Fəlsəfə doktoru imtahanı üzrə qeydiyyat başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyən iddiaçıların qeydiyyatını elan edib.
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, qeydiyyat noyabrın 8-dək davam edəcək. Belə ki, qeydiyyat xarici dil üzrə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını əhatə edir.
İmtahanlarda ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktorantura və dissertanturada, eləcə də hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini başa vurmuş iddiaçılar iştirak edə bilərlər.
İddiaçılar DİM-in internet səhifəsində “Şəxsi kabinet” yaratmalı (https://eservices.dim.gov.az/erizedok/erize) qeydiyyatdan keçməlidirlər.
İmtahanlarda iştirak haqqı 110 manat təşkil edir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili üzrə imtahan vermək istədikdə hər imtahan üçün ayrıca 110 manat ödəməlidirlər.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının noyabrın 22-də, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə imtahanın noyabrın 23-də, danışıq bloku üzrə imtahanın isə noyabrın 26-da keçirilməsi planlaşdırılır.
İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olacaq.
Xarici dil üzrə imtahandan ən azı 30, əcnəbilər üçün Azərbaycan dili üzrə imtahandan isə ən azı 25 bal toplayan iddiaçılara müvafiq şəhadətnamə veriləcək. İmtahan nəticələri verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.
Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün məcburi şərtdir. İmtahanlar elektron formada, kompüter vasitəsilə keçiriləcək.




