Fiziki qüsurlu uşaqlarla iş – Peşəkar hazırlıq və müasir yanaşmalar
Uşaqlarda bəzi fiziki qüsurların olması tibb sahəsinin tədqiqat obyekti olmaqla bərabər təhsil sahəsində də ən aktual məsələlər sırasındadır. Tədqiqatçı elm adamlarının fikrincə, bunun səbəblərinin araşdırılıb ortadan qaldırılmasının mümkünlüyü ümidvericidir. Bu gün respublikamızda həmin uşaqların sağlam uşaqlarla birgə təhsil alması, onların cəmiyyətə adaptasiyası üçün xüsusi məktəblər, reabilitasiya mərkəzləri fəaliyyət göstərməkdədir. Həmin məktəblərdə fiziki qüsurlu uşaqların təlim-tərbiyəsi ilə xeyli sayda pedaqoq, loqoped və defektoloqlar məşğul olmaqdadır.
Onların arasında ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Ailə və ev təhsili” ixtisasından məzun olmuş tələbələr də var. Bu ixtisas artıq uzun illərdir fəaliyyət göstərir. Bizim vəzifəmiz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək üçün mütəxəssis hazırlamaqdır. Bu mütəxəssislərin hazırlanması çoxşaxəli və məsuliyyətli bir prosesdir. Bu prosesdə həm nəzəri, həm də praktiki biliklərin uyğun balansda verilməsi mühüm əhəmiyyət kəsb edir. Məzunlarımız həm müxtəlif mərkəzlərdə, həm də ev şəraitində fiziki qüsurlu uşaqların təhsil hüququnu təmin etmək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq kimi vəzifələri daşıyırlar. İxtisas eyni zamanda tələbələrə fərdi təlim metodları, psixopedaqoji yanaşmalar və xüsusi qayğı tələb edən uşaqlarla işləmək üçün zəruri etik və insani dəyərləri aşılayır. Bu sahənin mütəxəssisləri yalnız peşəkar deyil, eyni zamanda empatik, yaradıcı və pedaqoji baxımdan hazırlıqlı olmalı, uşaqların potensialını üzə çıxarmaq qabiliyyəti daşımalıdırlar.
Tədqiqatlar göstərir ki, fiziki qüsurlu uşaqların inkişafında individuallaşdırılmış tədris metodları, müasir texnologiyaların tətbiqi və psixoloji dəstək həlledici rol oynayır. Məqsəd cəmiyyətin sosial ədalət prinsipinə uyğun olaraq inklüziv təhsili təşviq etmək və bu sahəni keyfiyyətli mütəxəssislərlə təmin etmək, fiziki qüsurlu uşaqların ev şəraitində keyfiyyətli və bərabərhüquqlu təhsil almasını təmin edən, insan hüquqları və pedaqoji etika prinsiplərinə əsaslanan, qabaqcıl və nümunəvi bir təhsil modeli formalaşdırmaqdır. Bu gün kollecimizdə artıq bu təhsil modelinə uyğun olaraq tələbələrin zəruri vərdişlərə və bacarıqlara yiyələnmələri üçün hər cür şərait mövcuddur. Üçillik təhsil dövründə onlara lazımi nəzəri biliklər və bacarıqlar mənimsədilir. Sonuncu kursda tələbələr məktəb və məktəbəqədər təhsil müəssisələrində təcrübə keçərək praktik vərdişlərə yiyələnirlər. Bu səriştələrin və bacarıqların aşılanması üçün kollecdə çoxsaylı pedaqoji heyət çalışır. Onlar arasında uzun illik təcrübəyə malik psixoloqlar, müəllim və köməkçi heyət fəaliyyət göstərir. Tədris ili ərzində uyğun profilli müəssisələrdən püxtələşmiş mütəxəssislər kollecə dəvət olunaraq tələbələrlə görüşləri təşkil olunur, faydalı tövsiyələri dinlənilir.
Eyni zamanda, beynəlxalq təşkilatların - xüsusilə UNESCO və UNICEF-in bu sahədəki tövsiyələri də inklüziv təhsilin qurulmasına və kadr hazırlığına mühüm təsir göstərir. Təcrübə dövründə tələbələr xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bilavasitə təmasda olur və onların yaxın dostlarına çevrilirlər. Belə uşaqlar daha çox cəmiyyət içərisində olmalı, evə qapadılmamalıdırlar. Eyni zamanda onlarla fərdi surətdə də təmasda olan pedaqoq olmalıdır. Təbii ki, həmin pedaqoq və ya tərbiyəçinin şəxsi keyfiyyəti, bilik və bacarığı da burada böyük əhəmiyyət kəsb edir. Azərbaycan Dövlət Pedaqoji Kollecinin bu ixtisasdan məzun olmuş tələbələri hər zaman etimadımızı doğruldublar. Təcrübədə olduqları müddətdə pedaqoji məharətlərinə görə fərqlənən tələbələrimizin bir hissəsi həmin mərkəzlərdə işlə təmin olunublar. Bir çox hallarda isə valideynlərin istəyi ilə ev şəraitində bu uşaqlarla fərdi məşğuliyyətə cəlb olunublar. Bu gün müəllimlərin davamlı təlimlərə cəlb olunması və təcrübə mübadiləsinin təşviqi bu sahədə keyfiyyətin yüksəldilməsinə yardımçı ola bilir. Müasir texnologiyaların tədrisə inteqrasiyası, (məsələn, alternativ kommunikasiya vasitələri) müəllimlərin sosial-emosional hazırlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi qarşıda duran əsas məqsədlərimizdəndir. Kompleks və sistemli yanaşma ilə fiziki qüsurlu uşaqların inkişafında və onların cəmiyyətə inteqrasiyasında real nəticələr əldə etmək mümkündür. Bu gün hədəfimiz məhz bundan ibarətdir.
İradə Babayeva,
ADPU-nun nəzdində ADPK-nın “Ailə və ev təhsili” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru



