Fuad Qarayev: Azərbaycan məktəbliləri beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər
“Son 2 ildə Azərbaycan məktəbliləri ABŞ-də keçirilən beynəlxalq layihə müsabiqəsində uğurla çıxış edirlər. 100-dən çox ölkədən 2 mindən çox layihənin təqdim olunduğu həmin müsabiqədə Azərbaycan məktəbliləri uğur qazanır və Azərbaycan bayrağını orada dalğalandırırlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, bu tip müsabiqələr uşaqlarda elmə marağı artırır: “Belə müsabiqələr ümumi təhsil pilləsi ilə ali təhsil pilləsi arasında körpü yaradır. Şagirdlər məktəbli yaşlarından alimlərlə, professorlarla görüşərək müxtəlif məsələləri müzakirə etmək imkanı əldə edirlər. Bu cür platformalar bilik və bacarığı, çalışqanlığı ilə seçilən şagirdlərin özlərini göstərməsi və təqdim etməsi üçün geniş imkan yaradır”.
Direktor müavini qeyd edib ki, cari ildə şagirdlər 9 müxtəlif istiqamət üzrə — robototexnika və süni intellekt, ətraf mühitin mühafizəsi, tibb və sağlamlıq, mühəndislik, fizika, riyaziyyat, astronomiya, kimya, biologiya kimi sahələr üzrə öz layihələrini təqdim edirlər.



