda mühüm rol oynayıb. Tarix müəllimi hazırlıq mərhələsində ona istiqamət verib, valideynləri isə mənəvi dəstək göstəriblər. 

Bu uğur onun üçün yeni mərhələnin başlanğıcı olub. Raziyə RFO olimpiadasının finalçısıdır və IX sinfi fərqləmə attestatla başa vurub. O, “9-cu sinfi belə bir uğurla bitirmək məni daha həvəsli və əzmli etdi”, – deyir. 

Gələcək planlarına gəlincə isə beynəlxalq hüquq sahəsi onun diqqətini çəkir. O, bu istiqamətdə irəliləməyi və ölkəsinə faydalı mütəxəssis olmağı qarşısına məqsəd qoyub. Yaşıdlarına da mesaj verir: “Sona qədər davam etmək uğurun sirridir. Əgər davam etməyi seçiriksə, dayanmaq deyə bir söz lüğətimizdə olmamalıdır”.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Artıq “Ən yaxşı təqdimat” müsabiqəsinin yeni mərhələsinə də start verilib. Beləliklə, yeni uğurlar üçün növbəti fürsət artıq qapıdadır. Elə isə əziz məktəblilər, indi söz sizindir. Cəsarət edin, qeydiyyatdan keçin, hazırlaşın və öz hekayənizi yazın.