Filippində məktəbdə atışma: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

22 İyun, 2026 - 10:17
Filippində məktəbdə atışma: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Filippinin mərkəzi hissəsində yerləşən bir məktəbdə baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Azərbaycan müəllimi" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə Leyte vilayətinin Takloban şəhərindəki San Xose Milli Liseyində yerli vaxtla saat 09:00 radələrində baş verib.

Polisin məlumatına görə, silahlı hücumu həyata keçirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan biri azyaşlı IX sinif şagirdidir, digəri isə hadisədən sonra könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

Takloban şəhər polisinin rəisi Noelito Getiqan bildirib ki, hücum zamanı 38 kalibrli revolver və 9 millimetrlik tapançadan istifadə edilib.

Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Məktəbdə şagirdlərin, müəllimlərin, valideynlərin və ətraf ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə polis qüvvələri yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır. Polis ictimaiyyəti təsdiqlənməmiş məlumatları yaymamağa və istintaqla əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, Filippində məktəblərdə silahlı hücumlar nadir hallarda baş verir. 2022-ci ildə Manila Ateneo Universitetinin hüquq fakültəsinin məzuniyyət mərasimində baş vermiş silahlı hücum nəticəsində üç nəfər həlak olmuşdu.