Firudin Qurbanov: Sosial şəbəkələrdən düzgün istifadə son dərəcə vacibdir
“Bu gün internetin və sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Təəssüf ki, bəzən uşaqlar zərərli kontentlərlə qarşılaşır və bu onların inkişafına mənfi təsir göstərə bilir. Bu məsələ bütün dünyanı narahat edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.
Nazir müavininin sözlərinə görə, bir çox ölkələr artıq sosial şəbəkələrin istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq etməyə başlayıb:
“Lakin internetin çox böyük müsbət imkanları da var. Siz istənilən məlumatı əldə edə, biliklərinizi artıra bilərsiniz. Bəzən şagirdlər müəyyən sahələr üzrə müəllimlərdən belə daha çox məlumat əldə edə bilirlər. Buna görə də sosial şəbəkələrdən və rəqəmsal resurslardan düzgün və məqsədyönlü istifadə etmək son dərəcə vacibdir”.



