Ən yüksək rəqabət hansı ixtisaslarda olacaq? – Proqnoz
Ali məktəblərə qəbul prosesində abituriyentlərin qarşısında duran əsas məsələlərdən biri də ixtisas seçimi və rəqabətin hansı istiqamətlərdə daha yüksək olacağını düzgün qiymətləndirməkdir.
Hər il olduğu kimi, bu il də bəzi ixtisaslarda rəqabət mühitinin daha güclü olacağı gözlənilir.
Təhsil mütəxəssisi Əlmusa Atamaliyev “Azərbaycan müəllimi”nə bildirib ki, bu il ali məktəblərə qəbulda rəqabətin əsas ünvanları artıq daha aydın görünür:
“Plan yerlərinin sayı, ixtisaslara ənənəvi maraq və əmək bazarının yaratdığı tələbatı nəzərə alsaq, xüsusilə IV qrupda “Tibb” və “Stomatologiya”, I qrupda isə İT ixtisasları uğrunda mübarizənin daha ciddi olacağını düşünürəm.
2026/2027-ci tədris ili üzrə I-IV ixtisas qruplarına ümumilikdə 56 781 plan yeri ayrılıb. Bunun 27 076-sı dövlət sifarişli yerlərdir. I qrupda 20 150, II qrupda 16 030, III qrupda 15 553, IV qrupda isə cəmi 5 048 plan yeri nəzərdə tutulub.
Məhz plan yerlərinin azlığı IV qrupu rəqabət baxımından önə çıxaran əsas amillərdən biridir. Üstəlik, bu qrupda “Tibb” və “Stomatologiya” kimi yüksək tələbatlı ixtisaslar cəmləşib. Buna görə IV qrupun yüksək bal tələb edən səhiyyə ixtisaslarında rəqabətin ən yüksək səviyyədə olacağını düşünürəm”.
Mütəxəssis bildirib ki, I qrupda vəziyyət bir qədər fərqlidi.
Burada plan yerlərinin sayı daha çox olsa da, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və digər texnologiya yönümlü ixtisaslara tələbat yüksəkdir. Əmək bazarında bu istiqamətlərə marağın artması həmin ixtisaslarda yüksək ballı abituriyentlər arasında rəqabəti gücləndirir.
III qrupda əsas rəqabətin hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, eləcə də seçilən müəllimlik ixtisaslarında, II qrupda isə iqtisadiyyat, maliyyə, mühasibat, biznesin idarə edilməsi və marketinq istiqamətlərində olacağı gözlənilir: “Təhsil haqları baxımından bu il ən diqqətçəkən dəyişikliklərdən biri Azərbaycan Tibb Universitetində baş verib. 2026/2027-ci tədris ilində “Tibb” üzrə illik təhsil haqqı 6500 manatdan 5000 manata, “Stomatologiya” üzrə 6000 manatdan 4500 manata endirilib. “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı işi” üzrə isə ödəniş 5000 manatdan 4500 manata salınıb. Buna görə bu il ödənişli plan yerlərində də marağın və rəqabətin artmasını gözləyirəm”.
Ə.Atamaliyev qeyd edib ki, abituriyentlər yalnız ötən ilin keçid balına baxaraq seçim etməli deyillər:
“Plan yerlərinin sayı, dövlət sifarişi, təhsil haqqı, universitetin imkanları və ixtisasa real tələbat birlikdə qiymətləndirilməlidir.
Mənim əsas tövsiyəm budur: ixtisas seçimini “haraya qəbul ola bilərəm?” sualı ilə deyil, “topladığım bala, maraqlarıma və gələcək karyera məqsədlərimə hansı ixtisas daha uyğundur?” sualı ilə başlamaq lazımdır.“Yüksək bal universitetə qapı açır, düzgün ixtisas isə gələcəyə yol açır. Ona görə abituriyentlər rəqabətdən çox öz potensiallarına uyğun seçimə fokuslanmalıdırlar”.




