Əvvəlki illərin addımları PISA göstəricilərində əksini tapır – Emin Əmrullayev
"Riyaziyyat üzrə nəticələrimiz ən yaxşı göstəricilərimizdəndir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın PISA nəticələrində xüsusilə riyaziyyat üzrə göstəricilər diqqətçəkəndir:
"Əvvəlki illərdə həyata keçirilən müəyyən addımların nəticələri də PISA göstəricilərində öz əksini tapır. Bu istiqamətdə əldə olunan nəticələrin 80-90 faizə qədər hissəsi müvafiq yanaşmaların təsiri ilə bağlı ola bilər. Bu sahələrdə də müəyyən nəticələr əldə olunub, lakin riyaziyyat üzrə göstəricilər daha müsbət mənzərə ortaya qoyur. Azərbaycan ən yaxşı nəticələrimizdən birini göstərərək riyaziyyat üzrə 49-cu yerdə qərarlaşıb".
Nazir bildirib ki, bu, ölkənin yaxşı göstəricilərindən biri olmaqla yanaşı, əvvəlki nəticələrlə müqayisədə artımı da göstərir:
"Riyaziyyat üzrə 49-cu yerdəyik. Bu, ən yaxşı göstəricilərdəndir. Eyni zamanda da artım göstəricisidir. Biz ən yaxşı artım göstərən ölkələrdən biriyik. 2025 nəticələri Azərbaycan təhsilində həm müsbət məqamları, həm də gələcəkdə üzərində işlənilməli istiqamətləri müəyyənləşdirməyə imkan verir".




