“Fizika çətin deyil, sadəcə düzgün təqdim edilmir” — Peşəkar müəllim təcrübəsini paylaşır
Müəllimlik cəmiyyətin ən məsuliyyətli peşələrindən biridir. Xüsusilə texniki fənləri tədris edən müəllimlər üçün bu məsuliyyət daha böyükdür. Çünki fizika kimi fənlər çox zaman şagirdlər tərəfindən çətin, mürəkkəb və bəzən də darıxdırıcı kimi qəbul olunur. Halbuki düzgün yanaşma ilə fizika yalnız düsturlar toplusu deyil, həyatın özünü izah edən bir elmə çevrilir.
“Azərbaycan müəllimi”nin müsahibi – Səkinə Musayeva bu baxışın daşıyıcılarından biri, fizikanı şagirdlərə sevdirən müəllimlərdəndir.
2019-cu ildə müəllimlərin işə qəbulu imtahanında uğur qazanan Səkinə müəllim Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat-informatika təmayüllü məktəbdə fəaliyyətə başlayıb. Hazırda isə Gəncədə 32 nömrəli tam orta məktəbdə müəllim kimi çalışır. O, fəaliyyət göstərdiyi illər ərzində daim öz üzərində işləyərək həm dərs metodikasını, həm də şagirdlərlə ünsiyyətini inkişaf etdirib: “İşlədiyim illər boyunca, nümunəvi dərslər keçirmişəm. “Cerebry” qiymətləndirilmə layihəsində şagirdlərə dəstək olmuşam. 2025-ci ildə müəllimlərin sertifikasiyası mərhələsində uğur qazanmışam”.
“Sağlam fizika mühiti yaratmaq üçün sadəcə dərs keçmək lazım deyil”
Müəllimlik fəaliyyətində hər bir pedaqoqun yaddaşında iz qoyan xüsusi anlar olur. Səkinə müəllimin də belə bir xatirəsi var: “Bir gün dərsdə sadə bir mövzunu izah edirdim. Sinifdə həmişə sakitliyi ilə seçilən bir şagird var idi. Həmin gün gündəlik həyatdan götürülmüş çox sadə bir nümunə üzərində kiçik bir təcrübə apardıq. Dərsin ortasında gözlənilmədən o şagird əl qaldırdı və dedi: Müəllim, deməli, bu hadisə evdə gördüyümüz şeylə eynidir? Onun gözlərində yaranan maraq və “mən başa düşdüm” sevincini görmək mənim üçün unudulmaz an idi”.
Bu kiçik görünən hadisə müəllim üçün böyük bir nəticə idi: “Bəlkə də bu kənardan çox kiçik bir an kimi görünə bilər, amma mənim üçün böyük uğur idi və o zaman anladım ki, sağlam fizika mühiti yaratmaq üçün sadəcə dərs keçmək lazım deyil. Bu, şagirdə özünü güvənli hiss etdirmək, ona “sən bacara bilərsən” deməkdir”.
Mövcud çətinliklər və çağırışlar
Bununla belə, müəllim fəaliyyətində qarşılaşdığı çətinlikləri də açıq şəkildə ifadə edir. Xüsusilə texniki fənlərin tədrisində maddi-texniki baza məsələsi aktual olaraq qalır: “Fizika mürəkkəb fənn olduğu üçün avadanlıqlar, laboratoriya otaqları, ləvazimatlar, cihazlar lazımdır, amma müəyyən çatışmazlıqlar var. İstərdim ki, buna diqqət yetirilsin”.
Müasir dövrdə müəllimlərin üzərinə düşən yeni məsuliyyətlərdən biri də texnologiyaya uyğunlaşmaqdır. Səkinə müəllim bu məsələyə müsbət yanaşır: “Süni intellekt və rəqəmsal texnologiyaların müsbət rolu var, çünki müasir müəllim bu tələblərə uyğunlaşmalıdır”.
“İnanıram ki, hər bir müəllim şagirdlərinin qəlbində bir işıq yandıra bilər”
Səkinə müəllim üçün fizika yalnız dərs proqramı deyil, həyatın özüdür. Onun fikrincə, fizikanın çətin və darıxdırıcı kimi qəbul olunmasının əsas səbəbi onun düzgün təqdim edilməməsidir: “Fizika çoxları üçün çətin və darıxdırıcı görünə bilər. Fizika sadəcə düsturlardan ibarət deyil, ətrafımızda baş verən hər şeyin izahıdır”.
Bu səbəbdən dərslərində fərqli metodlardan istifadə edir: “Dərsləri daha maraqlı etmək üçün müxtəlif təcrübələrdən, kiçik oyunlardan və gündəlik həyatdan nümunələrdən istifadə edirəm, çünki fizika sadəcə kitabda deyil, o bütün ətrafımızdakı danışıqda, səsdə, hərəkətdədir”.
O, fizikanı şagirdlər üçün çətin bir fənn olmaq çərçivəsindən çıxarıb maraqlı və həyatla bağlı bir sahəyə çevirməyə çalışır. Səkinə müəllimin sözləri ilə desək: “İnanıram ki, hər bir müəllim şagirdlərinin qəlbində bir işıq yandıra bilər”.



