Eyni şans olsaydı, yenə buranı seçərdim - Lənkəranda təhsil alan əcnəbilər
Son illər Azərbaycan ali təhsil məkanında beynəlxalq əlaqələr genişlənir, müxtəlif ölkələrdən tələbələr akademik mübadilə proqramları çərçivəsində yerli universitetlərdə təhsil almağa gəlirlər.
“Azərbaycan müəllimi” Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universiteti ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında qurulan əməkdaşlıq çərçivəsində təhsil almaq üçün ölkəmizə gələn iki tələbə ilə söhbətləşib. Qazaxıstandan Azərbaycana təhsil almağa gələn tələbələr oxumaq üçün Lənkəran Dövlət Universitetini seçiblər. Onlar üçün Lənkəran təkcə təhsil aldıqları məkan deyil, həm də yeni bir həyat məktəbidir. Bu şəhərin yaşıllığı, insanlarının səmimiyyəti və universitetin tədris mühiti onlara həm bilik, həm də mənəvi zənginlik qazandırır.
“Yeni mədəniyyətlə tanış olmaq həmişə arzum olmuşdu”
Qazaxıstanlı tələbələrdən biri - Fəridə Sauribay Erbolqızı 2006-cı ildə Atırau vilayətinin Qızılqova rayonunun Cangəldin kəndində anadan olub. O, 2023-cü ildə dövlət hesabına Atırau Universitetinə “Xarici dil” ixtisası üzrə qəbul olunub və hazırda akademik mübadilə proqramı çərçivəsində LDU-da təhsilini davam etdirir. Fəridə deyir ki, Azərbaycana gəlmək qərarı onun üçün həm cəsarət, həm də böyük bir fürsət olub:
“Qazaxıstandan Azərbaycana gəlməyimin ən önəmli səbəbi Atırau Universitetinin verdiyi fürsəti dəyərləndirib xaricdə təhsil almaq istəyim idi. Xaricdə oxumaq və yeni bir mədəniyyətlə tanış olmaq həmişə mənim arzum olmuşdu. Azərbaycan haqqında çox eşitmişdim, xüsusən də xalqının mehriban və qonaqpərvər olması barədə. Lənkəran haqqında ilk dəfə eşidəndə hiss etdim ki, bu şəhər mənim üçün sakitlik və xoş xatirələrlə dolu bir yer olacaq”.
“Hər iki ölkənin təhsil sistemləri bir-birinə bənzəyir, lakin universitetdə ilk gün məni təəccübləndirən bir şey oldu”
O, ilk günlərdə yeni mühitə uyğunlaşmağın bir qədər çətin olduğunu da gizlətmir: “Açığı, hər iki ölkənin təhsil sistemləri bir-birinə bənzəyir, lakin universitetdə ilk gün məni təəccübləndirən bir şey oldu: Atırau Universitetində dərslər 50 dəqiqə davam edirsə, burada dərslər 90 dəqiqədir. Buna görə də ilk həftə mənim üçün çətin keçdi. Xoşbəxtlikdən LDU-da müəllim və tələbələr bizi çox yaxşı qarşıladılar. Əvvəllər uyğunlaşmaq mənim üçün çətin idi, amma müəllimlər və tələbələr hər zaman kömək etməyə, anlamadığımız şeyləri izah etməyə hazırdırlar. Çox keçmədən hər şey mənə doğmalaşdı. Buradakı müəllimlərin qayğısı və tələbə yoldaşlarımın səmimiyyəti mənə böyük dəstək oldu”.
“Burada insanlar həm öz köklərinə, həm də müasirliyə eyni dərəcədə qiymət verirlər”
Fəridə üçün bu təcrübə yalnız tədris baxımından deyil, həm də insan münasibətləri və dəyərlər baxımından önəmli olub: “Dil, düşüncə tərzi, böyüklərə hörmət, qonaqpərvərlik baxımından iki ölkə arasında oxşarlıq çoxdur, iqlim, mətbəx və bəzi yerli adətlərdə xırda fərqlər də var. Azərbaycanlılar ailə dəyərlərinə çox önəm verirlər. Bu məni çox təsirləndirdi. Burada insanlar həm öz köklərinə, həm də müasirliyə eyni dərəcədə qiymət verirlər. Mən bu dəyərləri öz həyatımda da qorumağa çalışıram. Lənkəranın təbiəti, dəniz, dağlar, çay plantasiyaları çox gözəldir. Burada hava bəzən tutqun olur, şəhərin ab-havası isə sakit və rahatdır. Burada çoxlu yeni dostlar qazandım, daha müstəqil olmağı, mədəni müxtəlifliyi qiymətləndirməyi və ənənələrə hörmətlə yanaşmağı öyrəndim. Həyata daha sadə baxmağı, anların dəyərini bilməyi və dünyagörüşümü genişləndirməyi öyrəndim. Ölkəmə dönüb Azərbaycanda qazandığım bilikləri Qazaxıstanda tətbiq etməyi planlaşdırıram, lakin gələcəkdə ailəmlə birlikdə Azərbaycana səyahət etmə ehtimalını da istisna etmirəm. Eyni şans yenə mənə verilsəydi, yenə buranı seçərdim, burada olmaq, yaşamaq, təhsil almaq, mütləq sınamağa dəyər, möhtəşəm bir təcrübədir”.
Rus, ingilis, türk, bir az da Koreya dillərini bilir, indi isə Azərbaycan dilini öyrənməyə çalışır.
Digər qazaxıstanlı tələbə Səltənət Xamidulla da 2003-cü ildə Atırau şəhərində anadan olub. O, Atırau Universitetində bakalavr təhsilini bitirdikdən sonra elə orada magistratura təhsilini də davam etdirməyə başlayıb. O da hazırda təhsilini mübadilə proqramı çərçivəsində LDU-da davam etdirir. Səltənət ana dili olan qazax dilindən başqa rus, ingilis, türk, bir az da Koreya dillərini bilir, indi isə Azərbaycan dilini öyrənməyə çalışır: “Əslində, bu proqramda iştirak etməyi bir il əvvəl planlaşdırmışdım, lakin o zaman hansı universiteti seçəcəyimə qərar verməmişdim. Bir neçə ay əvvəl LDU-da oxuyan tələbələrimizlə danışdım. Onlar universitet haqqında çox müsbət fikirlər söylədilər və bu, marağımı artırdı. Bu yay isə qəti şəkildə LDU-nu seçəcəyimi dedim. Bura gəlməyimin məqsədi daha çox təcrübə qazanmaq və Azərbaycan haqqında daha çox öyrənməkdir. Məqsədim yalnız təhsil almaq deyildi, həm də başqa bir xalqı, onun mədəniyyətini yaxından tanımaq istəyirdim. Qazaxıstan və Azərbaycan xalqları bir-birinə çox bənzəyir, adət-ənənələr, düşüncə tərzi, ailə dəyərləri eynidir. Burada özümü yad hiss etmirəm. Təhsil sistemlərimiz bir çox cəhətdən bənzəyir, çünki həm Qazaxıstan, həm də Azərbaycan Bolonya prosesinə qoşulub. Amma bəzi fərqlər də var. Məsələn, Qazaxıstanda bir dərs 50 dəqiqə davam edirsə, burada dərslər 90 dəqiqədir və bu, əvvəlcə bizi bir az təəccübləndirdi. Digər fərq isə tələbələrin sayındadır. Qazaxıstandakı magistr proqramında qrupda təxminən 50 tələbə var idi, burada isə cəmi 5 tələbə oxuyur. Bundan başqa, müəllimlərlə tələbələr arasındakı münasibətlər çox istidir və hörmət əsasında qurulub. Müəllimlər yalnız dərs keçmir, həm də fikirlərimizi soruşur və təşəbbüslərimizi dəstəkləyirlər. Bu, burada təhsili daha canlı və motivasiyalı edir. Tələbə yoldaşlarım və müəllimlər mənə çox mehriban və səmimi yanaşırlar. İlk gündən anlayışla və hörmətlə qarşıladılar. Qrup yoldaşlarım hər zaman kömək etməyə hazırdır, anlamadığımız hər şeyi izah edirlər.
Bu yaxınlarda doğum günümü burada qeyd etdim, qrup yoldaşlarım mənə tort gətirmişdilər, bu mənə nə qədər dəyər verildiyinin göstəricisi idi. Müəllimlərimiz çox diqqətlidirlər, inkişafımızı izləyirlər və özümüzü rahat hiss etməyimiz üçün çalışırlar. Xarici tələbə kimi ciddi çətinlik yaşamadım, yalnız əvvəlcə yeni mühitə, dilə və insanların baxışlarına alışmaq bir az çətin idi, amma zamanla öyrəşdim. Qazaxıstan və Azərbaycan, mənim fikrimcə, çox yaxın ölkələrdir. Düşüncə tərzimiz, mədəniyyətimiz, ənənələrimiz və hətta dilimiz bir çox cəhətdən oxşardır. Buradakı insanlar da Qazaxıstandakı kimi qonaqpərvər, mehriban və yardımsevərdir. Amma bəzi fərqlər də var. Məsələn, Lənkəranda iqlim rütubətli və subtropikdir; tez-tez yağış yağır və təbiət çox yaşıldır. Mənim yaşadığım Atırauda isə hava isti, quru və çox vaxt açıq olur. Buradakı həyat tempi bir az fərqlidir, daha sakit və rahatdır. Şəhər isti, səmimi və sakit atmosferə malikdir, insanlar çox mehriban və gülərüzdür. Ümumiyyətlə, mən iki şəhər arasında oxşarlıqların fərqlərdən qat-qat çox olduğunu düşünürəm və ölkələrimiz arasında xüsusi bir qardaşlıq bağı var”.
“Lənkəranda Azərbaycanın əsl mədəniyyətini və dilini daha dərindən hiss edə bilərsən”
Səltənət deyir ki, Lənkəranda qazandığı təcrübə ona həm akademik, həm də şəxsi inkişaf baxımından çox şey öyrədib: “Lənkəranda yaşamaq mənə daha müstəqil olmağı öyrətdi, məni daha açıq fikirli, başqalarına qarşı diqqətli və yeni mədəniyyətləri dərindən anlamağa kömək edən biri etdi. Burada vaxtımı, dərslərimi və gündəlik işlərimi özüm planlaşdırmalıyam. Mədəni baxımdan isə Azərbaycanın ənənələrini və yerli insanların həyat tərzini daha yaxından tanımaq imkanı qazandım. Məsələn, burada deyirlər ki, Bakıda çoxlu xarici var. Amma Lənkəranda Azərbaycanın əsl mədəniyyətini və dilini daha dərindən hiss edə bilərsən. Burada vaxtımı düzgün bölməyi, müstəqil qərarlar verməyi və yeni insanlarla ünsiyyət qurmağı öyrəndim. Azərbaycana gələndən sonra həyatım daha nizamlı və dolğun oldu. Yeni insanlarla daha çox ünsiyyət qurmağa, müxtəlif vərdişləri və ənənələri tanımağa başladım. Bu da baxış bucağımı genişləndirdi. Sadə şeylər belə, məsələn, bazara getmək, alış-veriş etmək, şəhərdə gəzmək və ya yerli insanlarla söhbət etmək mənə Azərbaycan mədəniyyətini və həyat tərzini daha yaxşı anlamağa kömək edir”.
“LDU-da təhsil almağa dəyər”
Təhsilini başa vurduqdan sonra ölkəsinə qayıtmağı düşünən Səltənət artıq harada işləyəcəyini də təxmin edir: “Məzun olandan sonra Qazaxıstana qayıdıb təhsilimi orada davam etdirməyi planlaşdırıram. Təcrübəmi başa vurduqdan sonra diplomumu alacağam. Qazaxıstanda oxuduğum universitetin beynəlxalq şöbəsində işləməyi düşünürəm. Xaricdə qazandığım bu təcrübə mənə vəzifələrimi daha yaxşı yerinə yetirməyə və gələcək peşəkar inkişafımda qazandığım bilik və bacarıqlardan istifadə etməyə kömək edəcək. Mənim fikrimcə, LDU-da təhsil almağa dəyər. Yeni təcrübələr qazanmaq, mədəniyyəti və ənənələri tanımaq, yeni dostlar tapmaq çox gözəldir. Üstəlik, biz türkdilli ölkələrin qardaş xalqları olduğumuz üçün burada dil öyrənmək daha asandır və həyata uyğunlaşmaq da daha rahatdır. Əlbəttə, əvvəlcə bir az alışmaq lazımdır, amma buradakı təcrübə çox faydalı və dəyərlidir”.
O, Lənkəranı belə təsvir edir: “Bura kiçik, amma enerjili bir şəhərdir. Şəhər sakit, insanları mehriban, təbiəti yaşıldır və xüsusi bir ab-havaya malikdir, burada özünü evindəki kimi hiss edirsən”.
Bu iki gənc tələbənin fikirlərindən aydın olur ki, LDU təkcə yerli tələbələr üçün deyil, xarici tələbələr üçün də cəlbedici bir təhsil mühitinə çevrilib. Burada tədris, mədəniyyət və dostluq bir-birinə qarışaraq unudulmaz bir təcrübə yaradır.
Qazaxıstanlı tələbələrin dili ilə desək, Lənkəran “isti iqlimə sahib bir şəhərdən daha çox, isti ürəklərə sahib bir məkan”dır.



