Finalda ilk raundu uduzdu, amma çempion oldu

23 İyun, 2026 - 09:14
Finalda ilk raundu uduzdu, amma çempion oldu

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən taekvondo yarışlarında uğur qazanan idmançılar arasında Masallı təmsilçisi Zəhra Hüseynova da yer alıb. 37 kq çəki dərəcəsində mübarizə aparan 2012-ci il təvəllüdlü məktəbli idmançı  yarışın qalibi olaraq qızıl medal qazanıb.

"Azərbaycan müəllimi" 14 yaşlı taekvondoçu ilə söhbətləşərək onun uğura aparan yoluna, gələcək hədəflərinə və idmana baxışına nəzər salıb.

– Zəhra, qələbəniz münasibətilə sizi təbrik edirik. Bu uğur sizin üçün nə ifadə edir?

– Təşəkkür edirəm. Bu qələbə mənim çəkdiyim bütün əziyyətin bəhrəsini ifadə edir. Uzun müddət məşqlərdə göstərdiyim səylərin nəticəsini görmək çox sevindiricidir.

– Yarışa hazırlıq prosesiniz necə keçdi?

– Hazırlıq dövründə həm fiziki, həm döyüş, həm də taktiki-texniki məşqlər edirdik. Çətinliklər olurdu, amma nə qədər çətin olsa da, onların öhdəsindən gəlməyə çalışırdım və buna nail olurdum.

– Yarış zamanı sizin üçün ən yaddaqalan və ya ən çətin an hansı oldu?

– Mənim üçün ən çətin məqam final döyüşündə ilk raundu uduzmağım oldu. Amma sonradan özümü toparlayaraq mübarizəni davam etdirdim.

– Taekvondoya marağınız necə yaranıb?

– Mənim ümumiyyətlə, bütün idman növlərinə marağım var. Ancaq məşqlərə başladığım dövrdə qızlar üçün özümə ən uyğun hesab etdiyim idman növünü seçdim və taekvondo ilə məşğul olmağa qərar verdim.

– Bu uğurunuzda kimlərin xüsusi rolu olub?

– Məşqçilərim Ədalət Ağayev və Sadiq Ağayev müəllimlərin, eləcə də atamın dəstəyi mənim üçün çox böyük rol oynayıb. Onların mənə inamı və köməyi hər zaman motivasiya verib.

– Yarışa çıxarkən qalib gələcəyinizə inanırdınızmı?

– Bəli, özümə inanırdım. Düşünürəm ki, özünəinamlı olmaq üçün insan stresdən və yorğunluqdan uzaq olmalıdır. Həm psixi, həm də fiziki cəhətdən sağlam olmaq çox vacibdir.

– Qarşınıza hansı məqsədləri qoymusunuz?

– Hələlik əsas məqsədim Avropa Oyunlarında iştirak etmək və yaxşı nəticə əldə etməkdir. İnşallah gələcəkdə bu hədəflər Dünya çempionatı və Olimpiya Oyunlarına qədər uzanar.

– Yaşıdlarınıza nə tövsiyə edərdiniz?

– Düşünürəm ki, idman hər kəs üçün uyğun olmaya bilər. Amma kiminsə idmanla bağlı xəyalları və məqsədləri varsa, ona mütləq bu yolla getməyi tövsiyə edərdim. İnsan sevdiyi işlə məşğul olduqda daha böyük uğurlar qazana bilir.

Gənc taekvondoçunun məqsədləri kifayət qədər aydın və böyükdür. Respublika çempionluğundan Avropa arenalarına, oradan isə dünya və Olimpiya hədəflərinə uzanan bu yolun Zəhra Hüseynova üçün yeni uğurlarla yadda qalacağına inanırıq.