Firudin Qurbanov: Müstəqilliyimizi qoruyub saxlamaq gənclərdən asılıdır

8 May, 2026 - 11:18
Firudin Qurbanov: Müstəqilliyimizi qoruyub saxlamaq gənclərdən asılıdır

“Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, müstəqilliyi əldə etmək çətin məsələdir, onu qoruyub saxlamaq isə ondan da çətindir. İndi isə bu müstəqilliyi qoruyub saxlamaq gənclərdən asılıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” Gənclər Forumunda səsləndirib. 

Nazir müavini bildirib ki, müasir çağırışlar və texnoloji inqilab dövründə müstəqilliyi qoruyub saxlamaq daha böyük məsuliyyət tələb edir.

Firudin Qurbanov qeyd edib ki, tarixdə adı müstəqil dövlətçiliyin rəmzinə çevrilən çox az sayda dövlət başçısı var. Heydər Əliyev bunlardan biri idi: “O, çox böyük fitri istedada və ən yüksək vətənpərvərlik hisslərinə malik insan idi. Onun istedadlarından biri də sosial istedadı idi. Bu nə deməkdir? İnsan çağırış edir, hamı onu izləyir və onun çağırışına dəstək verir”.

1996-cı ildə keçirilən ilk Gənclər Forumundan bəhs edən nazir müavini həmin forumda Heydər Əliyevin gənclərə olan xüsusi qayğısından da bəhs edib: “Mən xoşbəxt insanam ki, məhz 1996-cı ildə keçirilən I Gənclər Forumunda iştirak etmişəm. Heydər Əliyev düz iki gün gənclərlə birlikdə idi. O zaman bildirdi ki, əvvəlcə gənclər çıxış etsinlər, rəsmilər də onların problemlərini dinləsinlər. Sonda isə özü çıxış edərək məmurlara gənclərlə bağlı tapşırıqlarını verdi. Onun çıxışı gənclərə çox böyük dəstək verdi”.

Firudin Qurbanovun sözlərinə görə, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi bünövrəsi formalaşdı və ölkəmiz inkişaf etməyə başladı: “Heydər Əliyevin siyasi irsini bu gün də öyrənməyə davam edirik. Ən əsası isə Heydər Əliyevin dövləti idarə etmək məharəti, dünya çağırışlarına uyğun düzgün siyasət formalaşdırmasıdır. Onun siyasi uzaqgörənliyi olmasaydı, ölkəmizin bugünkü inkişaf səviyyəsinə çatması mümkün olmazdı.

Ümummilli Lider yüzlərlə, minlərlə gəncin xaricdə təhsil alması, müxtəlif beynəlxalq yarışlarda iştirakı üçün şərait yaradır, bu istiqamətdə böyük büdcələr ayırırdı”.

Nazir müavini Heydər Əliyevin gənclərin müasir dünyada öz mövqelərini seçməli olduğu ilə bağlı tövsiyəsini xatırladaraq qeyd edib ki, gənclər həyatda öz yerlərini tapmalı, mövqelərini müəyyən etməlidirlər: 

“Hər bir azərbaycanlı bilməlidir ki, ölkəmizi inkişaf etdirmək, onun modernləşdirilməsini həyata keçirmək bizim üzərimizə düşən əsas vəzifədir.

Bilik, bacarıq, komanda ilə işləmək qabiliyyəti və yaradıcı yanaşma çox vacibdir. Yalnız yaradıcı gənclər ölkənin inkişafını təmin edə bilərlər”.