Firudin Qurbanov: Ana dilin əcnəbi sözlərlə zənginləşdirilməsi etnik şüuru dəyişdirir 

25 May, 2026 - 11:00
Firudin Qurbanov: Ana dilin əcnəbi sözlərlə zənginləşdirilməsi etnik şüuru dəyişdirir 

“Əsas dilin unudulması və onun əcnəbi dillərdən alınmış sözlərlə zənginləşdirilməsi etnik şüurun əsasını dəyişdirir və xalqı kozmopolitizmə yaxınlaşdırır, ana dilinin milli kimliyini zədələyir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin Firudin Qurbanov ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib. 

Nazir müavini bildirib ki, dil dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik məsələsi kimi xüsusi əhəmiyyətə malikdir: “Dil milli kimliyin və xalqın əsas göstəricisidir. Düşünürəm ki, 21 fevral 1999-cu ildə UNESCO-nun Baş Konfransı təsadüfən Beynəlxalq Ana Dili Günü kimi təsdiqlənməyib. Bu, çox güman ki, qlobal miqyasda dil müxtəlifliyini və zənginliyini qorumağa yönəlmiş bir cəhdidir. UNESCO-nun ekspertlərinin araşdırmalarına görə, qloballaşmanın təsiri ilə dünyanın təxminən 6 mindən çox dilin yarısı yaxın gələcəkdə yox ola bilər. Son dövrlərdə 200 dil yox olub”.

Firudin Qurbanov qeyd edib ki, qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qalıb: “Prezident İlham Əliyevin dilə münasibətində əsas ideya bundan ibarətdir ki, dil milli dövlətçiliyin fundamental atributlarından biridir. Bu konseptual yanaşma dövlət başçısının aydın ifadəsində göstərilir: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə.”

Cənab Prezident də çıxışlarında dilin istifadə baxımından pozulmasını yalnız linqvistik problem kimi deyil, milli kimliyin tədricən zəifləməsinə gətirib çıxaran strateji təhlükə kimi qiymətləndirir”,– deyə o qeyd edib.