Əsgərlərimizin vətən sevgisi bizə güc verirdi – DP məzununun Zəfər yolu

6 Noyabr, 2025 - 14:15
Əsgərlərimizin vətən sevgisi bizə güc verirdi

Ölkəmiz 44 günlük Vətən müharibəsində əldə olunmuş Böyük Zəfərin 5-ci ildönümünü böyük fəxarət və qürurla qeyd edir. 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Torpaqlarımızın işğaldan azad olunması xalqın, xüsusilə də gənclərin ölkə Prezidenti İlham Əliyevin dəmir yumruğu altında vahid bir güc olaraq birləşməsi və Müzəffər Ordumuz sayəsində mümkün olub. Qürurverici haldır ki, torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə cəlb edilən, yaralıların müalicəsi üçün tibbi xidmətə könüllü yollananlar sırasında Dövlət Proqramı (DP) və Hökumətlərarası Təqaüd Proqramları (HTP) ilə xaricdə təhsil almış gənclər də olub.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüş bölgəsinə yollanan həkimlərdən biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2017-ci illərdə Türkiyənin 19 Mayıs Universitetinin Diş həkimliyi fakültəsində "Ağız-diş-çənə cərrahiyyəsi" ixtisası üzrə təhsil almış Vüqar Qurbanovdur. O, 2018-ci ildə tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) alimlik dərəcəsini alıb. 

Vüqar Qurbanov Böyük Zəfər yolu barədə xatirələrini “Azərbaycan müəllimi” ilə bölüşüb:

– 44 günlük müharibənin ilk günlərindən bir çox həkimlər kimi mən də öz təşəbbüsümlə aidiyyəti qurumlardan müharibə gedən zonalara ezam olunmağımı xahiş etdim, amma müharibə dövrünün öz qaydaları var. Bunun mərhələli şəkildə təşkil olunacağını və ehtiyac olarsa, bizim həmin bölgələrə ezam olunacağımız barədə cavablar verildi. Təbii ki, bu cavablar bizi qane edə bilməzdi, çünki  müharibənin ilk dəqiqələrindən ilk ağır yaralılar xəstəxanalara gəldiyi zaman üz-çənə travmaları ilə müraciət edən yaralılara yerində yardım göstərilməsi haqqında məlumatlar alırdım. Və mən bölgədəki xəstəxanalarla əlaqə saxladığım zaman həqiqətən də öz ixtisasıma uyğun tibbi yardımın göstərilməsinə ciddi ehtiyacın olduğunu hiss etdim və müharibənin ilk günündən döyüşlərin daha ağır və qaynar nöqtəsi olan Gəncəbasar bölgəsinə ezam olundum.

Bir neçə könüllü həkimlə Gəncəyə yollandıq və şəhərdəki özəl xəstəxanada işə başladıq. Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxananı hərbi hospitala çevirməyi qərara almışdılar. Onlardan xahiş etdim ki, mən də onların komandasında olmaq istəyirəm. 2 gün ərzində artıq döyüş bölgəsindən, xüsusən Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərlərə Naftalanda ilkin yardım göstərildi. Daha sonra ixtisaslaşmış yardım almaq üçün bizim xəstəxanalara yaralılarımız gəlməyə başladı. Yaralanmalar odlu silahlar və partlayışlardan yaranan travmalar idi ki, bu cür hallara dinc şəraitdə az rast gəlinir. İlk yaralıları qəbul etdiyimiz zaman etdiyimiz əməliyyatların bu qədər çətin olacağını nəzərə almamışdıq. Çox sevindirici haldır ki, mən Gəncəyə gedən zaman öz şəxsi klinikamda istifadə etdiyim və mənə lazım olacaq bütün tibbi ləvazimat və alətləri götürmüşdüm, bunlar əməliyyatların uğurla icrasında çox köməyimə dəydi. Və artıq ilk günlərdən başlayaraq üzündə güllə yaraları olan xəstələri qəbul etməyə başladıq. Bəzən bu xəstələr üzərində saatlarla əməliyyatlar gedirdi. Bir neçə briqada eyni anda çalışırdı, həkimlərimizin yaralılardan aldığı motivasiya bizi hər gün yorulmadan öz işimizi sevərək, ürəklə görməyə səbəb olurdu. 

– Yaralılara kömək edərkən hansı hissləri keçirirdiniz?

– Həqiqətən də müharibədə iştirak edənlər təsdiqləyər ki, bu anlar illər keçsə də gözümüzün önünə gəlir, bu hissləri yenidən xatırlayırıq. Xatırladıqca da içimizi vətən sevgisi bürüyür. Bunun əsas səbəbkarı məhz həmin əsgər və döyüşçülər idi. Onlarda olan bu ruh yüksəkliyi, vətən sevgisi bizi daha da həvəsləndirirdi ki, həmin yaralılara ən yüksək səviyyədə xidmət göstərək. Həmin anı mən yaxşı xatırlayıram. Xəstəxananın həyətinə qan verməyə yüzlərlə insanlar gəlirdi, yardımlar gətirirdilər. Təcili tibb maşını yaralıları gətirərkən insanlarımız köməyə tələsirdi. Onlar hər cür yardım göstərməyə hazır idilər. Təsəvvür etmək çətin idi.  Bunu bəlkə də mülki həyatda görmürəm. Tibb bacılarının, baxıcıların əsgərlərə göstərdiyi ilk yardım, qayğı, yaralıların əl-ayaqlarını yumalarının, yemək yedizdirmələrinin şahidi olurduq və bunlar hər bir insan kimi məndə də işimizə, peşəmizə olan məsuliyyətimizi, sevgimizi artırır və yorulmaq bilmədən öz işimizə davam edirdik.

– Yaddaqalan hansı anları xatırlayırsınız?

– Yaddaqalan hadisələr çox olub. Bir neçə yaralı olub ki, onlar heç vaxt yaddan çıxmaz. Çox sayda yaralı əsgər və zabitlərimiz var ki, onları bu gün də yaddan çıxara bilmirəm, hesab edirəm ki, onlar da bizləri yaddan çıxarmırlar. Biz onları yaddan çıxara bilmərik, çox uzunsürən əməliyyatlarımız oldu. Bunlardan ən yaddaqalanlardan biri Gəncə şəhərində böyük bir komanda ilə icra etdiyimiz bir əməliyyat idi. Əməliyyat hədsiz dərəcədə ağır travması olan xəstə üzərində aparıldı. Üz nahiyyəsinin yaralanması idi, müharibə vaxtı çox nadir rast gəlinən yara idi, bunu mən hər zaman deyirəm, dünya praktikasında görünməyən zədələrdən biri idi. Yaralı üzərində 3 saata yaxın əməliyyat icra elədik. Əməliyyatdan sonra xəstənin gözünü itirib-itirməməsi məsələsi var idi. Əsgərimizi ən yüksək səviyyəli briqada ilə əməliyyat etdikdən sonra görməsi, sağlığının geri qayıtması həqiqətən də bir möcüzə idi. Və biz bu hissləri Gəncədə yaşadıq.

Müharibənin təxminən 20-ci günündən sonra öz təşəbbüsümlə ağır döyüşlərin getdiyi Füzuli bölgəsinə getdim. Füzulidə çox ağır əməliyyatlar icra elədik. Onlardan yenə də yaddaqalan bir neçə xəstəmiz var ki, onlar barədə danışmaq istərdim. Bunlardan biri Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, dövlətimiz tərəfindən bir çox medal və ordenlərlə təltif olunmuş xüsusi təyinatlıların kapitanı Elvin Məmmədov idi. Elvini Şuşada güllə yarası aldıqdan 3 gün sonra xəstəxanaya gətirmişdilər. Onun Bakıya təxliyyəsi barədə qərar aldıq, ancaq Elvinin bir sözü cümləsi məni bu əməliyyatı Füzulidə icra etməyimə səbəb oldu. Elvin gülümsəyərək dedi ki, doktor, əməliyyatı eləməkdən qorxma, mən ölmərəm, 3 gün belə qalmışamsa, bundan sonra da qorxmaram. Təbii ki, bu işdə böyük bir məsuliyyət var idi. Məsuliyyətimizi dərk edirdik və həmin günlərdə qardaş Türkiyədən bizə çox böyük tibbi ləvazimatlar yardım olunmuşdu. Biz onlardan istifadə edərək Füzulidə 4 saat ərzində bu əməliyyatı həyata keçirdik. Halbuki dinc dövrdə bu əməliyyatları icra etmək üçün çox uzun planlamalar, saatlarla sürən konsiliumlar olur. Ancaq biz qərar almalı idik. Və qərara aldıqda mən çox sevinirım ki, Elvinin çənəsinin sonrakı mərhələlərdəki görüntüləri, aldığımız tomoqrafiyalar, rentgen müayinələri çox ideal əməliyyat icra etdiyimizi gördük. Normal vəziyyətlərdə müraciət olsa, bəlkə də əməliyyatı edib-etməmək barədə çox düşünərdim. Amma həmin vaxt əsgərlərdə olan ruh yüksəkliyi bizə də sirayət etmişdi.

 Yaddaqalan hadisələrdən birini də xüsusilə qeyd etmək istəyirəm. Çox ağır bir yaralı gəlmişdi. Qarın boşluğundan güllə girmişdi və xəstəxanaya daxil olan zaman vəziyyəti olduqca ağır idi. Təzyiqi də çox aşağı idi, çox güclü qanaxması olmuşdu. Yaralını dərhal xəstəxanaya götürdülər. Orada İbrahim həkim var idi. Bir saat sonra mən digər otaqdan əməliyyatdan çıxanda onu koridorun baş tərəfində ağladığını gördüm. Halbuki İbrahim həkim həmin yaralıya xəstəxanada qan vermişdi. İbrahim həkim dedi, həmin əsgərimiz şəhid oldu. Mən onu sakitləşdirməyə çalışırdım ki, siz həm cərrah, həm insan kimi əlinizdən gələni etdiniz, bunu düşünmək belə çətindir ki, həkim xəstəsini xilas etmək üçün həm əməliyyat edir, həm də əməliyyat gedişində öz qanını verir. Bunlar möcüzəli, mənim üçün heç vaxt yaddan çıxmayacaq anlar idi.

Əməliyyatlarımız sadəcə bir nəfərin işi deyildi. Bu barədə danışarkən tibb bacılarının, oradakı kiçik tibb işçilərinin qəhrəmanlığını biz həkimlərdən daha yüksək qiymətləndirirəm. Biz bu işlərə hazır idik, onlar isə qadın idilər, Bakıdan ezam olunanlar, könüllü gələnlər var idi ki, günlərlə orada yorulmadan bir əməliyyat bitməmiş o biri əməliyyata hazırlaşırdılar. Bunlar uzunsürən əməliyyatlarda yaşadığımız inanılmaz hisslər idi.

– Əsgərlərimizin qəhrəmanlığı barədə nə deyərdiniz?

– Bu barədə günlərlə, saatlarla danışmaq olar. Bu gün onlardan danışanda göz yaşlarını saxlamaq olmur, o anları yaşamaq lazımdır. Əsgərlərimizin Vətən sevgisini orada görmək lazım idi. Biz qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisini gələcək nəsillərə aşılamalıyıq. Xəstəxanada yaralı zabitlərimiz özlərini deyil, yaralı əsgərləri təcili tibbi yardım göstərilməsi üçün qabağa verirdilər. Əsgər və zabitlərimizin dedikləri bir söz vardı: “Biz müharibəyə qayıtmalıyıq!”, “Biz döyüş bölgəsinə qayıtmalıyıq!”. Deyirdilər ki, “bizim taborda şəhid olanlar var, mən ondan əskik deyiləm. O şəhid olub, mən də onun yanına getməliyəm. Mən döyüşə qayıtmalıyam”. Yəni əsgərlərimizdə böyük ruh yüksəkliyi var idi. Onlar yalnız ön cəbhəyə, döyüş bölgəsinə can atırdılar. Düşüncələrində də yalnız bu idi, ailələrinə zəng eləmək, danışmaq barədə düşünmürdülər. Deyirdilər ki, ailəmiz, valideynlərimiz yaralı olduğumuzu bilməsinlər. Bəziləri hətta döyüş bölgəsində olduğunu xəbər verirdi. Onlardan bəzilərini biz evlərinə göndərməyə çalışsaq da, döyüş bölgəsinə qayıtdılar. Bəzilərinin sonradan şəhid olduğunu gördük. Təsirli anlardan biri də bu oldu ki, bizim həkimlərdən biri şəhidlik zirvəsinə yüksələn əsgərin yaxını idi. Öz əllərində şəhid oldu, yenə də ruhdan düşmədi. Həkim ailəsini çağırdı, öz əlləri ilə şəhid olan əsgərimizi ailəsinə təhvil verdi. Xidmət yerini tərk etmədi, “mən burada lazımam!” dedi.