“Hər tədqiqata "bu, bəşəriyyətə nə verəcək?" sualı ilə yanaşıram” – elmdə yeni model yaradan azərbaycanlı

23 İyul, 2026 - 09:15
“Hər tədqiqata "bu, bəşəriyyətə nə verəcək?" sualı ilə yanaşıram”

Hər gün dünyanın müxtəlif laboratoriyalarında gələcəyin mənzərəsini dəyişə biləcək araşdırmalar aparılır. Dünya elminə töhfə verən həmin tədqiqatların arxasında azərbaycanlı gənclərin də imzası var. Onlardan biri hazırda Mançester Universitetində molekulyar biologiya üzrə doktorantura təhsili alan Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazovdur. O, alimlərin uzun illərdir üzərində çalışdığı, lakin araşdırılması son dərəcə çətin hesab olunan mühüm elmi problemlərdən biri üçün yeni model hazırlayıb. Bu model gələcəkdə xərçəng, Altsheymer, Parkinson və digər mürəkkəb xəstəliklərin molekulyar mexanizmlərinin araşdırılmasında yeni imkanlar aça bilər.

“Azərbaycan müəllimi” Edqar Şahbazovla müsahibəsində onun elmə gəliş yolundan, Mançester Universitetində apardığı tədqiqatlardan, hazırladığı modelin mahiyyətindən və Azərbaycanın biotexnologiya sahəsində perspektivlərindən danışıb.

“Hər tədqiqata “bu iş bəşəriyyətə nə verəcək?” sualı ilə yanaşıram”

– Edqar bəy, bu gün dünyanın aparıcı universitetlərindən birində molekulyar biologiya sahəsində tədqiqat aparırsınız. Amma hər şey haradan başladı? Elmə marağınız necə yarandı və bu günə qədər keçdiyiniz akademik yol necə olub?

– Molekulyar biologiyanı seçməyimin əsas səbəbi bu sahəyə marağımın hələ məktəb illərində, olimpiadalara hazırlıq dövründə formalaşması idi. XI sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında iştirak edib respublika mərhələsinə qədər yüksəlmişdim. Olimpiadalara hazırlıq kifayət qədər çətin prosesdir və insanı tədricən böyük kimya, molekulyar biologiya dünyasına aparır.

Kimyaya həmişə marağım olub. Molekulyar biologiyanı daha dərindən öyrəndikcə isə özüm üçün dəqiq qərar verdim ki, gələcək fəaliyyətimi məhz bu sahəyə həsr edəcəyəm.

Həmin il Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul oldum və universiteti yüksək göstəricilər ilə bitirdim. Daha sonra Dövlət Proqramı çərçivəsində magistratura təhsilimi İsrailin Yerusəlim Yəhudi Universitetində davam etdirdim.

Düşünürəm ki, epigenetikaya marağım məhz həmin dövrdə formalaşdı. Bizə bu fənni professor Leo David tədris edirdi. Hər mühazirədən sonra qrup yoldaşlarımızla mövzunu uzun müddət müzakirə edirdik. Elə həmin vaxt qərara gəldim ki, doktorantura təhsilimi də epigenetika istiqamətində davam etdirəcəyəm. Magistraturanın son ilində artıq bu sahədə dünyanın ən güclü laboratoriyalarını araşdırmağa başladım. Nəticədə Mançester Universitetində hazırkı elmi rəhbərimin laboratoriyasını seçdim. Burada yaşlanma ilə əlaqəli xəstəliklər, neyrodegenerativ xəstəliklər və epigenetikanın molekulyar əsasları üzrə aparılan tədqiqatlar mənim maraq dairəmlə tam üst-üstə düşürdü. Dövlət Proqramı sayəsində bu laboratoriyada doktorantura təhsili almaq imkanını əldə etdim.

Bu illər ərzində akademik baxımdan ciddi inkişaf etdiyimi hiss edirəm. Bakı Dövlət Universiteti mənə çox güclü baza verdi. İsrail və Böyük Britaniyada isə həmin baza üzərində elmi düşüncə tərzimi formalaşdırmaq, müstəqil tədqiqat aparmaq bacarığı qazandım.
Mənim üçün ən böyük dəyişiklik isə elmin mahiyyətini daha dərindən dərk etmək oldu. Artıq hər tədqiqata “bu iş bəşəriyyətə nə verəcək?” sualı ilə yanaşıram. Məncə, alim üçün ən vacib inkişaf da məhz budur.

– Hazırda üzərində çalışdığınız tədqiqat dünya elmi üçün mühüm yeniliklərdən biri kimi qiymətləndirilir. Hazırladığınız model hansı elmi problemi həll etməyə kömək edir?

– Doktorantura tədqiqatım əsasən epigenetikanın molekulyar əsaslarına həsr olunub. Bu tədqiqat çərçivəsində mitoxondriyaları araşdırırıq. Mitoxondriyalar orqanizmdə çox mühüm funksiyalar yerinə yetirir. Müasir tədqiqatlar göstərir ki, onlar yaşlanma, xərçəng, neyrodegenerativ xəstəliklər, o cümlədən Altsheymer, Parkinson və Hantinqton xəstəlikləri, eləcə də yaşla əlaqəli digər degenerativ və bəzi ağır psixi xəstəliklərlə sıx əlaqəlidir.

Biz bu proseslərin molekulyar əsaslarını öyrənməklə orqanizmin daha uzunömürlü olmasının, neyrodegenerativ xəstəliklərin qarşısının alınmasının və gələcəkdə onların müalicəsi üçün yeni yanaşmaların elmi əsaslarını araşdırırıq.

Tədqiqatım əsasən mitoxondriyalarda düzgün kodlanmamış zülalların orqanizmdə yaratdığı stres mexanizmlərinin epigenetik əsaslarının öyrənilməsinə yönəlib. Mövzu bir qədər mürəkkəb səslənə bilər. Sadə dillə desək, biz model orqanizm üzərində işləyirik. Bildiyiniz kimi, bəzi elmi-tədqiqatları insanlar üzərində aparmaq mümkün deyil. Bunun həm etik səbəbləri var, həm də insan həyatının hər şeydən üstün tutulması prinsipi mövcuddur. Eyni zamanda elə araşdırmalar var ki, gələcəkdə milyonlarla insanın sağlamlığı üçün böyük əhəmiyyət daşısa da, ilkin mərhələdə insanlar üzərində sınaqdan keçirilə bilməz.
Məhz buna görə biologiyada model orqanizmlərdən istifadə olunur. Bu orqanizmlər insanla bir çox fundamental molekulyar mexanizmi paylaşırlar. Təkamül yolu fərqli olsa da, hüceyrə səviyyəsində baş verən əsas proseslər böyük ölçüdə oxşardır.
Biz də tədqiqatlarımızı “Caenorhabditis elegans” adlı model orqanizm üzərində aparırıq. Bu kiçik nematodun əsas üstünlüyü ondan ibarətdir ki, burada molekulyar səviyyədə müşahidə etdiyimiz bir çox proseslərin insan orqanizmində də analoji qarşılığı mövcuddur.

Bu gün “Caenorhabditis elegans” üzərində aparılmış yüzlərlə tədqiqat sayəsində əvvəllər müalicəsi mümkün hesab edilməyən və ya çox təhlükəli sayılan bir sıra xəstəliklərin molekulyar mexanizmləri daha yaxşı başa düşülüb. Bu da yeni müalicə üsullarının hazırlanmasına ciddi töhfə verib. Biz də əldə etdiyimiz nəticələri insan orqanizmində baş verən analoji proseslərlə müqayisə edirik.

“Tədqiqatımızın əsas yeniliyi məhz budur...”

– Müsahibəmizin əvvəlində də qeyd etdik ki, hazırladığınız model alimlərin uzun illərdir araşdırmağa çalışdığı mühüm problemlərdən biri üçün yeni imkan yaradır. Bu model konkret olaraq necə işləyir və onu mövcud metodlardan fərqləndirən nədir?

– Müasir molekulyar biologiyada genlərin funksiyalarını öyrənmək üçün müxtəlif üsullardan istifadə olunur. Bunlardan biri genin DNT səviyyəsində tam deaktiv edilməsi, yəni orqanizmdən çıxarılmasıdır. Bəzən isə tədqiqat məqsədilə başqa genlər orqanizmə daxil edilir.

Lakin bu yanaşmaların müəyyən məhdudiyyətləri var. Məsələn, mənim araşdırdığım SET-16 genini orqanizmdən tam çıxardıqda bu dəyişiklik ölümcül nəticələnir. Belə olduqda geni tamamilə silmək mümkün olsa da, onun funksiyasını öyrənmək çətinləşir, çünki orqanizm yaşamır.

Məhz buna görə biz yeni tədqiqat modeli hazırladıq. Bu metodun mahiyyəti ondan ibarətdir ki, geni orqanizmdən çıxarmırıq. Əvəzində genin daxilinə xüsusi degron hissəsi yerləşdiririk. Daha sonra auksin adlı maddənin köməyi ilə həmin genin sintez etdiyi zülalı seçici şəkildə parçalayırıq. Beləliklə, gen yerində qalır, lakin onun yaratdığı zülalın funksiyasını müvəqqəti dayandırmaq və rolunu öyrənmək mümkün olur.

Tədqiqatımızın əsas yeniliyi də məhz bundadır. Əslində, bu, kifayət qədər mürəkkəb prosesdir. Çünki eyni model orqanizmdə həm mitoxondrial stres mexanizmini, həm SET-16 geninin funksiyasını, həm də auksin vasitəsilə həyata keçirilən deqradasiya sistemini birlikdə işlək vəziyyətə gətirmək olduqca çətindir. Bu, genetik baxımdan mürəkkəb konstruksiyadır və belə bir modeli yaratmaq uzun zaman və ciddi əmək tələb edir. Xoşbəxtlikdən, laboratoriyamızda bunu həyata keçirmək mümkün oldu və hazırda həmin model üzərində tədqiqatlarımızı davam etdiririk.

“Hazırladığımız model gələcəkdə alimlər üçün çox böyük imkanlar yaradacaq”

– Hazırladığınız model gələcəkdə elmə hansı imkanları qazandıra bilər? Başqa sözlə, bu modeldən istifadə etməklə alimlər hansı sualların cavabını tapa biləcəklər?

– Ümumilikdə hesab edirəm ki, hazırladığımız model gələcəkdə alimlər üçün çox böyük imkanlar yaradacaq. Daha doğrusu, biz laboratoriya olaraq belə düşünürük.

Bildirdiyim kimi, bəzi genlərin orqanizmdən çıxarılması və ya onların funksiyasının tam dayandırılması ciddi fəsadlara, hətta orqanizmin ölümünə səbəb olur. Bu isə həmin genlərin funksiyalarını öyrənməyi xeyli çətinləşdirir.

Hazırladığımız model belə genlərin daha təhlükəsiz və dəqiq şəkildə araşdırılmasına imkan verir. Əgər həmin genlər xərçəng, Altsheymer xəstəliyi, digər neyrodegenerativ xəstəliklər və ya yaşlanma ilə əlaqəli proseslərdə iştirak edirsə, bu metod onların funksiyalarını daha dərindən öyrənmək üçün yeni imkanlar açır.

Əlbəttə, bu, birbaşa müalicə üsulu deyil. Söhbət fundamental elmdən gedir. Lakin məhz fundamental tədqiqatlar gələcəkdə yeni müalicə yanaşmalarının formalaşmasının əsasını qoyur.

– Elmi araşdırmaların nəticələrinin laboratoriyadan kənara çıxaraq insan həyatına təsir etməsi hər bir alimin arzusudur. Siz öz tədqiqatınızın gələcəyini necə görürsünüz?

– Əlbəttə, mənim başqa tədqiqatlarım da var. Lakin onların bir hissəsi hələ davam etdiyi və nəticələri dərc olunmadığı üçün hazırda bu barədə ətraflı danışa bilmərəm. Bunlar hələlik laboratoriya daxilində saxlanılan elmi məlumatlardır.

Ümid edirəm ki, gələcəkdə həmin tədqiqatların nəticələri barədə də daha ətraflı məlumat vermək imkanım olacaq. Əsas məqsədimiz tədqiqatların yalnız elmi məqalələr şəklində qalması deyil. İstəyirik ki, əldə etdiyimiz nəticələr gələcəkdə praktik tətbiq imkanları qazansın, xəstəliklərin müalicəsində və ya onların qarşısının alınmasında istifadə olunsun.

Elmdə ən böyük məqsədlərdən biri fundamental araşdırmaları real tibbi tətbiqlərə çevirməkdir. Mənim üçün ən böyük uğur da tədqiqatın yalnız elmi yenilik kimi qalması deyil, insanların sağlamlığına real töhfə verə bilməsidir. Ümid edirəm ki, gələcəkdə əldə etdiyimiz nəticələr həm elm, həm də tibb sahəsi üçün faydalı olacaq.

– Yeni metod təqdim olunanda elmi ictimaiyyətdə həmişə müəyyən suallar və tərəddüdlər yaranır. Sizin hazırladığınız model beynəlxalq elmi ictimaiyyət tərəfindən necə qarşılandı?

– Tədqiqatımızın nəticələri elmi ictimaiyyət tərəfindən müsbət qarşılanır. İlkin mərhələdə bu metodun əsasını təşkil edən yanaşmanı təqdim edəndə bəzi alimlər onun mümkün əlavə təsirləri ilə bağlı müəyyən suallar irəli sürürdülər. Bu, tamamilə təbii idi. Çünki istənilən yeni genetik və ya biotexnoloji metodun təhlükəsizliyi əvvəlcə ciddi şəkildə yoxlanılır, mümkün yan təsirləri qiymətləndirilir. Lakin həm bizim laboratoriyada, həm də digər tədqiqat qruplarının apardığı araşdırmalar göstərdi ki, tətbiq etdiyimiz metod ciddi əlavə təsirlər yaratmır.

Əlbəttə, biologiya və tibdə hər hansı yeni metodun tətbiqi zamanı təhlükəsizlik və etik prinsiplər hər zaman əsas şərtdir. Xoşbəxtlikdən, indiyədək bizim metodda ciddi əlavə təsir müşahidə etməmişik. Hətta gələcəkdə müəyyən əlavə təsirlər aşkar olunsa belə, bununla bağlı elmi hipotezimiz var. Hesab edirik ki, gen mühəndisliyi prosesi düzgün aparılarsa və degron sisteminin genə inteqrasiyası dəqiq şəkildə həyata keçirilərsə, bu təsirlər minimum səviyyədə olacaq.

Məhz bu yanaşmanın üstünlüyü ondadır ki, əvvəllər öyrənilməsi çox çətin hesab olunan, onlarla laboratoriyanın uzun illər ərzində cavab tapa bilmədiyi elmi sualları daha effektiv şəkildə araşdırmaq mümkün olur.

Başqa sözlə, bu metod gələcək fundamental tədqiqatlar üçün geniş imkanlar yaradan platformadır. Mən hesab edirəm ki, onun əsas dəyəri də məhz bundadır.

– Müsahibəmizin əvvəlində qeyd etdiniz ki, bu cür tədqiqatlar gələcəkdə Azərbaycanın biotexnologiya sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməsinə töhfə verə bilər. Sizcə, bunun üçün hansı addımlar atılmalıdır?

– Hesab edirəm ki, təkcə mənim tədqiqatım deyil, ümumilikdə müasir molekulyar biologiyada baş verən inqilabi araşdırmalar, yeni metodlar və əldə olunan nəticələr Azərbaycanın biotexnologiya sənayesinin inkişafı üçün böyük perspektivlər vəd edir.

İlk növbədə, ölkəmizdə bu sahədə tətbiq oluna biləcək müasir metod və texnologiyalara ciddi ehtiyac var. Onların Azərbaycanda tətbiqi həm səhiyyə, həm də iqtisadiyyat baxımından mühüm nəticələr verə bilər. Bu gün inkişaf etmiş ölkələrdə, o cümlədən Böyük Britaniyada biotexnologiya süni intellekt qədər sürətlə inkişaf edən strateji sahələrdən biridir. Bu sahə artıq təkcə elm deyil, həm də iqtisadi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda da müasir biotexnologiya sahəsində ən son elmi metodların tətbiqi mümkün olacaq və bu istiqamətdə güclü elmi mühit formalaşacaq.
Əgər məsələyə praktik tərəfdən yanaşsaq, ölkədə güclü biotexnologiya mərkəzinin yaradılması, burada aparılan tədqiqatların xəstəxanalar və tibb müəssisələri ilə əlaqələndirilməsi Azərbaycanın regionun mühüm elmi və texnoloji mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər. Bu, eyni zamanda ölkəmizin beynəlxalq elmi nüfuzunun güclənməsinə də xidmət edər.

“Azərbaycanda biotexnologiya mərkəzinin yaradılmasını istəyirəm”

– Bəs özünüzü gələcəkdə bu prosesin harasında görürsünüz? Xaricdə qazandığınız bilik və təcrübəni Azərbaycana gətirmək planlarınız varmı?

– Əlbəttə. Bunun üçün, ilk növbədə, müasir elmi infrastrukturun formalaşdırılması vacibdir. Hesab edirəm ki, doktorantura təhsilimin növbəti mərhələlərində bu istiqamətdə də lazımi bilik və təcrübə qazana biləcəyəm. Gələcəkdə əməkdaşlıq etdiyim xarici alimlərlə birlikdə Azərbaycanda biotexnologiya mərkəzinin yaradılması istiqamətində təşəbbüslərlə çıxış etmək, bu məqsədlə startap formalaşdırmaq niyyətindəyəm.

Hesab edirəm ki, ölkəmizdə elmə, təhsilə və texnologiyaya göstərilən diqqət belə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Son illər aparılan islahatlar, innovasiya və süni intellekt sahəsində görülən işlər göstərir ki, Azərbaycan bu istiqamətdə düzgün inkişaf yolu seçib. Biotexnologiyanın da bu inkişaf prosesinə inteqrasiyası ölkəmiz üçün mühüm addım ola bilər.

Əlbəttə, bunlar hələ gələcəyə hesablanmış planlardır. Amma düşünürəm ki, bu gələcək çox uzaqda deyil. Azərbaycanın həm resursları, həm də strateji baxışı belə bir infrastrukturun yaradılmasına imkan verir. Əgər xaricdə təhsil almış azərbaycanlı alimlər, ölkə daxilində çalışan tədqiqatçılar və beynəlxalq tərəfdaşlar bir araya gələ bilsələr, Azərbaycanda güclü biotexnologiya mərkəzi yaratmaq mümkündür. Bu həm vətəndaşlarımızın rifahına, həm ölkənin milli maraqlarına, həm də beynəlxalq elmi nüfuzunun güclənməsinə xidmət edər.

Bu gün biotexnologiya artıq yalnız elmi yeniliklərdən ibarət sahə deyil. O, iqtisadi, texnoloji və geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Mən molekulyar bioloq kimi hesab edirəm ki, qarşıdakı onilliklərdə biotexnologiyada lider mövqe tutan ölkələr dünyada daha böyük söz sahibi olacaqlar. Bu yanaşma süni intellekt və digər yüksək texnologiyalar üçün də keçərlidir. Xüsusilə süni intellektlə biotexnologiyanın inteqrasiyası gələcək elmi inkişafın əsas istiqamətlərindən birinə çevriləcək və bu proses daha da sürətlənəcək.