Fəlsəfə doktoru dərəcəsini alanların yarıdan çoxu 36-50 yaşlıdır
2026-cı ilin ilk yarısında fəlsəfə doktoru elmi dərəcəsi alan 295 nəfərin 163-ü 36-50 yaş qrupuna aid olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 2026-cı ilin I yarısında fəlsəfə doktoru elmi dərəcəsi verilmiş iddiaçıların yaş qrupları üzrə statistikasını açıqlayıb.
Statistikaya əsasən, hesabat dövründə fəlsəfə doktoru elmi dərəcəsi alanların 91-i 35 yaşadək, 163-ü 36-50 yaşlı, 41-i isə 50 yaşdan yuxarı olub. Beləliklə, elmi dərəcə alanların yarıdan çoxunu orta yaş qrupuna aid iddiaçılar təşkil edib.
35 yaşadək iddiaçılar arasında ən yüksək göstərici iqtisad elmlərində qeydə alınıb. Bu sahədə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. Sonrakı yerlərdə filologiya (hər biri 14 nəfər), biologiya, texnika elmləri və kimya (hər biri 8 nəfər), pedaqogika (7 nəfər) və fizika (6 nəfər) qərarlaşıb.
36-50 yaş qrupunda ən çox elmi dərəcə filologiya elmləri üzrə verilib. Bu sahədə 43 nəfər fəlsəfə doktoru olub. İqtisad elmlərində 25, tibb elmlərində 16, texnika elmlərində 14, biologiya elmlərində 13, pedaqogikada isə 10 nəfər elmi dərəcə alıb.
50 yaşdan yuxarı iddiaçılar arasında isə ən yüksək göstərici texnika elmlərində qeydə alınıb. Bu sahədə 9 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Pedaqogika üzrə 7, aqrar və tibb elmlərinin hər birində 4, filologiya elmlərində 4, iqtisad elmlərində isə 3 nəfər bu elmi dərəcəyə layiq görülüb.
Məlumatdan görünür ki, bəzi elm sahələrində müəyyən yaş qruplarında fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb. Belə ki, astronomiya, psixologiya, fizika və kimya üzrə 50 yaşdan yuxarı, astronomiya, yer elmləri və coğrafiya üzrə isə 35 yaşadək iddiaçı qeydə alınmayıb.




