Akademik: Süni intellekt riyaziyyat elminin prioritetlərinə yenidən baxmağı zəruri edir

11 Sentyabr, 2026 - 15:55
Akademik: Süni intellekt riyaziyyat elminin prioritetlərinə yenidən baxmağı zəruri edir

Bu gün süni intellekt sahəsində biliklərə dərindən yiyələnmək üçün ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, ali cəbr və digər riyazi metodların mənimsənilməsi məsələləri böyük aktuallıq kəsb edir. Bu baxımdan elm və təhsil müəssisələrinin, eləcə də müvafiq dövlət qurumlarının iştirakı ilə süni intellektə, riyaziyyata dair biliklərin tədrisi və müvafiq sahələrdə yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı dəyirmi masaların keçirilməsi, elmi müzakirələrin aparılması böyük önəm kəsb edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib. Akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının qlobal inkişafın əsas lokomotivlərindən birinə çevrildiyini, rəqəmsallaşma sahəsində dünyada inqilabi proseslərin getdiyini deyib. Ölkəmizdə bu sahə ilə bağlı ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini, Prezident İlham Əliyev tərəfindən mühüm dövlət proqramları, strategiyalar və digər normativ-hüquqi sənədlərin qəbul edildiyini diqqətə çatdırıb.

Alim dövlət başçısının müvafiq Fərmanına əsasən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Şuranın yaradılmasında əsas məqsəd ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt əsaslı yeni arxitektur tələblərə uyğun rəqəmsal dövlət infrastrukturunun formalaşdırılması və cəmiyyətin bütün sektorları üzrə harmonik inkişafın təmin olunmasıdır.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, ölkədə rəqəmsal inkişaf sahəsində aparılan dövlət siyasətinin əsas hədəflərindən biri də elmi cəhətdən əsaslandırılmış milli data ekosisteminin formalaşdırılmasıdır. Akademik data suverenliyinin təmin olunmasının dövrümüzün ən mühüm çağırışlarından biri olduğunu qeyd edərək, səhiyyə, iqtisadiyyat, nəqliyyat və s. kimi müxtəlif fəaliyyət sahələrində toplanan məlumatların vahid prinsiplər və tələblər əsasında idarə olunması və müvafiq data ekosisteminin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müasir dövrdə riyaziyyatın yalnız fundamental elm sahəsi kimi deyil, həm də süni intellekt, informasiya texnologiyaları, iqtisadiyyat, mühəndislik və digər sahələrdə əsas metodoloji baza kimi çıxış etdiyini vurğulayan alim maşın təlimi, dərin təlim, qeyri-səlis riyaziyyat, xətti cəbr, kriptoqrafiya və s. kimi sahələrin riyazi əsaslara söykəndiyini qeyd edib. Alim əlavə edib ki, riyazi metod və yanaşmaların süni intellekt sahəsində geniş tətbiqi milli süni intellekt modellərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

O, son zamanlar Elm və Təhsil Nazirliyi tərəfindən müasir çağırışlara və ölkənin strateji maraqlarına adekvat kompleks tədbirlərin həyata keçirildiyini, ali məktəblərdə yeni kafedraların yaradıldığını, müvafiq ixtisasların açıldığını bildirib: “Bununla yanaşı, hazırda ölkəmizdə süni intellekt sahəsində yüksəkixtisaslı kadr hazırlığına daha sistemli yanaşmanın formalaşdırılmasına, riyaziyyatın süni intellektlə bağlı prioritetlərinin müəyyənləşdirilməsinə ciddi ehtiyac var”.

Alim Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayaraq elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb. Bildirib ki, ali təhsil müəssisələrində “Süni intellektin riyazi əsasları” adlı yeni fənnin tədrisi, kompüter elmləri və riyaziyyat sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin birgə fəaliyyətinin təmin edilməsi və bu istiqamətdə koordinasiyanın gücləndirilməsi məqsədəuyğundur.

“XXI əsrin tələbləri, qlobal çağırışlar, eləcə də ölkəmizdə süni intellektlə bağlı həyata keçirilən daxili və xarici siyasət bu istiqamətdə beynəlxalq təcrübənin daha dərindən öyrənilməsini, elmi potensialın səfərbər olunmasını zəruri edir”, – deyən akademik Azərbaycanın texnoloji və rəqəmsal suverenliyinin təmin olunması istiqamətində alimlərin, xüsusilə riyaziyyatçıların mühüm rola malik olduqlarını qeyd edib.