"Dövlət Proqramı mənim həyat yolumu dəyişdi" – MÜSAHİBƏ

10 İyun, 2026 - 17:08
"Dövlət Proqramı mənim həyat yolumu dəyişdi" – MÜSAHİBƏ

Böyük Britaniyanın nüfuzlu Kembric Universitetində doktorantura təhsili alan azərbaycanlı tədqiqatçı Turan Abbaszadə şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində araşdırmalar aparır. "Azərbaycan müəllimi" xəbər verir ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan azərbaycanlı tədqiqatçı Kembricdəki elmi mühit, şəhərsalma sahəsində qlobal tendensiyalar, Qarabağda həyata keçirilən yenidənqurma layihələri və gələcək planları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-Şəhərsalma və şəhər iqtisadiyyatı sahəsinə marağınız necə yarandı?

-Hazırda Kembric Universitetinin "Land Economy" (Ərazi İqtisadiyyatı) departamentində doktorantura təhsili alıram. Akademik yoluma biznesin idarə edilməsi sahəsində başlamışam, daha sonra magistratura təhsilimi Kembricdə şəhər planlaşdırılması və iqtisadiyyatı üzrə davam etdirmişəm. Şəhərlərə marağım həm müxtəlif şəhərlərdə yaşama və səyahət təcrübəmdən, həm də şəhərlərin insanların sosial həyatına və iqtisadi imkanlarına necə təsir etdiyini anlamaq istəyimdən yaranıb.

-Kembric Universitetində hansı mövzu üzrə doktorluq tədqiqatı aparırsınız? Araşdırmanızın əsas məqsədi nədir?

-Tədqiqatım şəhər iqtisadiyyatı və şəhərsalmanın kəsişməsindədir. Əsasən kommersiya obyektlərinin- mağazaların, kafe və restoranların zamanla necə dəyişdiyini və bunun şəhərlərin iqtisadi və sosial inkişafına necə təsir etdiyini araşdırıram.

-“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq sizə hansı imkanları yaradıb?

-Dövlət Proqramı mənim üçün çox böyük imkanlar yaradıb. Bu təqaüd sayəsində dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almaq, aparıcı alimlər və mütəxəssislərlə tanış olmaq imkanı qazandım. Bu təcrübə həm akademik baxışımı, həm də gələcək karyera istiqamətimi ciddi şəkildə formalaşdırdı. Düşünürəm ki, bu proqram mənim həyat yolumu dəyişən əsas imkanlardan biri olub.

-Kembric Universitetində təhsil və tədqiqat mühitini necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Xüsusilə magistratura təhsilinə başlayanda elmi araşdırmanın əslində necə aparılmalı olduğunu daha dərindən anladım. Kembric mənə yalnız akademik bilik vermədi, həm də düşünmə tərzimi formalaşdırdı. Hər bir fikrə tənqidi yanaşmaq, məlumatı yoxlamaq və arqumentləri ciddi elmi əsaslarla qurmaq çox vacibdir. Bu mühit mənim akademik yazı, tədqiqat və analitik düşünmə bacarıqlarımı çox inkişaf etdirdi. Düşünürəm ki, bu təcrübə mənim gələcək fəaliyyətimdə də daim faydalı olacaq.

-Şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində hazırda dünyada hansı əsas tendensiyalar və çağırışlar müşahidə olunur?

-Hazırda şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində bir neçə əsas istiqamət ön plana çıxır. Bunlardan biri iqlim dəyişikliyi və dayanıqlı şəhərlər məsələsidir: şəhərləri həm ekoloji baxımdan daha davamlı, həm də insanlar üçün daha yaşana bilən və inklüziv etmək. Digər mühüm istiqamət regional bərabərsizliklərlə bağlıdır. İqtisadi inkişaf yalnız paytaxtda və böyük şəhərlərdə deyil, ölkənin müxtəlif regionlarında da təmin oluna bilər. Təbii ki, bu sahə çox genişdir, amma mənim öz tədqiqat sahəmlə daha çox kəsişən əsas çağırışlar məhz dayanıqlı, inklüziv və regional baxımdan daha balanslı şəhər inkişafıdır.

-Araşdırmalarınızın nəticələrinin gələcəkdə Azərbaycanın şəhərlərinin inkişafına və urbanizasiya siyasətinə hansı töhfələri verə biləcəyini düşünürsünüz?

-Kembricdə qazandığım bilik və tədqiqat bacarıqlarının Azərbaycanda tətbiq üçün böyük potensialı olduğunu düşünürəm. Azərbaycanda şəhərsalma sahəsində çalışan mütəxəssislər var, amma bu sahədə akademik tədqiqatların daha da genişlənməsinə ehtiyac var. Xüsusilə nəqliyyat, inklüzivlik, regional inkişaf və şəhər iqtisadiyyatı kimi mövzular üzrə daha çox araşdırma aparılması vacibdir. Öz tədqiqatımda istifadə etdiyim yanaşmalar Azərbaycanda müxtəlif şəhər və regionların inkişafını anlamaq üçün də tətbiq oluna bilər. Gələcəkdə bu sahədə bilik istehsalına və siyasət müzakirələrinə töhfə vermək istəyirəm.

-Azərbaycanda şəhərsalma sahəsində son illər həyata keçirilən layihələri və dəyişiklikləri necə qiymətləndirirsiniz?

-Şəhərsalma sahəsinə marağımın artması müəyyən mənada Azərbaycanda bu sahəyə diqqətin artdığı dövrlə üst-üstə düşdü. Xüsusilə Qarabağda aparılan yenidənqurma işləri, eyni zamanda, Bakının yeni Baş Planı şəhərsalmanın ölkə üçün nə qədər vacib istiqamətə çevrildiyini göstərir. Bu prosesləri müsbət qiymətləndirirəm, xüsusilə insanyönümlü, dayanıqlı və uzunmüddətli şəhər inkişafına verilən önəmi. Amma təbii ki, plan hazırlamaq bir mərhələdir, onu uğurla həyata keçirmək isə daha çətin və vacib mərhələdir. Ümid edirəm ki, bu istiqamətdə davamlı və keyfiyyətli nəticələr görəcəyik.

-Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi barədə fikirləriniz nələrdir?

-Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələri maraqla izləyirəm. Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi müasir şəhərsalma yanaşmalarına uyğun addımdır. Bu gün rəqəmsallaşma şəhərlərin idarə olunmasında getdikcə daha böyük rol oynayır. Rəqəmsal xidmətlər, məlumatların effektiv istifadəsi və yeni texnologiyaların tətbiqi həm şəhər idarəçiliyinin keyfiyyətini artırır, həm də vətəndaşların həyatını asanlaşdırır. Bu baxımdan Azərbaycanın bu istiqamətdə atdığı addımları müsbət qiymətləndirirəm və gələcəkdə bu layihələrin nəticələrini görməyi səbirsizliklə gözləyirəm.

-Xaricdə təhsil alan azərbaycanlı tələbə və tədqiqatçıların ölkəmizin inkişafında rolunu necə qiymətləndirirsiniz?

-Onların ölkənin inkişafında çox mühüm rol oynadığını düşünürəm. Mən özüm də son illərdə xaricdə təhsil alıb Azərbaycana qayıdan gənc mütəxəssislərin fəaliyyətini yaxından izləyirəm. Onların müxtəlif sahələrdə qazandıqları bilik və təcrübəni Azərbaycan kontekstinə tətbiq etməsi çox ruhlandırıcıdır. Xüsusilə tədqiqat, təhsil, dövlət idarəçiliyi və özəl sektorda bu insanların töhfələrini görmək mənə də motivasiya verir. Düşünürəm ki, Dövlət Proqramının ən böyük dəyərlərindən biri məhz budur: xaricdə qazanılan bilikləri ölkənin inkişafına yönəltmək.

-Gələcək karyera planlarınız nələrdir? Təhsilinizi başa vurduqdan sonra fəaliyyətinizi hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?

-Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb akademik fəaliyyətimi davam etdirməyi planlaşdırıram. Hazırda bu istiqamətdə ADA Universitetində tədqiqat və tədris fəaliyyəti ilə məşğul olmaq ehtimalı var və buna çox müsbət baxıram. Eyni zamanda, şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində dövlət qurumları, özəl sektor və mütəxəssislərlə əməkdaşlıq etmək istərdim. Gələcəkdə bu mövzular üzrə müzakirələr, seminarlar və peşəkar platformalar yaratmaq da hədəflərimdən biridir.

-Xaricdə təhsil almağı arzulayan gənc azərbaycanlılara hansı tövsiyələri vermək istərdiniz?

- Xaricdə təhsil almaq istəyən gənclərə əsas tövsiyəm budur: özünüzü əvvəlcədən məhdudlaşdırmayın və ən yüksək hədəflər qoymaqdan çəkinməyin. Bəzən insan düşünür ki, “bəlkə, mən bacarmaram” və ya “bu, mənim üçün deyil”, amma çox vaxt ilk addımı atmaq ən vacib məsələdir. Eyni zamanda, imkanları gözləməklə kifayətlənməmək, onları yaratmaq da vacibdir. Xaricdə təhsil almaq rahat proses deyil, çətinlikləri olur. Amma bu təcrübə insanı həm akademik və peşəkar, həm də şəxsi baxımdan çox inkişaf etdirir. Ona görə gənclərə tövsiyəm budur ki, cəsarətli olsunlar, fürsətlərdən istifadə etsinlər və özlərinə inansınlar.

-Azərbaycanla bağlı gələcək elmi və peşəkar hədəfləriniz barədə nə deyə bilərsiniz?

-İlk növbədə, Kembricdə apardığım tədqiqatdan qazandığım bilik və yanaşmaları Azərbaycan kontekstinə tətbiq etmək istəyirəm. Məqsədim Azərbaycanda şəhərsalma, şəhər iqtisadiyyatı və regional inkişaf sahəsində akademik biliklərin artmasına töhfə verməkdir. Eyni zamanda, bu biliklərin yalnız elmi məqalələrlə məhdudlaşmamasını, real qanunvericilik və praktiki qərarlarla əlaqələnməsini istəyirəm. Bunun üçün akademiya, dövlət qurumları və özəl sektor arasında daha çox dialoq və əməkdaşlıq vacibdir. Gələcəkdə bu sahədə körpü rolunu oynamaq və ortaq müzakirələrə töhfə vermək əsas hədəflərimdən biridir.