LDU “Məzunların məşğulluq reytinqi”ndə ilk beşlikdə yer alıb
Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” ilə bağlı açıqladığı son məlumata əsasən, ali məktəblər arasında məzunlarının məşğulluğunun orta göstəricilərinə görə Lənkəran Dövlət Universiteti ilk beşlikdə yer alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, agentlik tərəfindən yayımlanan statistikaya görə, LDU məzunlarının 47.5%-i işlə təmin olunub.
Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” ilə bağlı yayımladığı məlumatda deyilir ki, ali məktəblər arasında məzunlarının məşğulluğunun orta göstəricilərinə görə Bakı Ali Neft Məktəbi 67,3 ballıq göstərici ilə ilk pillədə qərarlaşıb. Reytinq cədvəlinə əsasən, ikinci yerdə ADA Universiteti (53,5), üçüncü sırada isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (49,2) qərarlaşıb. İlk beşlikdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Lənkəran Dövlət Universiteti yer alır.
Xatırladaq ki, agentliyin 2025-ci ilin mayında açıqladığı statistikada LDU 8-ci yerdə idi. Lənkəran Dövlət Universitetinin məzunların məşğulluq üzrə reytinqində region universitetləri arasında birinci yerdə qərarlaşması universitetdə son illərdə bu istiqamətdə aparılan çoxşaxəli işlərin əməli nəticəsi kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, sözügedən statistika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatları əsasında hazırlanıb və universitetlər üzrə məşğulluq reytinqində 35 ali təhsil müəssisəsi yer alıb. Məlumat üçün bildiririk ki, agentliyin açıqladığı məlumatda məzunların əmək bazarına çıxışı və işlə təmin olunma səviyyəsi əsas meyar kimi götürülüb. Məlumatlar 2018- 2023-cü illəri əhatə edir.



