ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla görüşlərini davam etdirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Qazax–Tovuz bölgəsi üzrə növbəti regional görüş Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər. Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, ETİHİ-nin məsul əməkdaşları və 472 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Çıxış edən Cəmaləddin Quliyev həmkarlar ittifaqlarının sosial-iqtisadi sabitliyin qorunmasında oynadığı mühüm roldan, üzv təşkilatların ictimai fəaliyyətində birliyin və həmrəyliyin əhəmiyyətindən danışıb. Daha sonra Araz Paşayev çıxış edərək bildirib ki, üzv təşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinin dəstəklənməsi ETİHİ-nin əsas prioritetlərindəndir. O, həmkarlar ittifaqlarının sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının qorunması istiqamətində bir il ərzində həyata keçirilmiş layihələr və fəaliyyət planları barədə geniş təqdimatla çıxış edib. Görüş zamanı üzv təşkilatların fəaliyyəti, yeni təşəbbüslər və gələcək planlar müzakirə olunub, sədrlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bölgələrdə ilk təşkilat sədrləri ilə görüşlərini mərhələli şəkildə davam etdirir. Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündə birləşdirir.



