Fin təhsil sistemində süni intellekt savadlılığı yeni mərhələyə keçir
Finlandiyada məktəblərdə media savadlılığı üzrə uzun illərdir ki, tətbiq edilən tədris proqramı yeni mərhələyə keçib.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin təhsil müəssisələrində artıq süni intellekt savadlılığı da dərs prosesinə daxil edilib.
Bu yanaşmanın əsas məqsədi şagirdlərə süni intellekt vasitəsilə yaradılan saxta məzmunu – foto, video və mətnləri tanımaq və məlumatların etibarlılığını qiymətləndirmək bacarığı qazandırmaqdır.
Fin təhsil sistemində media savadlılığı məktəbəqədər təhsil mərhələsindən başlayaraq öyrədilir. Uşaqlar erkən yaşlardan müxtəlif media mənbələri ilə işləməyi, xəbərləri müqayisə etməyi və təqdim olunan məlumatın nə dərəcədə etibarlı olduğunu dəyərləndirməyi öyrənirlər. Bu bacarıqlar yaş səviyyəsinə uyğun formada tədricən inkişaf etdirilir.
Yeni mərhələdə müəllimlər bu bilikləri süni intellekt mövzuları ilə genişləndirirlər. Dərslər zamanı şagirdlərə süni intellektlə yaradılmış şəkil və videoların xüsusiyyətləri izah olunur, real məzmunla saxta materiallar arasındakı fərqlər göstərilir. Şagirdlər praktik tapşırıqlar vasitəsilə mənbənin etibarlılığını yoxlamaq, vizual detallara diqqət yetirmək və məzmunun necə yaradıldığını anlamaq bacarığı əldə edirlər.
Məktəblərdə keçirilən bu dərslər, əsasən, tənqidi düşünmə, rəqəmsal təhlükəsizlik və informasiya mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Müəllimlər bildirirlər ki, şagirdlər illərdir saxta xəbərlərin müəyyənləşdirilməsi üzrə ilkin biliklərə malik olduqları üçün süni intellekt mövzusunu daha asan mənimsəyirlər.
Finlandiyada media qurumları da təhsil prosesinə dəstək göstərir. Ölkədə hər il “Qəzet həftəsi” təşkil olunur, bu çərçivədə məktəblərə çap və onlayn media nümunələri təqdim edilir. Bundan əlavə, yuxarı sinif şagirdləri üçün media savadlılığına dair xüsusi vəsaitlər hazırlanaraq paylanılır. Bu materiallar şagirdlərin real informasiya ilə manipulyativ məzmun arasındakı fərqi daha yaxşı anlamasına kömək edir.
Mütəxəssislərin fikrincə, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda bu sahədə savadlılıq müasir təhsilin ayrılmaz hissəsinə çevrilir.


